Azərbaycan dünyada ürək-damar xəstəliyindən əziyyət çəkənlərin sayına görə ilk sıralardadır
Əvvəllər 50-60 və daha yuxarı yaşda olanlar arasında ürək-damar xəstəliklərinə daha çox rast gəlinirdisə, indi həmin xəstələr arasında yaş amili aradan qalxıb və xəstəlik xeyli cavanlaşıb. Hətta 30-35 yaşlılar və həmin yaşdan da aşağı olanlar arasında xəstəlik geniş yayılıb.
YeniZamantv.az xəbər verir ki, həkim-kardioloq Sərdar Abdullainin dediyinə görə, bunun bizdən asılı olan və olmayan səbəbləri var: “Özümüzdən asılı olmayan səbəblərin birincisi genetikadır. Ürək-damar xəstəliyi genetik olaraq varsa, onunla üzləşmə ehtimalı böyük olur. Digər bir səbəb yaş amilidir, yaş artdıqca xəstəliyə daha çox rast gəlinir. Üçüncüsü, cinsiyyət amilidir. Ürək-damar xəstəlikləri kişilər arasında qadınlara nisbətən daha çox rast gəlinir”.
Həkimin sözlərinə görə, özümüzdən asılı olan səbəblərdən ən əsası qidalanmadır:
“Qəbul edilən qidalar, passiv həyat tərzi, fiziki aktivliyin olmaması, tütün məmulatlarından istifadə etmək ürək-damar xəstəliyinin artımına səbəb olan amillərdir. Duzlu yeməklər, yağlı qidalar, xüsusən qış aylarında şorabalar və tutmalardan çox istifadə edilməsi də ürək xəstəliyinin yaranmasının ən başlıca səbəblərindən sayılır. Piyada gəzmək xəstəliyin ən yaxşı profilaktikası sayılır. Sutka ərzində 10 min addımdan çox addımlamaq ürək-damar xəstəliyinin yaranması halını 50 faizə yaxın azaltmış olur”.
Həkim qeyd edib ki, ümumən xəstələrin mütəmadi olaraq kardioloq müayinəsindən keçməyi vacibdir.