Şəhid Səbuhi Əhmədovun qardaşının ev problemi ilə bağlı PREZİDENTƏ MƏKTUB
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, YeniZamantv.az saytının baş redaktoru Mətanət Əsgərqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli, Müzəffər Ordunun Ali Baş Komandanı cənab İlham Əliyev.
Torpaqlarımızın azadlığı naminə gördüyünüz işlər hər kəsin diqqətindədir. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına şamil olunan bütün qərar və sərəncamlarınızın da şahidiyik. Bunları da alqışlayırıq. Amma bəzən qanunlardan öndə insan amili, onun həyatı, ölkəsinə verdiyi təmənnasız xidməti hər şeydən üstün durur.
Vaxtınızın və zamanınızın çoxluğundan müraciətimin qısa məzmununu yazacam. Son döyüşlərdə həlak olan SOS uşaq evinin yetirməsi olan Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədovla bağlı fikirlərimi bölüşmək istərdim. Ən faciəli məsələ odur ki, internat məzunlarının çoxu bəzən qayğıdan, diqqətdən kənarda qalırlar. Səbuhi Əhmədov qardaşının ailəsi ilə birgə kirayədə qalırmış.
O, vətəni Azərbaycanı sevdiyindən hərbçi sənətini seçmişdi. Həm də yaxşı bilirdi ki, məhz bu sahədə işləsə əli çörəyə çatar. Halal maaşı ilə də ailəsinin ev məsələsini təmin edər. Lakin olmadı. Mənfur düşmən minlərlə gəncimiz kimi Səbuhi Əhmədovun arzularını yarımçıq qoydu. İndi Əhmədovlar ailəsi ətrafında arzulamadığımız məsələlər baş verir.
Görünür, yetimin də yiyəsi olmalıdır. Düşünürəm ki, belə insanlara göydə Allah, yerdə isə Siz dayaq durarsınız. Dövlət BABADIR! Bu ölkənin rəhbəri, insanların çətin anda pənahı Sizsiniz.
Sənan Əhmədovun şəhid ailəsi kimi layiq olduğu mənzillə təmin olunmasına kömək etməyinizi xahiş edirəm”.