Biz niyə PA-nın qarşısına getdik?!
Qələmim hər zaman doğruları yazdı . Amma hər zaman da buna görə sıxışdırıldım. Əziyyət çəkdim. Bunlar məni nə məsləyimdən, nə fikirlərimdən daşındıra bilməz.
Bəzən fikirlərimə görə insanlar salam verməyə belə ehtiyat etdilər. İncimədim. Çünki onların çörəyi də yaltaqlıqdan, riyakarlıqdan keçir.
Bu sözləri Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı YeniZamantv.az saytına bildirib. Onun fikirlərini təqdim edirik:
Dövlət Babadı. Baba Dövlət övladlarını hər zaman eyni gözdə görməyi bacarmalıdır. Lakin bəzən ona o qədər yalan, doğru olmayan informasiyalar ötürürlər ki, yalan ayaq tutub yeriməyə başlayır. Belə situasiyalarda neyləməlisən, Baba Dövlətin qarşısına gedib doğruları danışmalısan.
Mən də bir il ərzində müşahidə etdiyim, şahidi olduğum, səbr kasamın daşdığı anda Baba Dövlətin qapısına getdim.Tək deyildim. Bir qrup QHT sektorunda əziyyəti, əməyi olan insanlar da Prezident Administrasiyasının qarşısındaydı. Nə idi narazılığımız?
Həqiqət budu, bizi ora aparan həm də Agentlik rəhbərliyinin qrant müsabiqələrində dostuna-tanışına payladığı məbləğləriydi , halbuki o vəsait heç kimin atasının pulu deyil. Nəhayət, Dövlətin bilməsi lazım idi. Bundan əvvəl axı Şurada 9 milyona qədər vəsaitin ciblərə axdığı təcrübəsi də vardı. QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən komandalaşma, bizə ikinci sort kimi baxılması, əməyimizin qiymətləndirilməməsi, daxildəki çəkişmnələrin bizim də işimizə təsiri və səbr kasamızı daşıran “köhnə QHT-lər yerlərində çürüyəcəklər” ifadələri… Bir məmur belə fikirlər sərgiləyirsə demək vaxt idi. Baba Dövlət hər şeydən xəbərdar olmalıdır. Məqsəd cənab Hikmət Hacıyevlə görüşmək idi. Yaxınlaşdıq. Fikrimizi bildirdik. Təəssüf ki, hələ cənab Prezidentin və cənab Hikmət Hacıyevin ölkəyə qayıltmadıqları bildirildi. Təklif olundu ki, biz başqa vəzifəli şəxslə görüşək. Biz isə yalnız Hikmət müəllimlə söhbət etmək istədiyimizi bildirdik. Beləliklə oradan dağılışdıq.
Azərbaycan Respublikasının Prezidenti etimad göstərib İctimai Nəzarətin gücləndirilməsini hər bir vətəndaşın qarşısında şərt kimi qoyur. İctimai Nəzarət özümüzdən, evimizdən başlamırsa onda vətənə yazıq.
Bəli, bizim PA-nın qarşısına getməyimizə siyasi don geydirmək, təxribat kimi dəyərləndirmək, hansısa qruplaşmadan aldığımız təlimat kimi də təqdim etmək istəyənlər var. Bunlar indi Agentliyi öz bazarına çevirmək istəyənlərin, onların ətraflarına yığdıqları “qht”lərin dilindən səslənməyə başlayıb. Dövlətin pulu ilə saytlara da tapşırıqlar verilir, bizi linc etsinlər. Əla, batan gəmi onsuz da çör-çöpdən tutmaq məcburiyyətindədir. Belə yanaşmalar bir daha sübut etdi ki, Agentlikdə çox ciddi proseslər gedir. Bu proseslər də heç də yaxşı nəsə vəd etmir.
Cənab Prezidentin Moskvada böyük siyasi qələbəsindən sonra bizləri narazı salıb dövlətin qapısına göndərən məhz Agentlikdir. Gözəl hesablama aparmışdılar. Bu insanlar ədalətsizliyə səssiz qalmazlar!
Bəli , artıq Dövlətin baş verənlərdən xəbəri var. Sözsüz araşdırmalar aparılacaq. Bu gün bizi qınayanlar bir gün addımımızın Vətən üçün, dövlətimizin möhkəmlənməyi üçün vacib olduğunun da şahidi olacaqlar.
Biz cənab Prezidentin sadiq əsgərləriyik. Lazım gələcəksə PA-nın qapısna bir də gedərik!