23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

20 Yanvar faciəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsidir – ŞƏRH

 20 Yanvar faciəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsidir – ŞƏRH

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı il 20 Yanvar faciəsi tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsidir. 20 Yanvar hadisələrinə gətirib çıxaran səbəblərə nəzər salaq. 80-ci illərin ikinci yarısında Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə təyin olunduqdan sonra “demokratiya”, “aşkarlıq” siyasəti həyata keçirməyə başladı ki, bu da SSRİ-də siyasi vəziyyətin mürəkkəbləşməsinə səbəb olmuşdu. Bütün tarixi dönəmlərdə özlərinin çirkin niyyətlərini həyata keçirən ermənilər bu vəziyyətdən istifadə etməyə başladılar. Həmin illərdə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən təxribatçı “Krunk” erməni ekstremist təşkilatı SSRİ-dəki və xaricdəki erməni “Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi” və “Siyasi məhbusların müdafiəsi erməni komitəsi”nin himayəsindən istifadə edərək fəaliyyətini gücləndirdi. “55-lər komitəsi” adlanan orqanın göstərişləri əsasında “Krunk” təşkilatı vilayətin erməni əhalisini Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etməyə çağırırdı. 1988-ci il yanvarın 25-də Ermənistanda yaşayan azərbaycanlıların ilk qrupu öz torpaqlarından didərgin salındı. Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirən bu hadisə erməni-azərbaycanlı münaqişəsinin törədilməsinə rəvac verdi. 1988-ci il fevralın 19-da Muxtar Vilayətin Ali Sovetinin sessiyasının keçirilməsi, DQMV-nin statusu məsələsinə baxılması haqqında SSRİ Ali Sovetinə müraciət qəbul edilməsi çağırışları altında kütləvi anti-Azərbaycan mitinqləri keçirildi. Elə həmin gün Bakıda da bu hadisələrə etiraz edən kütləvi mitinq təşkil olundu. SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi sayəsində baş verən hadisələrin, milli toqquşmaların qarşısı vaxtında alınmadığından 1988-ci il fevralın 28-də Sumqayıt hadisələri baş verdi. Həmin ilin noyabr ayında Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq ayağa qalxan Azərbaycan xalqı Azadlıq meydanına toplaşdı. Azərbaycan xalqının əzəli düşməni olan ermənilərin təkidi ilə vətənini müdafiə etmək istəyən millətimizə divan tutmaq planı hazırlanırdı. Belə ki, yanvarın 3-dən 6-na qədər Bakıda olmuş Moskva nümayəndələri Barannikov, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş SSRİ müdafiə naziri Yazov tərəfindən elə orada qəbul edilmiş xüsusi tapşırıqlar almış və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının planı hazırlanmışdı. Bu zaman Azərbaycan rəhbərliyinin səriştəsizliyi və sabit mövqeyinin olmaması Moskvanın respublikadakı “siyasətinin” reallaşmasına şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə cavab olaraq yanvarın 13-14-də Bakının bəzi yerlərində ermənilərin təqib olunmasına başlandı. Bu, mərkəz tərəfindən düşünülmüş, taktiki baxımdan hərtərəfli hazırlanmış təxribat idi, çünki nə inzibati orqanlar, nə də hərbi hissələr tərəfindən baş verənlərə qarşı heç bir tədbir görülmədi. Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı qəbul edildi. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 19:30-da televiziya stansiyasınin enerji bloku partladıldıqdan televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət elan edildiyini və qadağan saatı qoyulduğunu yalnız səhər saat 05:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-dan etibarən xalqa divan tutulmağa başlandı. Bakıda olan Sovet qoşunları əsasən beş istiqamətdə hərəkət edirdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçmişdi. Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı “İskra” zavodunun qarşısında qurulmuş piket iştirakçıları qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdi. Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş “Komsomol” dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun «Komsomol» dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub. “Qurd qapısı” istiqamətindən isə Sovet qoşunları saat 00:00 radələrində hərəkət etməyə başlayıb. Badamdar yolunu kəsən bu qoşun hissələri də sonradan üç istiqamətdə hərəkət edib. Birinci istiqamət metronun “Elmlər Akademiyası” stansiyası, ikinci istiqamət keçmiş “Sovetski” küçəsi, üçüncü istiqamət isə Ali Sovetin qarşısı olub. Gecə saat 12-yə qalmış Sumqayıt – “Nasosnı” marşrutu istiqamətindən də hərəkət edən qoşunlar Biləcəri yolunda qurulan barrikadanı uçuraraq qəsəbəyə, həm də Bakıya daxil olub. Biləcəri qəsəbəsində, «Şamaxinka» deyilən ərazidə və keçmiş “XI Qızıl Ordu”, indiki “20 Yanvar” meydanında çoxsaylı ölənlər, yaralananlar olub. 20 Yanvar faciəsi zamanı 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 841 nəfər isə qanunsuz həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyətin elan olunmadığı Neftçala və Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə Azərbaycan xalqının taleyində baş verən Yanvar faciəsi xalqın SSRİ-yə qarşı nifrətini tam formalaşdırdı. Bundan sonrakı proseslər ancaq Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsi fonunda getdi. 20 Yanvar hadisələrinin səhərisi günü Azərbaycanın ümummilli lideri Heydər Əliyevin faciəyə Moskvada verdiyi qiymət imperiyanın xarakterini təkcə müəyyən etmədi, həm də Azərbaycan xalqına gələcəkdə seçəcəyi yolu əks etdirdi. 1990-cı ilin əvvəllərində öz müstəqilliyini bərpa etmiş Azərbaycanda parçalanmaq, dağılmaq təhlükəsi olan bir dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xalqı bölünməkdən, milləti məhv olmaqdan xilas etdi və Azərbaycanı dirçəltdi. 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi yeni bir dövrün başlanğıcı oldu. Regionların sosial-iqtisadi inkişafı, qüdrətli iqtisadiyyat, güclü ordu, bu orduda böyük vətənpərvərlik hissi, ölkə daxilində xalq-iqtidar birliyi təmin olundu. Uzun illər boyu xalqımızın başına min bir müsibət gətirən, hər cür təxribatdan çəkinməyən, işğalçı mövqeyindən əl çəkməyən ermənilərə 2020-ci ildə Vətən Müharibəsində tutarlı cavab verildi, 200 ildən artıq tariximizin qara ləkəsi olan erməninin “ocağı” darmadağın edildi, “böyük Ermənistan” mifi məhv edildi. Bu gün Yanvar faciəsi şəhidlərinin ruhları şaddır, vətən düşmən tapdağından azad olunub. Bu şanlı tarixi bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, onun qətiyyəti, həyata keçirdiyi diplomatiya, uğurlu addımları və Azərbaycanın Müzəffər Ordusu oldu.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Paylaşın:

Digər yazılar