Qan dənizində qarışqa humanizmi
Aqil Camal
“Bir dəfə sevimli Peyğəmbərimiz yuxudan oyananda görür ki, balaca, sısqa pişik balası onun əbasının ətəyində büzüşüb yatıb. Peyğəmbərimiz pişik balasını narahat edib oyatmamaq üçün öz əbasının ətəyini kəsir…”.
Bu ibrətamiz hekayəti duymayan varmı görəsən?
Peyğəmbərin həyatına aid hər bir hədis, hər bir hekayət özü ilə ağır bir ibrət yükü daşıyır. Belə olmasaydı, o yaşanmışlar, yüzilləri adlayıb günümüzə çatmazdı.
Və yəqin ki, bundan sonra da gələcəyə gedəcək. İnsan oğlu var olduqca onun həyatını nizama salmaq üçün Tanrının göndərdiyi elçilərin yaşam tərzi də örnək kimi hər gün günəş kimi, ay kimi insanlığa görünəcək.
İki cümləlik bu rəvayətin ibrət yükü Tanrının yaratdığı bir canlını ən gözəl anlarından – şirin yuxusundan ayırmaq istəməməsidir, Peyğəmbərin. Peygəmbər o canlının gözəl anlarına qıymadı. Çünki, yatmaq və o yatmaqdan həzz almaq duyğusunu Tanrı verib canlıya.
Peyğəmbərin həyatı özünü müsəlman sayan hər bir kəs üçün örnək yoludur. Bəzən, bu yolun yolçusu kimi iftara varıb bir qarışqanı belə tapdalamamağa çalışırıq.
“Axı onu da Tanrı yaradıb”, “axı onun da yaşamaq haqqı var”, “onu tapdalayıb günaha batmayım, Allaha ağır gedər” deyə-deyə…
Amma günün birində o qarışqadan milyon dəfələrlə böyük bir canlını yerə yıxıb başını üzürük.
Gün o gündür.
Çobanlar quzularını bayram münasibətilə daha baha satacağının sevinci içindədir. Qəssabların gözü qan rənginə çalır.
Bıçaqlar itilənir, baltaların ağzı sürtülür.
Bir gündə, bir anda Tanrının yaratdığı milyonlarla canlının qanını axıtmaq üçün…
Yardımlaşma, qucaqlaşma bayramı adına qan dənizi yaradılır.
Bir tərəfdə üst-üstə qalaqlanmış quzu başlarından baxan solğun gözlər, bir tərəfdə qan gölməçəsində üzən içalatların üfunəti, bir tərəfdə əlinin qanı cibinə doldurduğu əskinaslara bulaşan qəssablar…
Növbədə gözləyən birisi özündən vəzifəcə böyük, ondan daha imkanlı kəsə bayram payı – quzu cəmdəyi göndərəcək. İşləri yaxşı getsin deyə… Bir başqası qardaş-bacısını başına yığıb qurbanlıq quzunun kababını ikram edəcəkmiş…
Bu günlər Qurban bayramının gerçək mahiyyəti nə dərəcədə özünü göstərir cəmiyyətimizdə? Bu bayramın mayasında yardımlaşma, şəfqət dayanır, yoxsa, insana mütləq ət yedirtmək? Ehtiyacı olan insanın tələbatı ancaq bir qarın quzu ətinədirmi?
Müqəddəs günlərdə ehtiyacı olanları başqa vasitələrlə də ovundurmaq olar axı. Sən mərhəmətini göstər, əl tut. Adam, istəyi olsa gedib ət də ala bilər, un da…
Dünyada İslamı qara-qırmızı rəngdə göstərmək istəyənlərə o üfunətli qan gölməçələri hazır materialdır.
Amma Əsl İslamın rəngi Yaşıl rəngdir. Həyat rəngi, təbiət rəngi…
Qurban bayramı da olsun, qurbanlıqlar da kəsilsin. Amma bunu dini ayinlikdən çıxarıb, mala-qara bazarına və kütləvi ət yemə mərasiminə çevirməyin, gərək olandan daha artıq canlının qanını tökməyin dinlə, imanla nə əlaqəsi?
Ehkamlar müzakirə olunmur bizim cəmiyyətlərdə. Amma bəzən onu çağdaş dövrlə ayaqlaşdıran addımlar atılanda həm Allaha xoş gedir, həm də bəndəyə. İslam zamanla ayaqlaşmağı özündə ehtiva edən bir dindir.
Bəlkə, bu günlər Tanrının yaratdığı başqa canlıların qanını tökməkdən bir qədər usanıb, öz qanımızı tökək. Gedək insan qanına ehtiyacı olanlara qan verək…
Öldürməyək, yaşadaq!