Bakının sirlərlə dolu “BAĞIROV KÖRPÜSÜ”

Artıq neçəci dəfədir ki, Bakıya yağan güclü yağış Heydər Əliyev prospektindəki “Bağırov körpü-tuneli2ni gündəm edir. Yağış sularının tuneli doldurması bu gün də Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti iflic etdi. Deməli, aidiyyatı qurumlar bu problemin təkrarlanmaması üçün çıxış yolu tapmasalar, görəcəkli günlərimiz var.
Bu dəfə sizə dünən gecədən hamının dilindən düşməyən məşhur “Bağırov körpüsü”ndən bəhs edirik.
Körpü-tunel 1933–1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun adını daşıyır. Köhnə Moskva – indki Heydər Əliyev prospektində yerləşən bu keçiddə bir əsas, iki yan tunel var. Tunellərin istündən isə qatarları ötürən dəmiryol xətti, köməkçi maşın yolları keçir.
Yeri gəlmişkən, körpünün tikintisinə qədər dəmir yolu yerlə gedirdi və daim Moskva prospektində avtomobillərin hərəkətinə maneə yaradırdı.
“Bağırov körpüsü” ilə bağlı xeyli əfsanə dolaşır. Deyilənlərə görə, bir gün Mircəfər Bağırov avtomobillə aeroporta gedərkən sözügedən ərazidə keçid bağlı olduğuna görə yük qatarını düz iki saat gözləməyə məcbur olur. Moskvaya uçmalı olan birinci katib gecikəcəyindən narahat olur və bərk əsəbləşir. Nəhayət, şlaqbaum qalxır və sürücü maşını hava limanına tərəf sürür. Artıq təyyarəyə qalxan Bağırov onu yola salan müavininə üz tutub deyir: “Qayıdandan sonra orada körpü layihəsi hazır olsun…Anladın?!”
İddia olunur ki, körpünün layihəsi iki həftəyə hazır edilir. Çünki Bağırovla zarafat etmək olmazdı.
Amma körpünün tikintisilə bağlı olan bu deyilənlər yəqin ki, hansısa təxəyyülün məhsuldur. Axı Azərbaycana rəhbərlik edən birinci şəxsin aeroporta tələsərkən iki saat keçiddə dayanmasına necə inanmaq olar? Şübhəsiz ki, birinci katibin Moskvaya uçacağı əvvəlcədən məsul şəxslərin, o cümlədən dəmir yolu rəhbərliyinin diqqətinə çatdırılırdı ki, müvafiq təhlükəsizlik tədbirləri görülsün. Yəqin ki, Moskvaya uçan Bağırova dəmir yolunda yaşıl işıq yandırılmışdı.
Bununla belə, Mircəfər Bağırovun haqqında bəhs etdiyimiz körpünün tikintisinin təşəbbüskarı olması istisna edilmir.
Başqa bir əfsanədə deyilir ki, Mircəfər Bağırov körpünün formasında “M” hərfinin şifrələnməsini əmr edib. Körpünün “M” hərfi formasında tikilməsi də onun adını simvolizə edir.
Məlumatlara görə, birini katib Moskvadan təcrübəli mütəxəssislər dəvət edir, inşaat materialları gətirdir. O, vəzifədə olduğu sonuncu ildə – 1953-də körpünün inşasına start verilir. İddialara görə, tikintidə o zaman sovetlərin əlində olan alman hərbi əsirlər və həbsxanada saxlanılan dustaqlar da işlədilib. Körpünün tikintisi zamanı işlər dayanmadan dörd növbədə görülürmüş.
Çuqun məhəccərlərlə, daş oymalarla işlənmiş körpü 1955-ci ildə hazır olanda Mircəfər Bağırov artıq birinci katib vəzifəsindən çıxarılmışdı. Elə həmin ildə onu repressiyalara görə həbs etmişdilər.
Deyirlər ki, o dövrdə yeni tikilən körpülərin dayanıqlılığını yoxlamaq və onu sınaqdan keçirmək üçün belə bir qayda varmış: layihəni hazırlayan və tikintidə iştirak edən məsul şəxslər körpü istismara verilərkən inşaatçılarla birlikdə onun altında dayanarmışlar. Bununla da onlar körpünün möhkəmliyinə zəmanət verdiklərini sübut edirmişlər. Guya, Bağırov körpüsü istifadəyə veriləndə də bu qaydadan istifadə olunub. Partiya rəhbərliyinin göstərişi ilə layihəçilər və inşaatçılar körpünün altında dayanıblar. Bu doğrudur, ya yox, demək çətindir, amma fakt odur ki, Bağırov körpüsünü Bakının ən davamlı yol ötürücülərindən biri adlandırmaq olar.
2007-2009-cu illərdə Bağırov körpüsü yenidən qurulub. Yenidənqurma işləri Türkiyənin “Kolin” şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilib, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılıb. Heydər Əliyev prospektində hərəkət zolaqlarının sayını artıran yol ötürücüsünə daha iki aşırım əlavə edilib./modern.az