Ermənistan 4 tərəfdən “mühasirəyə” alınır – Kritik proses
Rusiyalı politoloq Sergey Markedonov İranın “Türk tandemi”nin güclənməsindən qorxduğunu bildirib. O, İrəvanın Qərbə açıq olmasının İrana heç bir fayda vermədiyini vurğulayıb.
Ermənistanın Qərbə meyil etməsinin region üçün nəticəsi nə olacaq?
YeniZamantv.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən politoloq Elşad Həsənov deyib ki, özünü islam dininin “yiyəsi” hesab edən İran hakimiyyəti məscidlərdə donuz saxlayan erməniləri dəstəkləyir:
“Aprelin 5-də ABŞ-Aİ-Ermənistan görüşünə rəsmi Tehran sakitlik nümayiş etdirdi. Lakin İsrail-İran münaqişəsindən sonra İran XİN Ermənistana Qərb dövlətlərinin regiona yerləşməsinin yolverilməz olduğunu bildirdi”.
E.Həsənov qeyd edib ki, Ermənistan Qərbin dəstəyinə arxalandığı üçün Rusiyadan qopmağa çalışır:
“İrəvan bir il dörd aydır, KTMT tədbirlərində yer almır. Erməni rəsmiləri Fransanın tam dəstəyini almağı ümid edir, ABŞ-ın da kömək göstərəcəyini düşünür. Lakin Rusiya İrəvandan asanlıqla çıxmayacaq”.
Politoloq Ermənistanın silahlanmasının Rusiya, Türkiyə, İran və Azərbaycan üçün narahatedici amil olduğunu bildirib:
“Buna görə də Azərbaycan öz siyasətini davam etdirir, ordunu gücləndirir. Türk Dövlətlər Təşkilatı ciddi birliyə çevrilib. Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etdi ki, bizim bir ailəmiz var, o da türk ailəsi. Biz bundan çıxış edərək öz siyasətimizi qurmalıyıq”.
Safura Bənnayeva
Globalinfo.az