Jurnalist yaxşı maaş almalıdır ki… – Seymur Verdizadə
YeniZamantv.az xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.
S.Verdizadə bildirib ki, mətbuatın sözün həqiqi mənasında “dördüncü hakimiyyət”ə çevrilməsi üçün hələ çox çalışmaq lazımdır:
“Təəssüf ki, milli media resurslarımızın maddi-texniki bazası zəifdir. Redaksiyalarda əməkdaşların sayı azdır. Bəzən 10 nəfərin işini 5-6 nəfər görməli olur. Bunun müqabilində isə verilən əməkhaqqı azdır. Hesab edirəm ki, jurnalistlərin maddi durumunun yaxşılaşmasının qeydinə qalınmalıdır. Azərbaycanda KİV-lər reklamdan ciddi gəlir götürə bilmirlər. Böyük şirkətlər media ilə işləməyə o qədər də həvəs göstərmirlər. Nəticədə jurnalistlərin yüksək məvacib alması mümkün olmur. Jurnalist yaxşı maaş almalıdır ki, onun gözü başqa adamların əlində olmasın. Biz yalnız azad, müstəqil, güclü mətbuat yaratmaqla vətəndaş cəmiyyəti quruculuğuna töhfə verə bilərik”.