Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq platformada
Prezident İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılır, ölkəmiz bu sahədə mühüm institusional təşəbbüs olan ASAN brendinin müəllifidir. Həmçinin, beynəlxalq əməkdaşlığa xüsusi önəm verilərək dövlətimiz dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri olmaqla onun işində fəal iştirak edir, Azərbaycanın ədliyyə naziri IAACA-nın vitse-prezidentidir.
IAACA tərəfindən korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin gücləndirilməsinə, bu sahədə fəaliyyətin əlaqələndirilməsinə və təcrübə mübadiləsinə dəstək göstərilir, digər dövlətlərin antikorrupsiya orqanları və beynəlxalq şəbəkələrlə əməkdaşlıq edilir. Həmçinin tədris, maarifləndirmə və digər tədbirlər təşkil olunaraq dövlətlərin antikorrupsiya təcrübəsi təşviq edilir, bu məqsədlə qurumun sosial media platformasında maarifləndirici video-çarxlar nümayiş etdirilir.
Bununla əlaqədar Azərbaycanın ədliyyə naziri, Assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədov korrupsiya ilə mübarizəyə töhfə verən, dövlət başçısının təşəbbüsü ilə yaradılmış – “ASAN” xidmətin yüksək vətəndaş məmnunluğu doğuran və şəffaflığı təmin edən fəaliyyəti ilə bölüşüb.
Bununla bağlı IAACA-nın sosial media platformasında yayımlanan video-çarxda (https://fb.watch/oFpIz4No3j/?mibextid=9R9pXO) ASAN mərkəzlərinin fəaliyyəti, müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara, o cümlədən səyyar qaydada göstərilən 400-dən çox xidmət barədə ətraflı məlumat verilir.
Bildirilir ki, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır, bu təşəbbüs beynəlxalq səviyyədə tanınır və Azərbaycanın “ixrac edilən” brendinə çevrilmiş ASAN modeli artıq digər dövlətlər tərəfindən tətbiq olunur. “ASAN xidmət” BMT-nin bir sıra təltiflərinə, habelə cari ildə 10-cu Dünya Hökuməti Sammitində “Dünyanın ən yaxşı hökumət xidməti” mükafatına layiq görülüb.
IAACA tərəfindən Azərbaycanın təşəbbüskarlığı və bölüşdüyü təcrübəsi maraqla qarşılanaraq təqdir olunub.
https://fb.watch/oFpIz4No3j/?mibextid=9R9pXO