Azərbaycanda yeni şəhərin salınması təklif edilib
Azərbaycanda yeni şəhərin salınması təklif edilib. Bu təkliflə Milli Məclisin iclasında deputat Azər Badamov çıxış edib.
Deputat bildirib ki, yeni şəhər Heydərabad adlandırılmalıdır:
“Şəhərdə “göydələnlərin” olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problem yaradır. Allah etməsin hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Yeni şəhər salınmalıdır. Həmçinin bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər, əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adı Heydərabad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.
Qeyd edək ki, son illər paytaxtda əhali sayının artması, çox sayda yeni binaların tikilməsi, yollarda tıxacların yaranması kimi problemlərlə əlaqədar paytaxtın köçürülməsi ilə bağlı təkliflər səslənir.
Paytaxtın köçürülməsi mümkündürmü və bu, mövcud problemi aradan qaldıracaqmı?
YeniZamantv.az xəbər verir ki, bu barədə Millət vəkili Azər Badamov Cebhe.info-ya bildirib ki, Sovet dövründə Yaşma ərazisində dəniz kənarında Gənclər şəhərciyinin yaradılması ilə bağlı layihə var idi:
“Sonra bu layihə gündəmdən çıxdı. Həmin ərazisi hazırda da boşdur. Hesab edirəm ki, indi artıq həmin ərazinin gündəmə gətirilməsi vacibdir. Çünki ölkə əhalisinin əksər hissəsi paytaxt Bakıda məskunlaşıb. Bütün universitetlər, dövlət müəssisələri Bakıdadır. Şəhərin mərkəzində göydələnlər tikilir. Bu, həm tıxac probleminin yaranmasına gətirib çıxarır, digər tərəfdən binaların bir-birinə çox yaxın məsafədə tikilməsi hər hansı fövqəladə hal baş verərsə, həmin vəziyyətin aradan qaldırılmasına çətinliklər yaradacaq.
Ona görə də hesab edirəm ki, Bakıya yaxın ərazidə, məsələn, Yaşmanın dənizkənarı hissəsində, boş bir sahədə müasir plana uyğun yeni bir şəhər inşa oluna bilər. Şəhərdə yerləşən ali təhsil müəssisələri, dövlət idarələri həmin əraziyə köçürülə bilər. Əgər ali təhsil ocaqları və dövlət qurumları həmin əraziyə köçürülərsə, şəhərin yükü azalacaq. Bu gün paytaxtda mövcud olan tıxac problemi də aradan qalxacaq”.
Paytaxtın həmin əraziyə köçürülməsinə gəldikdə isə deputat Cənubi Afrikadan misal gətirib:
“Orada Yohannesburq şəhərinin yanında Pretori şəhəri salınıb və paytaxt, bütün dövlət idarələri oraya köçürülüb. Yaxud Astana da paytaxt elan edilib və dövlət idarələri, səfirliklər hamısı Astanada yerləşir. Yəni Bakıya yaxın bir ərazidə də bu layihəni reallaşdırmaq olar. Bakıdan da həmin əraziyə gediş-gəliş çətin olmayacaq. Gələcəkdə həmin istiqamətdə sürət qatarı işə düşərsə, bu, vətəndaşlar üçün daha yaxşı şərait yaradacaq. Bu, həm şəhərin genişlənməsinə, həm də rahatlığın təmin olunmasına şərait yaradar”.
Memar Cahid Həsənovun fikrincə, Bakıda memarlıq və şəhərsalma baxımından sıxlıq müşahidə edilir:
“Söhbət burada iki amildən gedir. Bu, həm regionlardan Bakıya gələn əhalinin sayının artması, həm də infrastrukturun, inzibati binaların, nazirliklər, yeni yaranan qurumların sayının artması ilə bağlıdıır. Beləliklə, iki paralel istiqamətdə Bakı dolub. Bakının paytaxt şəhəri olması əsas deyil, əsas odur ki, ya Bakı inzibati şəhər statusunu saxlamalı idi, ya da böyük sənaye şəhəri Bakıdan kənarda olmalıydı. Sənaye şəhəri olduğuna görə də yaşayış binaları, məhəllələr, qəsəbələr orada olmalı idi.
Fakt odur ki, Bakı həm inzibati, həm sıx binalar, göydələnlər şəhəri olub. Bakı yükü daşıya bilməyəcək qədər dolub. Bunun da bir-birinə tam ciddi ziyanı var. Belə ki, Xəzər sahilində yerləşən gözəl Bakı bu sıxlığın ucbatından artıq ab-havası itirilir. Şəhər turizm statusunda olmalıdır. Burada olan memarlıq abidələri, tarixi tikililər, Xəzərin sahili, şəhərin amfiteatr panoraması, klassik memarlıq abidələri ilə müasir Bakının vəhdətini saxlamaq lazımdır.
Problem inzibati binaların paytaxtda yerləşməsi, digər tərəfdən yaşayış massivlərinin çoxalmasıdır. Binalar bir-birinə sıx şəkildə yerləşir. Şəhərin viziual görünüşü, amfiteatrı, panoraması pozulur. Minilliklərlə bizə miras qalmış, dünya turistlərini cəlb edən həmin tarixi abidələr çoxmərtəbəli binaların gölgəsində qalmış kimi öz vizualizmini itirir. Mənim memar kimi təklifim odur ki, tədris ocaqları, yataqxanalar Bakının mərkəzi rayonlarından hər hansı kənar rayonlarına çıxarılmalıdır. Həmçinin Enegetika Nazirliyi və bununla əlaqəli qurumlar hamısı Mingəçevir ərazisində olmalıdır. Eləcə də Gəncə-Bərdə bölgəsində kənd təsərrüfatı ilə bağlı institutlar, nazirliklər də bu qaydada yerləşməlidir.
Ümumiyyətlə, bu gün paytaxtla bağlı müxtəlif fikirlər səslənir. Fikrimcə, tədris ocaqları, diplomatik mərkəzlərini şəhərdən kənara çıxarmaq, paytaxtın yükünü azaltmaq lazımdır. Ölkəmizi dünya turistlərinə göstərmək yalnız Bakıdan ibarət deyil. Regionların özünün də gözəlliyi var. Eyni zamanda, Bakını yüngülləşdirməklə bağlı təklifim odur ki, sahə üzrə mikropaytaxtlara, ya da sırf digər bir əraziyə köçürülsün. Bakı Xəzər sahilində, amfiteatr qoynunda olan, klassik memarlıq abidələri ilə zəngin, dünya turistlərinin gəlməsi, alış-veriş üçün ticarət mərkəzləri ilə dolduldurulmuş modern şəhər ola bilər. Yəni Xəzər dənizi sahilində ticari, turistik baxımından boşaldılmış bir Bakı ola bilər”.