22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Türk dünyasını birləşdirən layihə: Zəngəzur dəhlizi bu il açılacaq?

 Türk dünyasını birləşdirən layihə: Zəngəzur dəhlizi bu il açılacaq?

İkinci Qarabağ müharibəsinin başa çatmasından 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Ancaq layihə aktuallığını qoruyub saxlayır.

Bir müddət əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

ABŞ Kəşfiyyatının bu yaxınlarda açıqlanan hesabatında isə dəhliz uğrunda toqquşma ola biləcəyi barədə xəbərdarlıq qeyd edilib.

YeniZamantv.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyindən boyun qaçırır:

“Çox təəssüf olsun ki, Ermənistan üzərinə düşən öhdəliklərdən boyun qaçırır və müxtəlif bəhanələr gətirir. Separatçıların, qanunsuz silahlıların Qarabağdan çıxarılması da üçtərəfli bəyanatda qeyd olunmuşdu. Ermənistan bunu da yerinə yetirmirdi. Bu maddəni Azərbaycan öz gücünə yerinə yetirdi və qondarma rejimə son qoyuldu. Azərbaycanın Ermənistanı məcbur edib bir çox müddəanı özünün yerinə yetirməsi ilə bağlı bir çox misal göstərmək olar. Naxçıvanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı da üçtərəfli bəyanatda müddəa var. Lakin Ermənistan müxtəlif başqa layihələr irəli sürərək əsas hədəfdən yayınır və öhdəlikdən boyun qaçırır. Lakin nə olursa-olsun Azərbaycan Naxçıvanla quru əlaqəsini bərpa edəcək. Ermənistan sadəcə olaraq müxtəlif bəhanələr gətirərək prosesi uzadır. Qərb dairələrinin, ABŞ və Fransa kimi ermənipərəst dövlətlərin dəstək vədi də Ermənistanı cəsarətləndirir. Ermənistan prosesi ləngidir və təxribatara can atır”.

Deputat bu il Zəngəzur dəhlizinin açılmasının qeyri-mümkün göründüyünü söyləyib:

“Bu il Zəngəzur dəhlizinin açılıb-açılmayacağını deməkdə çətinlik çəkirəm. Zəngəzur dəhlizinin açılması üçün razılıq əldə olunsa belə, dəhlizin real olaraq işə düşməsi mümkün olmayacaq. Çünki Ermənistan ərazisində tikinti işləri getmir. Azərbaycan İrandan keçməklə iki körpünün tikintisini artıq həyata keçirir. Çox güman ki, 2025-ci ildə məhz İrandan keçməklə Zəngilandan Naxçıvana gediş-gəliş edəcəyik”.

Milli Məclisin digər bir deputatı Şahin İsmayılov vurğulayıb ki, Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə əlaqədar olaraq əməli addım atılmayıb:

“Məlum olduğu kimi 2020-ci ildə imzalanan üçtərəfli sənədə əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən nəqliyyat infrastrukturunun yaradılması – Zəngəzur dəhlizi öz əksini tapmışdır. Lakin, həmin dövrdən bu vaxta qədər keçən dövr ərzində Azərbaycanın infrastruktur layihələrini gerçəkləşdirməsinə, yəni mövcud ərazi üzrə infrastrukturun qurulmasına baxmayaraq biz qarşı tərəfdə nə texniki olaraq, nə də siyasi olaraq hər hansı bir dəyişikliyin baş verdiyinin şahidi olmadıq. Əksinə, Ermənistan mümkün cəhdlərlə gah Zəngəzur dəhlizinin olmayacağını ifadə etdi, daha sonra isə bir “Sülh Qovşağı” layihəsini ortaya atdı və öz ləyihələrinin təbliğatı ilə məşğul oldu. Biz Zəngəzur layihəsinin ciddi şəkildə Ermənistanı narahat etdiyini və onların bu layihənin sanki öz ərazilərinin işğalı faktı kimi dəyərləndiriyinin şahidi olduq. Lakin, dünyada sözügedən formada layihələr, koridorlar kifayət qədər var və bu hər hansı bir dövlətin ərazi bötövlüyü məsələsinə təsir göstərmir. Bütövlükdə Zəngəzur layihəsi regionda sülh və sabitliyin möhkəmlənməsinə, eyni zamanda region dövlətlərinin iqtisadiyyatlarının güclənməsinə xidmət edir. Faktiki olaraq 30 ildən artıq dövr ərzində Ermənistan iqtisadiyyatı çöküb. Bu daha çox Ermənistan üçün lazımdır. Lakin Ermənistan bu layihəyə siyasi don geyindirməyə və başqa formada təqdim etməyə çalışır. Qeyd etdiyimiz kimi üzərindən uzun müddət keçsə də Ermənistan tərəfinin əməli fəaliyyəti yoxdur”.

Deputat qeyd edib ki, Azərbaycanın siyasi iradəsi nəticəsində gec-tez Zəngəzur dəhlizi açılacaq:

“Azərbaycan isə öz növbəsində beynəlxalq loqistika mərkəzinə çevrilib. Şimal – Cənub, Şərq – Qərb dəhlizləri fəaliyyət göstərir. Biz illər üzrə təhlil etsək görərik ki, Azərbaycanda hər il yükdaşımalar artır. Ermənistanın “Sülh Qovşağı” layihəsini təqdim etməsi, eyni zamanda onların müxtəlif siyasi bəyanatlar verməsi göstərir ki, Ermənistan bu layihənin gerçəkləşməsində o qədər də maraqlı deyil.Eyni zamanda Azərbaycan bu layihənin gerçəkləşməsi üçün ciddi siyasi iradə ortaya qoyur. Düşünürəm ki, Zəngəzur dəhlizi reallaşacaq, dəhliz fəaliyyətə başlayacaq və Azərbaycanın əsas hissəsi Naxçıvana birləşəcək. Dəhliz bütövlükdə türk dünyasın birləşməsinə gətirib çıxaracaq”.

 

Paylaşın:

Digər yazılar