25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Lentsova “qırmızı kart” tələbi: “Rus generala xəbərdarlıq edilməlidir ki…”

 Lentsova “qırmızı kart” tələbi: “Rus generala xəbərdarlıq edilməlidir ki…”

Hərbi ekspert: “Rusiya Qarabağda böyük fəlakətin baş verməsi üçün çalışır”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla şərti sərhəddə təxribatlarının sayı artmaqdadır. Son bir həftə ərzində hər gün bir neçə dəfə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Ramiz oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

“Qeyd olunub ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda vurğulanır.

Təxribatlar Rusiya sülhməarmlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən də törədilməkdədir. Qarabağdakı erməni quldur dəstələrinin müxtəlif hərbi avadanlıqlar qurma cəhdinin qarşısının alındığı barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları yayılmaqdadır. Eyni zamanda, qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycanın mülki təyyarəsinə maneə yaradıldığı da rəsmi şəkildə açıqlanıb.

Baş verən təxribatlarla paralel olaraq, Qarabağda yaşayan erməni sakinlərin bölgəni kütləvi şəkildə tərk etdiyi də müşahidə olunmaqdadır. Dünən və bu gün 120-dən çox şəxs Laçın sərhəd-keçid məntəqəsindən keçərək Ermənistana gedib. Onların arasında Rusiya vətəndaşlarının olduğu da bildirilir.

 

 

Bölgədə yaşanan gərginliyi AYNA-ya müsahibəsində şərh edən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, yaxın həftələrdə həm separatçılar, həm də onlara havadarlıq edənlər vəziyyəti bir qədər də gərginləşdirəcəklər:

– Diqqət edin, son həftədə Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı hər gün 3-4 məlumat yayır. Ermənistan ordusunun bölmələri və Qarabağdakı hərbi xunta rejiminin qanunsuz silahlıları müxtəlif istiqamətlərdə və müxtəlif növ təxribatlarının sayını artırıblar. Bu təxribatlara Rusiya “sülhməramlıları” susqun yanaşırlar, onlara hətta, yardım edirlər.

– Rusiya sülhməramlı kontingenti niyə buna qarşı tədbir görmür?

– Çünki bu təxribatlar Rusiyanın göstərişi ilə həyata keçirilir. Özü öz əməlinin qarşısını almaq üçün tədbir görəcək?! Yenə deyirəm, təxribatların sayı artır və yaxın həftələrdə gərginlik daha da şiddətlənəcək. Bunun qarşısını Rusiya yox, Azərbaycan almalıdır. Bunun da bircə yolu var, Azərbaycan bəyanatlardan tədbirlərə keçməlidir. Həm Rusiya “sülhməramlılardan” tələb edilməlidir ki, bu əməllərə son qoyulsun. Rus hərbçilərinin komandanı Lentsovu Bakıya çağırmaq lazımdır. Rəsmi Bakı ona futbol termini ilə desək, “sarı kart” göstərməlidir, rus generala xəbərdarlıq edilməlidir ki, bu davranışlar davam edəcəyi halda “qırmızı kart” göstəriləcək və qovulacaq. Hesab edirəm ki, Rusiya Qarabağda böyük fəlakətin baş verməsi üçün çalışır.

Təsəvvür edin ki, Qarabağdakı qeyri-qanuni erməni silahlıları Azərbaycanın mülki təyyarəsinə maneə yaradırlar. Bu, erməni quldurlarının öz ağlının məhsulu deyil, buna göstəriş verən, təlimatlandıran “sülhməramlılardır”. Təyyarəyə müdaxilə edən avadanlıq Rusiyaya məxsusdur. Separatçıların və ya Ermənistanın belə avadanlığı yoxdur. Azərbaycanın mülki təyyarəsinə müdaxilə qudurmuşluğun pik həddidir. İstəyirlər ki, o təyyarə qəzaya uğrasın və yüzlərlə insan həyatını itirsin. Biz ünvanı dəqiq göstərməliyik. Ünvan Rusiyadır və Moskvaya qəti xəbərdarlıq edilməlidir. Hesab edirəm ki, Azərbaycan tərəfi həddən artıq humanist davranış sərgiləyir.

– Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında baş verənlərlə, təxribatlarla bağlı Rusiyaya rəsmi Bakı və Azərbaycan Müdafiə Nazirliyi səviyyəsində dəfələrlə etiraz bildirilib axı…

– Demək ki, etirazın, bəyanatın xeyri yoxdur. Birbaşa və qəti xəbərdarlıq edilməlidir. Qarabağa silah daşınması, erməni quldurlarına təlim keçirilməsi kimi təxribatlar öz yerində, amma bunlar o qədər harınlayıblar ki, mülki təyyarələri hədəfə alırlar. Bu, ciddi məsələdir. Düşünürəm ki, Azərbaycan xəbərdarlıq etməklə yanaşı, məsələləri beynəlxalq arenaya çıxarılmalıdır. Həm də bivec qurum olan BMT-yə bildirilməlidir ki, Ermənistan kimi əclaf dövlətin əsassız iddiası əsasında Təhlükəsizlik Şurasının təcili iclasını keçirirlər, amma Ermənistandan soruşmurlar ki, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisini nə zaman tərk edəcək?!

– Təxribatlarla paralel olaraq, Qarabağda yaşayan ermənilərin Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana kütləvi gedişini də müşahidə edirik. Son iki gündə 120 nəfər Ermənistana keçib. Müşahidələr onu göstərir ki, köç edirlər, Qarabağı sanki birdəfəlik tərk edirlər. Sizcə, bu nəyin göstəricisidir?

– Fikir verin, BMT Təhlükəsizlik Şurasının iclasından sonra onların kütləvi gedişi başlayıb. Qarabağ erməniləri içərisində başı işləyənlər artıq anlayıblar ki, onların gələcək perspektici yoxdur. Xankəndini tərk edənlər düşünmürəm ki, İrəvanda, yaxud Ermənistanın başqa şəhərlərində məskunlaşacaqlar. Məncə, onlar Ermənistandan da başqa ölkələrə gedəcəklər.

Onu da deyim ki, gedənlərin hamısının Qarabağı birdəfəlik tərk etdiyini qəti söyləmək də olmaz. Çünki içlərində İrəvanda oxuyan tələbələr də gözə dəyirlər.

Başqa bir məsələni də gözardı etmək olmaz. Bu köç dalğası Ermənistanın Azərbaycana qarşı təzyiq kampaniyasına nail olmaq planının tərkib hissəsi də ola bilər. Ermənistan iddia edir ki, Qarabağda “humanitar böhran” yaşanır, “aclarından ölürlər” və s. Sabah deyəcək ki, “humanitar böhran səbəbindən əhali Qarabağı tərk etdi”. Bununla Azərbaycanı “deportasiyada”, “soyqırımıda” günahlandırmağa çalışacaqlar. Bu məsələlərdə biz bir qədər diqqətli olmalıyıq, indidən əks-arqumentlərimiz hazır olmalıdır.

– Yeri gəlmişkən, Qarabağı tərk edib Ermənistana gedənlər arasında Rusiya vətəndaşları da var…

– Bir müddət əvvəl 45 nəfər də Rusiya vətəndaşı Qarabağı tərk etmişdi. İndi soruşmaq lazımdır ki, 2020-ci ildən sonra Qarabağa Rusiya vətəndaşları niyə gəlmişdilər, məqsədləri nə idi? Bəli, deyə bilərlər ki, indi ərazimizi tərk edənlər xidmətə gəlmişdilər, sülhməramlı missiya həyata keçirirdilər, indi də xidmət müddətləri bitib, gedirlər. Mən belə düşünmürəm. Rusiya vətəndaşlarının İkinci Qarabağ müharibəsindən sonra Xankəndiyə gətirilməsi məkrli planın tərkib hissəsidir. Yadınızdadır, Qarabağda “rus icması” da fəaliyyətə başladı. Onlar müəyyən təşkilati işlərlə məşğuldurlar. İndi də orada “rus icması” adlı qurum fəaliyyətdədir və məkrli planların qurulmasını onlar həyata keçirirlər. Adama sual verərlər, Azərbaycanda rus icması var və ofisi də Bakıda fəaliyyət göstərir. Azərbaycan ərazisində ikinci belə təşkilata nə ehtiyac var? Əslində biz bilirik, onların məqsədləri nədir. Bunun üçün dərindən araşdırmaya ehtiyac da yoxdur. Hər şey ortadadır, gözlə görünəndir. Rusiya vaxtilə Osetiyada, Abxaziyada, Dnestryanıda apardığı siyasəti Qarabağda da sınaqdan keçirməyə çalışır. Bunun qarşısı alınmalıdır. Ona görə də deyirəm ki, Rusiyaya xəbərdarlıq edilməlidir. Bu cür əməllərə birdəfəlik son qoyulması Moskvadan tələb olunmalıdır.

Paylaşın:

Digər yazılar