Çörəyin baha qiymətə satılması kasıb təbəqənin ehtiyaclarını çətinləşdirəcək.
Çörəyin israfının qarşısını almaq həm sosial, həm də ekoloji baxımdan vacib bir məsələdir. Bu məqsədlə çörəyin çəkisini azaltmaqla onun israfı da əhəmiyyətli dərəcədə azalar. Çünki böyük çörək alındıqda adətən artıq qalan hissə israf olunur, zibil qablarına atılır. Beləliklə, çörəyin daha kiçik ölçülərdə satılması istehlakçıya daha uyğun və rahat bir seçim imkanı verər, bu da israfın qarşısını almağa kömək edər.
YeniZamantv.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşıb: Çörəyin ölçüsünün ehtiyaclara uyğun şəkildə tənzimlənməsi onun daha çox istifadə edilməsi və daha az atılması deməkdir.
Çörəyin çəkisini artırmaq və qiymətini bahalaşdırmaq isə həm alıcıları çətin vəziyyətə salacaq, həm də daha geniş sosial təbəqələr üçün əlçatanlığı məhdudlaşdıracaq. Qiymət artımı xüsusilə iqtisadi cəhətdən daha zəif təbəqələr üçün böyük çətinliklər yaradacaq. Çörəyin baha qiymətə satılması kasıb təbəqənin gündəlik ehtiyaclarını qarşılamasını daha da çətinləşdirəcək. Bu cür artımlar sosial bərabərsizlikləri dərinləşdirməyə və əhalinin ən əsas qida məhsuluna çıxışını məhdudlaşdırmağa xidmət edir.
Çörəyin istehsalında keyfiyyətə diqqət yetirmək və onu daha uzun müddət saxlanıla bilən hala gətirmək də israfı xeyli azaldar. Keyfiyyətli çörək daha uzun müddət təzə qalar və bununla da tələbatı daha uzun müddət qarşılayar, israfı azaldar.
Nəticədə, çörəyin çəkisini də, qiymətini də azaltmaqla həm iqtisadi, həm də sosial baxımdan daha sağlam və davamlı bir yanaşma sərgiləmək olardı. Bu yanaşma həm də ekoloji baxımdan faydalıdır, çünki daha az israf, həm də daha az təbii resursların israfı anlamına gəlir.
Çörəyin həm çəkisinin, həm də qiymətinin artırılması düzgün qərar deyil. Böyük çörək daha çox israf, daha çox xərc deməkdir.