23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Emin Babayev: nə qədər çox işlə məşğul oluramsa, bir o qədər də özümü rahat hiss edirəm

 Emin Babayev: nə qədər çox işlə məşğul oluramsa, bir o qədər də özümü rahat hiss edirəm

 

– Emin bəy, Vətən naminə inkişafa doğru ictimai birliyi nə zaman və hansı məqsədlə yarandı?

– Vətən naminə inkişafa doğru ictimai birliyinin təsis yığıncağı 08 may 2019-cu ildə, ümumi yığıncağı isə 09 may 2019-cu ildə keçirilmişdir. Dövlət qeydiyyatına 13 iyun 2019-cu ildə alınmışdır. İB-in yaradılmasının əsas məqsədi vətənpərvərliyin təbliğinə, milli dəyərlərin qorunmasına kömək etməkdən və xalqımızın milli dəyərlərinin dünyada tanıdılmasına yardımçı olmaqdan ibarətdir.

– Bu günə qədər bu istiqamətdə hansı işlər görülüb?

– Bakı şəhərinin bir neçə kənd və qəsəbələrində, Gəncə və Mingəçevir şəhərlərində, 30-dan çox rayonların əhalisi ilə yığıncaqlar baş tutub. Vətənpərvərliyin və milli dəyərlərin qorunması istiqamətində geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Hər il Xocalı ilə bağlı müxtəlif tədbirlər və Ana fəryadı abidəsi ziyarət olunub. Ölkənin tanınmış ziyalıları, idmançıları, gəncləri, burada yaşayan müxtəlif xalqların icma rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən bir neçə icma, assosiasiya və ictimai birliklərlə birgə sıx əməkdaşlıq edirik.

– İctimaiyyət arasında Sizin həm də “Vətən Naminə Birlik” Partiyası yaratmanız barədə söhbətlər gəzir. Bu barədə nə deyə bilərsiniz?

– “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.7.-ci maddəsinə əsasən siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Ona görə də bu barədə hələ ki, heç bir şey deyə bilmərəm. Yalnız sağ mərkəzçi olduğumuzu və təsis yığıncağını keçirərək bütün lazım olan sənədləri Ədliyyə nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim etdiyimizi söyləyə bilərəm.

– Cənubi Qafqazda gedən siyasi gərginliklər Azərbaycana nə kimi təsir edəcək? Ölkəmizdə qeyri- stabillik ola bilər?

– Ermənistanda baş verən siyasi gərginlik vaxtilə işğal etdikləri ərazilərimizin geri qaytarılması ilə bağlıdır. Paşinyanın bu məsələlərə konstruktiv yanaşması Ermənistanda olan bəzi qüvvələrin marağına uyğun olmadığına görə ölkələrində çaxnaşma yaratmağa çalışırlar. Bu tərəfdən biz qazananıq. Ona görə də bu prosesin Azərbaycana heç bir mənfi təsiri ola bilməz. Əksinə ərazi bütövlüyümüzün bərpası, onsuzda yüksək reytinqi olan prezidentimizin nüfuzunu daha da artırır.

O ki, qalmışdı Gürcüstandakı olaylara, orada əhalinin müəyyən hissəsinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasına narazılıqları var. Bizdə bu narahatlığa heç bir əsas yoxdur. Çünki istər QHT layihələri, istərsə də xaricdən gələn maliyyələr tam nəzarət altındadır. Və bununla əlaqədar bu günə kimi ciddi bir etiraz olmayıb.
Bu baxımdan bütün sadaladıqlarımı nəzərə alaraq əminliklə deyə bilərəm ki, ölkəmizdə qeyri-stabilliyin baş vermə ehtimalı demək olar ki, sıfıra bərabərdir.

– Yəqin ki, İB-niz ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı da hansısa addımlar atmışdır.

– Əlbəttə ki, bu ilk növbədə hər birimizin vətəndaşlıq borcudur. Ali baş komandanımızın müdrikliyi, əzmkarlığı və möhkəm iradəsi sayəsində bu gün dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlılar başını dik tutaraq gəzir. Mən əminəm ki, bu hələ son deyil. Prezidentimiz hələ çox uğurlara imza atacaq. O ki, qalmışdı bizim ictimai birliyə, biz də xalqımızın əksər nümayəndələri kimi istər 44 günlük müharibədə, istərsə də digər dövrlərdə imkanlarımız daxilində cəbhə xəttinə gedib əsgərlərimizə müxtəlif yardımlar etmişik. Əsgər və şəhid ailələri, qazilər və müharibə veteranları daim diqqətimizdədir. Məhz onların da qəhrəmanlıqları müqabilində bu gün torpaqlarımız azad edilib.

– İB-in qarşıda vətənpərvərliyin təbliği və milli dəyərlərin qorunması istiqamətində hansı planları var?

– Əslində ölkəmizdə bu sahədə ən çox iş aparan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onun bu istiqamətdə atdığı addımlar barədə kifayət qədər nümunələr göstərmək olar. Xalqımız demək olar ki, bütün sahələrdə bu işləri müşahidə edir. Biz də kiçik də olsa bu istiqamətə töhfələr vermişik və bundan sonra da verəcəyik. Hal-hazırda İB-yə üzv olmaq üçün könüllülük proqramı hazırlanır. Yaxın vaxtlarda həmin proqram ictimaiyyətə təqdim olunacaq. Bəzi layihələr üzərində işlər aparırıq, xüsusən bu ilin noyabr ayında keçiriləcək COP-29 la bağlı planlarımız var. Qısa bir zamanda bunu necə bacaracağımızın şahidi olacaqsınız.

– Gördüyünüz işlər Sizi yormur ki?

– Qəti şəkildə yox. Əksinə nə qədər çox işlə məşğul oluramsa, bir o qədər də özümü rahat hiss edirəm. İxtisasca iqtisadçı olmağım, mütaliəni sevməyim və demək olar ki, hər gün idmanla məşğul olmağım məni gördüyüm işlərdə sərbəst və formada qalmağıma kömək edir. Gördüyün işdən ləzzət almaq, bu da ayrı bir xoşbəxtlikdir. Əsas odur ki, hansısa bir narahatlıq olduğu halda ruhdan düşməyəsən. İrəli, irəli, yalnız irəli.

– Emin bəy, sonda oxucularımıza nə demək istərdiniz?

– Vətəni sevmək imandandır. Bu dünya hamımızın vətənidir. Dünyanı və dünya sakinlərini sevmək lazımdır. Zamanı gələndə vətən naminə birləşməkdə lazımdır. Tanrı bizə bu gün Azərbaycanda yaşamağı qismət edib. Biz öz ölkəmizi sevirik. Burada yaşayan insanlara vətənpərvərliyi və milli dəyərlərin qorunmasını sevə-sevə təbliğ edirik. Hər bir Azərbaycan vətəndaşı bu işi görə bilər. Bizimlə də, bizsiz də. Vacib odur ki, bunu ürəkdən edəsən. Bizimlə bu işi görmək istəyənləri böyük məmnuniyyətlə sıralarımıza qəbul edirik.

– Həsən Məmmədov

Paylaşın:

Digər yazılar