Azərbaycan Liderinin dünyanı heyrətləndirən siyasi gedişləri – ŞƏRH
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa etdi. Bununla yanaşı, həm də bölgədə yeni reallıqlar yaratdı. Ötən il sentyabrın cəmi 23 saat davam etmiş lokal antiterror tədbirləri nəticəsində bütün ölkə üzrə suverenliyimiz bərqərar oldu. Xankəndi və ətrafı erməni separatçılarından tamamilə təmizləndi. Birinci kapitulyasiya 10 dekabr 2020-ci il paradı ilə qeyd edildisə, ikinci kapitulyasiya 8 noyabr 2023-cü ildə Xankəndi paradı ilə qeyd edildi.
Qərb, xüsusilə Fransa bu uğurlarımızı həzm etməyə imkan tapmamış Azərbaycan daha bir tarixi Zəfərə imza atdı. Belə ki, 2024-cü il aprelin 18-dən iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilən aqərar əsasən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanıldı. Halbuki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyət müddəti 2025-ci ildə bitirdi. Bu razılaşma illə bir daha sübut olundu ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasında qarşılıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur. Bu məqamda Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıçın bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Fikrimcə, hər iki dövlət başçısı obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də Qərb dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna çəkmək üçün cızdıqları planları alt-üst ediblər”.
Bu tarixi hadisədən bir gün sonra bir gün sonra isə, daha doğrusu, 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Özü də bu, bölgədə gərginlik yaratmaq istəyən və bu gün də davam edən Qərbin aktivliyi şəraitində baş verdi. Bununla da Qərbi bir daha heyrətləndidi. Prezident İlham Əliyev bir daha göstərdi ki, Onun rəhbərlik etdiyi Azərbaycan regionun təhlükəsizliyinə səbəb olacaq təhdidləri aradan qaldırmaq iqtidarındadır.
Növbəti tarixi uğur onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq. Dövlətimizin başçısı bununla bir daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, dövlətimiz öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaq. Eyni zamanda, regionun, bütövlükdə dünyada ədalətliliyin təbliğatçısı kimi çıxış etməkdə davam edəcək.
Son 4 ildə Azərbaydanda sözün həqiqi mənasında möcüzələr yaşandı. Əldə edilən bu nailiyyətlər Azərbaycanın bu gün hansı qüdrət sahibi olduğu barədə dolğun məlumat yaratmağa imkan verir. Şübhəsiz, bütün bu uğurların əsasını Prezident İlham Əliyevin dünya miqyasında həyata keçirdiyi diplomatik gedişlər təşkil edir. Həm hərb meydanında, həm də siyasi arenada belə diplomatik gedişlər etmək isə hər siyasətçiyə nəsib olmur.
Lakin görünən budur ki, Fransanın təsiri altında olan Qərbin nüfuzlu təsisatlarından tutmuş digər qlobal təşkilatlara qədər bir çoxları Cənubi Qafqazdakı proseslərdən çox narahatlıq keçirirlər. Odur ki, onlar yenə öz aləmlərindədirlər. Amma keçilmiş yola nəzər salanda əminliklə demək olar ki, öz xalqına arxalanan, onun sonsuz sevgisini qazanan və siyasi qrossmeystr kimi tanınan Prezident İlham Əliyev beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi növbəti siyasi gedişləri ilə bədniyyətlilərin çirkin niyyətlərini tam fiaskoya uğradaraq onları yenə də mat qoyacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”