24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Məhəmməd QULUZADƏ: Beynəlxalq hüquq Qərbi Azərbaycana Qayıdışa təminat yaradır

 Məhəmməd QULUZADƏ: Beynəlxalq hüquq Qərbi Azərbaycana Qayıdışa təminat yaradır

Beynəlxalq hüququn tələbi ilə Qərbi azərbaycanlıların Ermənistan ərazisində qalan əmlakları üzərində mülkiyyət hüququ hələ də öz qüvvəsindədir. Bu hüququn təmin edilməsi məqsədilə sivil dünyada bir sıra sənədlər və mexanizmlər mövcuddur.
Belə sənədlərdən biri BMT-nin İq­tisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köç­künlər üçün ev və əmlak restitusiyası prinsipləridir. Qaçqınların və məcburi köçkünlərin mənzil və əmlaklarının bərpası üzrə BMT-nin xüsusi məruzə­çisi Paulo Pinheironun şərəfinə adlan­dırılan “Pinheiro prinsipləri” mülkiyyətin bərpası proseslərinin qurulması və hə­yata keçirilməsi üçün hüquqi, inzibati və icra qaydaları təklif edir.

Bu prinsiplər beynəlxalq hüquqda “yumşaq hüquq” xarakteri daşısa da, onun mötəbərliyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci ilin iyun ayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki iş (Sarkisyan Azərbaycana qarşı; Çıraqov və digərləri Ermənista­na qarşı) üzrə qəbul etdiyi qərarlarda və Avropa Şurasının qətnamələrində (Avropa Şurası Parlament Assamble­yasının 1708 (2010) saylı qətnaməsi) bir daha öz təsdiqini tapmışdır.

Bəs Pinheiro prinsipləri Qərbi azərbaycanlıların mülkiyyət hüququ məsələsində hansı imkanlar yaradır?

Pinheiro prinsipləri bərabər olaraq, bütün qaçqınlara, məcburi köçkün­lərə və “köçkünə bərabər vəziyyətdə olan digər şəxslərə” şamil edilir. Prin­siplərin 2-ci maddəsinə uyğun olaraq, bütün qaçqınlar və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edildikləri yaşayış yeri, torpaq və əmlaklarının restitusiyası hüququna (yəni pozuntu­dan əvvəlki vəziyətin bərpası) malik­dirlər. Bu, mümkün olmayan hallarda isə müstəqil və qərəzsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir.

Dövlətlər məcburi köçkünlüyün başa çatdırılması və ədalətli sülhə nail olunması istiqamətində restitusiyanı prioritet alət hesab etməlidirlər. Res­titusiya hüququ bütün digər hüquq­lardan fərqlidir, çünki qaçqınların və məcburi köçkünlərin geri qayıdıb-qa­yıtmamasından asılı olmayaraq, onla­rın yaşayış yeri, torpaq və əmlaka olan hüquqlarını təsdiq və təmin edir .

Prinsiplər əlavə olaraq qaçqınla­rın və məcburi köçkünlərin aşağıdakı hüquqlarını da tanıyır:

– ayrı-seçkiliyə məruz qalmamaq hüququ;

– qanun qarşısında bərabərlik hüququ;

– qadın və kişilərin bərabərlik hüququ;

– məcburi yerdəyişmədən müda­fiə olunmaq hüququ;

– şəxsi həyat və evə hörmətlə ya­naşmaq hüququ;

–əmlakdan sərbəst istifadə hüququ;

– adekvat yaşayış yeri hüququ;

– hərəkət hüququ və öz yaşayış yerini seçmək hüququ;

– təhlükəsiz və ləyaqətli qayıt­maq hüququ;

– kompensasiya almaq hüququ.

Ölkələrin üzərinə bu hüquqları təmin etmək öhdəliyi qoyulub. 12-ci maddəyə uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin yaşayış yeri, torpaq və əmlaklarının restitusiyası tələblərini araşdırmaq və icra etmək üçün “bərabər, vaxtında, müstəqil, şəffaf və ayrı-seçkiliyə yol verməyən prosedurlar, institutlar və mexanizmlər yaradılmalı və dəstəklənməlidir”. Bunu edərkən, dövlətlər iddiaçıların yaşına və cinsinə həssaslıqla yanaşmalıdırlar.

Həmin maddənin müvafiq bənd­lərinə uyğun olaraq, bu işləri həya­ta keçirənlər üçün inzibati, hüquqi və məhkəmə tədbirləri görüməli, müvafiq qurumları adekvat maliyyə, insan və di­gər resurslarla təmin edilməlidir. Ehtiyac olduqda müvafiq beynəlxalq təşkilatlar­dan dəstək istənilməlidir. Zərurət ol­duqda, bununla bağlı yeni qanun və ya qaydalar qəbul edilməli, yaxud mövcud qanunlar və qaydalar dəyişdirilməlidir.

Pinheiro prinsipləri, eyni zamanda, onu da qeyd edir ki, dövlətlər restitu­siya məsələlərini sülh sazişlərinə daxil etməlidirlər (maddə 12.6). Dövlətlər ya­radılmış restitusiya mexanizmləri barə­də məlumatları qaçqınlara və məcburi köçkünlərə həm öz ölkələrində, həm də sığınacaq ölkəsində çatdırmalıdır­lar. Bu məlumatlardan savayı, restitusi­ya tələbi formaları sadə, qaçqınların və köçkünlərin başa düşdükləri dildə ha­zırlanmalıdır. Bununla əlaqədar hüquqi yardım göstərilməsi (mümkün olduqda ödənişsiz) təmin edilməlidir.

Digər önəmli təminatlardan biri restitusiya tələbi irəli sürən şəxsə qar­şı hər hansı bir təqibin və ya cəzanın tətbiq edilməməsi və qərarların qəbu­lunda müvafiq “şəxslərin, qrupların və icmaların” iştirakının təmin edilməsidir. Eyni zamanda, restitusiya qərarının müvafiq qurumlar tərəfindən icra edil­məsinə dair dövlətin öhdəliyi də müəy­yən edilmişdir.

Məlumdur ki, restitusiya tələbləri əmlaka dair müvafiq sənədlər üzərində həyata keçirilməlidir. Bu məqsədlə Pin­heiro prinsipləri qeyd edir ki, dövlətlər münaqişə dövründə və ya münaqişə­dən sonrakı dövrdə müvafiq qeydiyyat sistemlərinin məhv edilməməsini təmin etməlidirlər. Yəni ehtiyac olduqda hə­min sənədləri başqa yerə keçirməli və ya rəqəmsallaşdırmalıdırlar. Bu sənəd­lər iddiaçının müraciəti əsasında dövlət tərəfindən ona təqdim edilməlidir.

Restitusiya tələblərini araşdırarkən, dövlətlərin hər hansı məcburetmə və ya beynəlxalq insan haqları hüququ standartlarına zidd həyata keçirilmə nəticəsində mülkiyyət hüququnun öz­gəninkiləşdirilməsini tanımayacaqları da Pinheiro prinsiplərinin maddələrin­də öz əksini tapmışdır .

Restitusiya prosesinin bir kom­ponenti olaraq, bütün qaçqınların və köçkünlərin “tam və səmərəli kom­pensasiya” almaq hüququ vardır . Bu kompensasiya pul və ya digər formada ola bilər. Əgər ev, torpaq və ya əmlak məhv edilibsə, müstəqil və qərəzsiz məhkəmənin qərarı ilə restitusiya fak­tiki olaraq mümkün deyilsə, mülk sa­hiblərinin öz əmlaklarını bərpa etmək və ya yenidən tikmək imkanları imkan olduğu qədər təmin edilməlidir .

Sonda qeyd edək ki, Pinheiro prin­sipləri ev, torpaq və əmlakın restitusiya hüququnun müdafiəsinə, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışına görə məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə qoyur.

Məhəmməd QULUZADƏ,
Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru

https://xalqqazeti.az/siyaset/124699-beynelxalq-huquq-qerbi-azerbaycana-qayidisa-teminat-yaradir

Paylaşın:

Digər yazılar