Xarici QHT-lər və ictimai fəallar “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb
Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.
YeniZamantv.az xəbər verir ki, petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.
Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhdid yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir. Minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.
Kampaniya BMT-yə üz tutaraq, bəyan edir ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır.
Müraciətdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da geniş yer ayrılıb. Bildirilir ki, Azərbaycan mina problemindən xeyli əziyyət çəkir. Son 30 ildə Azərbaycanda 3 400-dən çox insan mina qurbanı olub. Onların 90 %-i mülki şəxslərdir.
Kampaniya müəllifləri bəyan edir ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, 2020-ci ildə 44 günlük müharibədən sonra da bu proses dayanmayıb. Azərbaycan yalnız Laçın yolunda sərhəd keçid məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb. Müraciət müəllifləri dəhşətə gəlib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində aparılan son antiterror tədbirləri nəticəsində Azərbaycan 480 km-lik xətt boyunca Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən azı yarım milyon əlavə minalar yerləşdirildiyini aşkarlayıb. Müraciət müəllifləri tələb edib ki, Ermənistan yeni basdırılmış minaların da xəritələrini dərhal Azərbaycan dövlətinə təhvil verməlidir.
Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıblar. Onlar BMT-yə çağırış ediblər ki, qlobal mina probleminə diqqətini artırsın.
Müraciət ciddi rezonans doğurub, yeni elan edilməsinə baxmayaraq, artıq 10-a yaxın ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulduğunu bəyan edib, bu problemin qlobal həllinə dəstək veriblər.