İrandan Azərbaycana qarşı daha bir TƏHDİD
Zaman-zaman Azərbaycan və Türkiyəyə qarşı nifrət yayan İran rejiminin Təbriz üzrə nümayəndəsi Ruhullah Mütəfəkir Azad bu dəfə Tehranın göstərişi ilə Azərbaycan Cümhuriyyətini hədələyib.
YeniZamantv.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Gunaz.tv xəbər yayıb.
“Azərbaycanın ayrı-ayrı şəxsləri və mediası son iki ildə İslam Respublikasını və yüksək dövlət məmurlarımızı 200 dəfədən çox təhqir edib. Biz indiyədək ləyaqətli davranıb aradakı hörməti qorumuşuq”, – Azad iddiasında bildirib.
O əlavə edib ki, “adi bir şəxsin səhvinə görə”, Azərbaycan rəhbərliyi “hörmətsiz davranarsa, biz mütləq müvafiq cavabı verəcəyik”. Ruhullah Mütəfəkir Azad özünün sosial media hesabında ilk dəfə deyil ki, Azərbaycana qarşı təhdid ünvanlayır.
Günaz.tv qeyd edir ki, Mütəfəkir Azad Tehranın göstərişi ilə dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı təhqir və yalan dolu məlumatlar yayılıb. O, 2022-ci ildə Şirazda Şahçerağa baş vermiş hücumu Azərbaycan Cümhuriyyəti tərəfindən yönləndirilən terror hücumu adlandırmışdı. Halbuki iranlıların mütləq əksəriyyəti Şah Çırağa baş verən hücumu İran rejimi tərəfindən ictimaiyyətin diqqətini İranda 2022-ci il etiraz aksiyalarından yayındırmaq məqsədi ilə həyata keçirildiyini düşünür.