Bu qüvvələr rus hərbçilərini Qarabağdan çıxmağa qoymur: “Bizə sənəd göstərin!”
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi fonunda bir sıra nüanslar müzakirə edilir. Bunlardan biri də sülhməramlıların Azərbaycandan vaxtından öncə çıxması haqda sənədinin olmamasıdır. Xüsusilə radikal müxalifət hazırda bu nüansı arqumentləşdirərək ictimai rəyi manipulyasiya etməyə çalışır. İddia edilir ki, rus qoşunları yenidən qayıda bilər.
Bəs reallıq necədir? Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl tərk etməsi üçün sənəd varmı? Əslində sənəd olmalıdırmı? Bu absurd tələbdir, yoxsa hüquqi əsası var?
YeniZamantv.az mövzu ilə bağlı Globalinfo.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini vaxtından tez tərk etməsində qeyri-adi heç nə yoxdur:
“Bu, təbii prosesdir. Ümumiyyətlə, bu məsələ ilə bağlı hansısa bir sənədin istənilməsi absurddur. Məsələ ondadır ki, 10 noyabr bəyanatının müvafiq bəndinə əsasən sülhməramlılar regionda beş il qalmalı idi. Beş ilin tamamına 6 ay qalmış müddət uzadıla bilərdi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar sualları cavablayarkən açıq şəkildə dedi: “Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib”. Hesab edirəm bu əslində sənəd tələb edənlərə ən yaxşı cavabdır.
Ümumiyyətlə, hər məsələyə görə sənəd tələb etmək məntiqsiz yanaşmadır. Sülhməramlılar vaxtından əvvəl gedirsə, bunun bir digər səbəbi də regionda yaranan vəziyyətlə bağlıdır. Sülhməramlıların regionda qalması, əməliyyat aparması üçün heç bir əsas yox idi. Azərbaycan suverenliyini tam bərpa edib və burada heç bir insident yaşanmır. Regionda separatçı ünsürlər də qalmayıb. Hesab edirəm, bütün bu səbəblər sülhməramlıların Azərbaycanı tərk etməsi üçün kifayətdir”.