Şuşa-Xankəndi yolunda aksiya keçirən QHT-lər haqda şok ittiham və QARŞI TƏRƏFİN CAVABI
Mikroskopmedia.com elektron resursunda “Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması” adlı yazı dərc olunub.
YeniZaman.az Globalinfo.az məqalədə səsləndirilən fikirlərlə bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin mövqeyini öyrənib.
Cəsarət Hüseynzadə
C.Hüseynzadə bildirib ki, araşdırma adı ilə çap olunan məqalədə faktlar təhrif olunub. Onun sözlərinə görə, məqalənin hazırkı versiyası bir neçə dəfə düzəlişlərə məruz qalsa da çoxlu yanlışlıqlar mövcuddur: “Məsələn məqalədə qeyd olunur ki, “Nəticələri 2022-ci ilin iyulunda elan olunan “Elm, Təhsil və Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri” adlı müsabiqədə ümumilikdə 400 QHT qalib gəlib. Qeyd edim ki, həmin adda müsabiqə olmayıb. Müsabiqənin bir bölməsi həmin adda olub. Həmin bölmə üzrə isə cəmi 130 QHT qalib olub. Biz bu kiçik nümunədə görürük ki, araşdırma adı ilə təqdim olunan bu məqalədə açıq mənbələrdə olan faktlar hansı formada təhrif olunub və ya məqalə hazırlayan şəxslərin faktlarla işləmək bacarıqları yoxdur”.
QHT rəhbəri sözügedən məqalə ilə bağlı başqa bir məqama diqqət çəkib: “Məqalə hazırlanarkən qarşı tərəflərdən hər hansı nümayəndənin, ekspertin fikirlərinə yer verilməyib və ya hər münasibət öyrənilməyib. Bu isə saytın qərəzli mövqeyindən xəbər verir. Ən pis məqam isə ondan ibarətdir ki, məqalə və məqalənin dərc olunduğu sayt təkcə hökumətə və yaxud hansısa qrupa qarşı deyil, ümumilikdə ölkəmizə qarşı qərəzlidir və milli maraqlara qarşıdır”.
C.Hüseynzadə bunu faktlarla əsaslandırmağa çalışıb: “Məsələn, məqalədə “Azərbaycanın rəsmi dövlət media orqanları və hökumətyönlü xəbər agentlikləri aksiyaların davam etdiyi yerdən sülhməramlılara məxsus avtomobillərin maneəsiz keçdiyi barədə mütəmadi olaraq məlumat dərc edir” kimi məlumat təqdim edilir. Məlumatın bu formada təqdim olunması faktı şübhə altına alır. Halbuki Rusiya sülhməramlıların və Beynəlxalq Qızıl Xaç Komitəsinin hər gün dəfələrlə bu yoldan istifadə etməsi haqqında və həmin tərəflərin ərzaq və tibbi ləvazimat daşımasını təsdiq edən video faktlar hər gün yayımlanır. Yanvarın 21-də təkcə 57 avtomobil həmin yoldan keçib. Bundan başqa, məqalədə işlədilən “Dağlıq Qarabağ”, “erməni əsilli əhalinin vəziyyətini pisləşməsi”, “ərazidəki əhali blokada vəziyyətinə düşüb”, “ərzaq qıtlığı yaranıb” kimi ifadələrin işlədilməsi bu resursun Azərbaycan dövlətinə və milli maraqlarımıza qarşı fəaliyyətini göstərir”.
Şuşa-Xankəndi yolundakı aksiya. Bir qrup QHT rəhbəri
QHT-lərin hökumətdən qrant alması ilə bağlı səslənən ittihamlara münasibətini isə o, belə ifadə edib: “Öncə qeyd edim ki, məqalədə ekoloji təşkilatlarla yanaşı digər QHT-lərin iştirakı məsələsinə mən və digər həmkarlarım cavab verdik. Çünki orada QHT-lər təkcə ekoloji deyil, eyni zamanda hüquqi və milli məsələlər də yer alır. Bu baxımdan ölkənin vətəndaş cəmiyyəti nümayəndələri həmrəylik nümayiş edərək bu aksiyanı geniş miqyasda təşkil etdilər. Həmçinin aksiyanın davamlılığı təmin olundu”.
C.Hüseynzadə qrant məsələsinə də aydınlıq gətirib: “QHT-nin fəaliyyətini həyata keçirmək üçün bir neçə alət var. Əsas alət qrantdır. Azərbaycanında fəaliyyət göstərən QHT-lər elan olunmuş müsabiqəyə layihələr ilə müraciət edərək, qalib olduqları layihələri fəaliyyət planına uyğun olaraq həyata keçirir. Hər bir QHT-nin hansı məbləğdə qrant alması haqqında məlumatı da istənilən şəxs açıq mənbələrdən əldə edə bilir. Məncə bu amil həmin QHT-lərin şəffaf fəaliyyəti üçün kifayət qədər yetərlidir. Eyni zamanda hər bir təşkilatın layihə üzrə fəaliyyəti haqqında mətbuatda geniş məlumat yer alıb”.
QHT rəhbəri də sözügedən məqaləni dərc edən sayta sual ünlanlayıb: “Biz də soruşmaq istərdik. Bəs mikroskopmedia.com və buna bənzər elektron resurslar haradan və nə qədər maliyyə dəstəyi alaraq fəaliyyət göstərir? Yaxud bu saytın komandası kimlərdən ibarətdir? Çox təəssüf ki, bu tip məlumatlar qapalıdır.
Başqa bir məqam, bu tip saytlar niyə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə seperatçı qurumun qanunsuz silahlı dəstələri, onların fəaliyyəti və yaxud üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazilərinə mina basdırılması kimi mövzular ətrafına araşdırma aparmır? Bu və buna bənzər xeyli sayda cavabsız suallar mövcuddur”.
Zaira Akifqızı