Mağazadan qovulan qadınla bağlı qalmaqal böyüyür: “Biri küçədə lüt gəzirdi”
Xəbər verdiyimiz kimi, Bakıda bir müştəri digər müştərini geyiminə görə mağazadan qovub.
Həmin kadrlar mobil telefonla lentə alınaraq qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, bu məsələdə qovulan qadının istehlakçı hüquqları pozulub:
“Azərbaycanda İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var. Bu qanuna görə, digər şəxslərə şamil olunan xidmətlər bütün şəxslərə göstərilməlidir. Məsələn, mağaza alıcılara xidmət göstərirsə, istisna olmamalıdır. İrqindən, cinsindən, dini və siyasi baxışından asılı olmayaraq, istehlakçıların hamısı eyni hüquqlara malikdirlər.
Sözügedən görüntüləri mən də izləmişəm, həmin kadrlardan aydın olur ki, mağazada olan digər alıcı etiraz bildirir, satıcıdan tələb edir ki, qadına xidmət göstərilməsin. Mən bir hüquqşünas kimi birmənalı olaraq deyə bilərəm ki, bu situasiyada alıcının hüququ pozulub. Alıcının geyimindən asılı olmayaraq, ona xidmət göstərilməli idi”.
Mövzuya vətəndaş mövqeyindən də yanaşdığını bildirən hüquqşünas qeyd edib ki, hər kəs cəmiyyət içinə çıxdıqda ictimai baxışa uyğun geyinməli və davranmalıdır:
“Mən bu məsələyə bir vətəndaş, valideyn olaraq da yanaşıram, fikirləşirəm ki, insanlar özləri də cəmiyyətə, ictimai baxışlara hörmət etməlidirlər. Bizim milli baxışımız belədir. Bu cür açıq-saçıq geyinənlərə mənfi yanaşırlar, onlara qınaq tuşlayırlar və öz hisslərini dilə gətirirlər. Bunu dilə gətirən şəxslərin də münasibət bildirməyə hüququ var. Ona görə də düşünürəm ki, şəxs ictimai yerə çıxırsa, müəyyən mənada ictimai baxışları nəzərə almalı və ona uyğun geyinib, davranmalıdır. Çünki belə olmasa, vəziyyət daha da pisləşəcək. Bir müddət əvvəl paytaxtda bir qadın küçədə ümumiyyətlə, soyunub lüt gəzirdi. Addım-addım mənəvi dəyərlərdən geri çəkiləndə insanların mənəviyyatına böyük zərbə dəyir. Bu, bizim milli dəyərlərimizə zərərdir. İnsanlar küçələrdə, mağazada gəzirlər, bu kimi yerlərə ailə üzvləri ilə gedirlər. Evdə bu cür davranış olmayan təqdirdə bəzən gəlib ailə üzvləri ilə onu mağazada görür. Nəzərə almaq lazımdır ki, ictimai yerlərə valideynlər çox vaxt öz azyaşlı övladları ilə gedirlər. Belə olan halda, əlbəttə ki, onların etiraz etmək hüququ var. Əgər istehlakçı hüquqları varsa, insanların da dəyərləri və ona uyğun şəraitdə yaşamaq hüququ var. Hesab edirəm ki, bu məsələdə hüquq pozuntusu varsa, bu, qarşılıqlı olub”.