Səhiyyə “qəssablarına” hansı qurum cavabdehdir: Səhiyyə Nazirliyi, yoxsa TƏBİB?
Son zamanlar estetik əməliyyat zamanı ölənlərin sayı artmaqdadır. Səhiyyə sistemindəki mövcud xaotik vəziyyət ictimaiyyətdə narahatlığa səbəb olur. Sertifikatsız, diplomsuz, işinə qeyri-ciddi yanaşan həkimlərin özəl klinikalarda çalışdığı üzə çıxıb. Lakin Səhiyyə Nazirliyi həkimlərin işə alınma məsələsinə baxmadıqlarını qeyd edib.
Məsuliyyəti yalnız Səhiyyə Nazirliyi və xəstəxanalar daşıyır? TƏBİB-in bunda heç bir günahı, məsuliyyət payı yoxdur?
YeniZamantv.az xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, Azərbaycanda səhiyyə sistemindəki problemlərə görə təkcə Səhiyyə Nazirliyi və ya xəstəxanalar deyil, digər aidiyyəti qurumlar, o cümlədən TƏBİB də məsuliyyət daşıyır.
N.Abbaslının sözlərinə görə, TƏBİB-in əsas funksiyalarından biri tibb müəssisələrinə savadlı və təhsilli kadrlar cəlb etməkdir:
“Bəzi hallarda kadr seçimləri zamanı şəffaflıq problemləri müşahidə olunur. Həm də TƏBİB səhiyyə xidmətlərinə nəzarət funksiyasına sahibdir. Əgər sertifikatsız, diplomsuz, saxta diplomlu həkimlər varsa, xəstəxanalarda həkim səhvi ucbatından ölüm hadisələri baş verirsə, bu, TƏBİB-in tibb müəssisələrinə nəzarət mexanizmlərinin kifayət qədər işlək olmadığının göstəricisidir. Səhiyyə Nazirliyinin fəaliyyət istiqaməti “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında əsasnamədə” öz əksini tapıb”.
Nərmin Abbaslı
Nərmin Abbaslı deyib ki, TƏBİB daha çox səhiyyə müəssisələrinin idarə edilməsi, işçilərin fəaliyyətinə nəzarət və keyfiyyətli xidmətlərin təmin edilməsi üzrə məsuliyyət daşıyırsa, nazirlik daha çox strateji idarəçilik və qanunvericilik səviyyəsində məsuliyyət daşıyır:
“Düşünürəm, daha mükəmməl idarəçilik üçün aralarında koordinasiya yüksək səviyyədə təşkil olunmalıdır. Həm Səhiyyə Nazirliyi, həm də TƏBİB fəaliyyətləri barədə daha açıq hesabatlar təqdim etməli və ictimai nəzarəti təmin etməlidir”.