Ölkəmizə süni ət gətiriləcək: Həm baha, həm də keyfiyyətsiz
Süni əti dadlandırmaq və ənənəvi ət halına gətirmək üçün yeni metod tapılıb.
Yeni tərkib Cənubi Koreya alimləri tərəfindən təqdim olunub.
Hazırda saxta ət çəhrayı jele kimi görünür, lakin yeni tərkib sayəsində dadlandırıcı həm də ona əlavə rəng qatacaq. Belə ki, artıq süni ət əsli ilə eyni qida xüsusiyyətləri və dada malik olacaq. Süni ət 2020-ci ilin dekabrında Sinqapurda laboratoriyada istehsal edilib və satışına ilk dəfə bu ölkədə icazə verilib. 2021-ci ildə İsraildə süni ət yetişdirilməsi üçün dünyanın ilk sənaye sistemi istifadəyə verilib. Aparılan tədqiqatlara əsasən, 2030-cu ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq hala gələcək, 2040-cı ildə isə dünya ət bazarında süni ətin xüsusi çəkisi 35 faizə qədər çatacaq.
Azərbaycanda süni ətin satışına qanunla icazə var? Bu ət qida kimi istehlak oluna bilər?
“Cümhuriyət”-ə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda heç bir növ ətin satışına qadağa yoxdur:
“Biz dəfələrlə çağırış etmişik ki, hökumət müəyyən siyahı tərtib etməli və ənənəvi olmayan heyvan ətlərinin satışına qadağa qoyulmalıdır.
Pişik, it, qurbağa və digər ətlərin satışına da qadağa yoxdur. Yalnız məhsulun üzərində ətin mənşəyinin yazılması tələb olunur. Düşünürəm ki, belə gedərsə, süni ət gəlib ölkəmizə çıxacaq. Hazırda isə Azərbaycanda süni ət yoxdur”.
Onun sözlərinə, “Ekoloji kənd təsərrüfatı haqqında” Qanun ləğv edilərsə, süni ət satışına icazə verilə bilər:
“Təəssüflər olsun ki, 2009-cu ildə qəbul olunmuş “Ekoloji kənd təsərrüfatı haqqında” Qanunu ləğv etməklə bağlı təşəbbüslər var. Biz müəyyən iş aparırıq ki, bu qanun ləğv edilməsin və onun işlək mexanizmi yaradılsın. Əgər o qanun ləğv olunarsa, bu kimi məsələlər Azərbaycanda da geniş yayılacaq və satışına icazə veriləcək”.
E. Hüseynov deyir ki, ölkəmizə gətirilən qidaların tərkibində süni ətin olması isə mümkündür:
“İstisna olunmur ki, xarici ölkələrdən gətirilən ət məhsullarında süni ətdən geniş istifadə olunur. Lakin bunu istehlakçı bilə bilməz. Bu laboratoriya araşdırmalarında müəyyən edilə bilər”.
İqtisadçı ekspert Akif Nəsirli isə Azərbaycanda süni ətin satışının yaxın illərdə mümkünsüz olduğunu vurğulayıb:
“Hələ 2 il əvvəl – 2020-ci ilin payızında ABŞ-nin Qida və Dərman İdarəsi istehsal olunmuş süni toyuq ətinin satışına icazə verib. Hazırda Amerikada, Avropa ölkələrində Sinqapurda süni ətin satışına icazə verilir. Lakin belə ətin Azərbaycanda istehsal olunması mümkün deyil. Çünki Azərbaycanda nə elə mütəxəssislər, nə də texnologiya var. Lakin bu, Azərbaycana idxal oluna bilər”.
Ekspertin fikrincə, süni əti idxal edilərsə, ondan nümunələr götürüləcək, laboratoriyada təhlillər aparılacaq:
“İdxal olunan məhsulların hamısının ölkə daxilində satışına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi icazə verir. Süni əti idxal etsələr, ondan nümunələr götürüləcək, laboratoriyada təhlil ediləcək, əgər qida təhlükəsizliyi standartlarına uyğun gələrsə, satışına icazə veriləcək. Yəni, qanunvericilikdə buna ümumi yanaşma yoxdur”.
A.Nəsirli süni ətin qiymətinin ənənəvi ətdən baha olduğunu söyləyib:
“Qida kimi istifadə olunmasına icazə yalnız məhsulun təhlilindən sonra icazə verilə bilər. Süni ət həm də ənənəvi ətdən bahadır və Azərbaycan üçün cəlbedici deyil. Ona görə də idxal və ixracı yaxın illər üçün gözlənilən deyil”.