Əliməmməd Nuriyev: Dövlətin əsaslarına yönələn təhdidlərin qarşısının alınmasında Azərbaycan polisinin xüsusi rolu var
Polis əməkdaşlarının etik-davranış qaydalarına əməl edilməsi ilə bağlı mütəmadi təlimlər keçirilir
Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə toxunulan mövzulardan biri də Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr oldu. Həmin təxribat xarakterli hadisələr zamanı Azərbaycan polisini ləkələməyə çalışan qüvvələrə dövlətimizin başçısı tərəfindən sərt mesaj da göndərildi. Prezident müşavirədə çıxış edərək deyib: “Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.
Dövlətin əsaslarına yönələn təhdidlərin qarşısının alınmasında Azərbaycan polisinin xüsusi rolu var
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev AZƏRTAC-a müsahibəsində bu yaxınlarda 105 illiyini qeyd edən Azərbaycan polisinin çevikliyi, ayıq-sayıqlığı nəticəsində ictimai asayişin necə qorunması, cinayətkarlıqla uğurlu mübarizədən bəhs edib.
O bildirib ki, hazırda cinayətkarlığa qarşı mübarizədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilir: “Adətən bunlar internet, sosial şəbəkələr üzrə aşkar edilir. Azərbaycan polisinin çevikliyi, peşəkarlığı sayəsində terrorçular operativ şəkildə aşkarlanaraq zərərsizləşdirilir. Son vaxtlar ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları Azərbaycanda təxribat törətməyə, qanunsuz hərəkətlər, aksiyalar təşkil etməyə cəhd edir. Məhz dövlətin əsaslarına yönələn təhdidlərin qarşısının alınmasında Azərbaycan polisinin xüsusi rolu var”.
İctimai Şuranın sədri deyib ki, polis əməkdaşları cinayətkarlığa qarşı daha səmərəli və operativ mübarizə aparır, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən dövləti vəzifələri şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirir. Eyni zamanda, polisin fəaliyyətinə qarşı tələblər var. Çünki polis bu gün öz fəaliyyətini şəffaflıq, vətəndaşların məmnunluğu üzərində qurub. Hazırda onun şəffaflıq reytinqi xeyli dərəcədə artıb. Eyni zamanda, əgər polis əməkdaşlarının qanunsuz hərəkətləri olursa, dərhal reaksiya verilir. Yəni bir tərəfdən polis əməkdaşlarının peşəkarlığı yüksəlir, digər yandan cavabdehlik, öz əməkdaşlarına münasibətdə məsuliyyət tələbləri artır. Çünki onların başlıca vəzifəsi vətəndaş məmnunluğunun təmin edilməsi, onun hüquq və azadlıqlarının, qanunu mənafelərinin qorunmasıdır. Hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təminatı üçün davamlı tədbirlər həyata keçirilir.