Moskvadan Bakı və İrəvana çağırış: Təmkinli olun!
- Siyasət
- 10.04.2024
- 31
- 3 minutes read
Biz regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsini və region ölkələri ilə qonşuları arasında nifaq salmaq istəyini pisləyirik.
YeniZamantv.az xəbər verir ki, bunu aprelin 10-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əminik ki, istənilən problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” regional məşvərət platformasının ikinci iclası zamanı razılaşdırılmış regional məsuliyyət prinsipinə uyğun olaraq kompromis axtarışı ilə konstruktiv şəkildə həll edilməlidir”.
Zaxarova bildirib ki, indiki vəziyyətdə Qərbin rolu tamamilə dağıdıcıdır:
“Çünki bunun əksini göstərən nümunələr, onların quruculuq rolunun nümunəsi yoxdur”.
Rusiya XİN-in rəsmisi deyib ki, Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməlidir.
“Biz tərəfləri maksimum təmkin nümayiş etdirməyə və döyüşkən ritorikanın intensivliyini azaltmağa çağırırıq. Cənubi Qafqazda davamlı sülh və firavanlığa nail olmaq üçün bütün lazımi mexanizmlər mövcuddur. İlk növbədə, söhbət Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-22-ci illərdə bağlanmış üçtərəfli sazişlər toplusundan gedir. Biz tərəfdaşlarımızı öz effektivliyini sübut etmiş formatlarda qurulmuş əməkdaşlığı bərpa etməyə şiddətlə çağırırıq. Biz öz tərəfimizdən qarşılıqlı məqbul həll yollarının tapılmasında, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı Bakıya və İrəvana lazımi əməli yardımı göstərməyə həmişə hazırıq. Eyni zamanda, biz Qərbin təhlükəli rolu barədə xəbərdarlıq edirik ki, o, hazırda regionda vəziyyəti gərginləşdirmək üçün çirkin oyuna başlayır”, – Zaxarova bildirib. /modern.az/