24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“…Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq…” – İlham Əliyev

 “…Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq…” – İlham Əliyev

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında elmi-praktiki konfrans keçirilib, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı olub.

Tədbiri giriş sözü ilə professor Mahirə Nağıqızı açıb. O, Əfqan Vəliyevin müəllifi olduğu, Sosial Tədqiqatlar Mərkəzinin nəşr etdirdiyi hər iki kitabın Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr olunduğunu söyləyib. Professor kitabların dəyərindən danışaraq, onların daha çox oxucu kütləsinə, xüsusi ilə xarici auditoriyaya çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

 

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc tarixi faktlara əsaslanan kitabların ərsəyə gəlməsində əziyyəti olanlara minnətdarlığını bildirərək, gənclərə bu tədqiqat əsəri ilə yaxından tanış olmağı məsləhət bilib.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində Qələbə xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində geniş üfüqlər açıb: “Qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verib. Bununla yanaşı, qələbə nəticəsində müqəddəratı kənarda saxlanmadan Qərbi Azərbaycan kimi tarixi məsələnin tədqiq və təbliğ edilməsi, həmçinin də əhalinin tarixi torpaqlara sülh yolu ilə qayıdış ideologiyasının hədəf və strategiyaya çevrilməsi istiqamətində tarixi zərurət yaranıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı  “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildini 4 iyul 2022-cil ildə keçirdiyi tədbirlə Azərbaycan ictimaiyyətinə təqdim edib. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi tədqiqat əsərinin davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirib”.

Deputat Z.Oruc bildirib ki, bununla Sosial Tədqiqatlar Mərkəzi qısa müddət ərzində ölkə rəhbərinin çağırışın əməl etməyə çalışaraq, I və II cilddə Qərbi Azərbaycana məxsus olan, haqqında bu günə qədər az danışılan və heç tədqiq olunmayan 388 abidəni tədqiq edib, dövlətə təqdim etmə imkanına müvəffəq olub: “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib. Tədqiqatda bu günə qədər çox az bilinən 144 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə diqqətə çatdırılıb. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır. Hər fakt tutarlı istinadlara əsaslanaraq kitabın elmi sanbalını artırır. Abidələr haqqında tarixi və elmi araşdırmaların hələ yetərincə olmadığını nəzərə alsaq, kitab gələcək tədqiqatlara cəlb edilməsi vacib olan məsələlərə yol açmaq kimi təşəbbüs ortaya qoyur”.

Kitabın müəllifi, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev Qərbi Azərbaycan tarixinin müasir dövrümüzdə tədqiqinin çox vacib olduğundan söhbət açıb. O qeyd edib ki, XIX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan “Kürəkçay” (1805), Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” (1813), “Türkmənçay” (1828), daha sonra Türkiyə və İran arasında bağlanan “Ədirnə” (1829) müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib: “Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində dövlət yaradılıb. Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə, Naxçıvan Azərbaycandan ayrı salınıb. Bütün bunlarla yanaşı, 1905-1907,  1918-1920, 1948-1953, 1959-1979,  1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirilib. 1988-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40.928 ailə) 300.000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. 1987-1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. 1918-ci ildən başlayaraq 223 qəbiristanlıq, 300-dən çox məscid və alban məbədi,  minlərlə maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib”.

Ə.Vəliyev deyib ki, müəllifi olduğu “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaranır: “Kitabda 144 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü – cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır”.

Tədbirin sonunda kitabla bağlı ziyalıların,  tələbələrin suallarına cavab verildi.

           

Paylaşın:

Digər yazılar