QHT Agentliyinin qrant oyunu Elm və Təhsil nazirliyinə də sıçradı
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri də bu qurumun ümumi fəaliyyəti kimi ciddi narazılıqlar doğurub. Qeyd edək ki, bu layihələr muvafiq qaydalara uyğun olaraq QHT Agentliyi ilə də razilaşdırılır. Görünür QHT Agentliyinin qrant oyunu Elm və Təhsil Nazirliyinə də sıçradı.
Mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində ölkənin ən çox tənqid olunan rəsmi qurumları sırasında Elm və Təhsil Nazirliyi “fəxri” ön mövqelərdə qərarlaşıb.
Bəhs olunan nazirliyi növbəti dəfə “hədəf taxtası”na çıxaran fəaliyyət “Təhsildə könüllü fəaliyyətin təşkili” adlı qrant müsabiqəsinin təşkili olub. Nazirlikdən açıqlanan məlumata əsasən, haqqında danışılan müsabiqəyə ümumilikdə 112 layihə təqdim edilib.
Qurumdan bildirilib ki, bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Həmin mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant qazanıb. Necə deyərlər, müsabiqənin təşkili və onun nəticələrinin açıqlanma forması normaldır. Amma…
Amma qalib layihələrin siyahısına nəzər saldıqda, seçimin yenə də “ənənəvi metodologiya” üzrə aparıldığına şübhə yeri qalmır. Konkret desək, müsabiqənin təşkilatçıları məbləği minimum 10 min, maksimum isə 45 min manat olan qrantları yenə də özlərinin “dost-tanış çevrəsi”nə daxil olan təşkilatlar arasında bölüşdürüblər.
Əlbəttə, vurğulanan “qalib” seçimi ekspromt qaydada, yaxud da random üsulu ilə aparılmayıb. Çox təəssüf ki, qrant müsabiqəsinin təşkilində əsas məqsədin vətəndaş cəmiyyətinin təhsilin inkişafında iştirakının stimullaşdırılması olduğu deyilsə də, nəticə tam fərqli mənzərəni ortaya çıxarır və korrupsiya şübhələrinə ciddi əsas yaradır.
Qurumun keçirdiyi qrant müsabiqəsinin açıqlanan nəticələrinin Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli tərəfindən birbaşa müəyyənləşdirildiyi iddia olunur. Qeyd edilir ki, ətrafının “nazirin naziri” adlandırdığı Mətin Kərimli bununla həm yaxın çevrəsindəki insanları maddi planda sevindirmək, həm də haqlı tənqidlərin hədəfində olan nazirliyin müdafiəsi üçün “könüllülər dəstəsi”ni gücləndirməyi düşünüb. Ən maraqlı məqamlardan biri də budur ki, qalib seçilən layihələrin əksəriyyəti məhz nazirliklə yaxın əlaqələri olan, eyni zamanda, qurumun yanında fəaliyyət göstərən İctimai Şurada təmsil olunan şəxslərin təşkilatları tərəfindən təqdim edilib. Yəni “kənar” QHT-lər bu haqsız rəqabətdə öncədən məğlub duruma salınıb.
Qalib elan edilmiş layihələrin sırasına təkrar nəzər saldıqda, bu iddiaların kifayət qədər ciddi olduğu qənaəti yaranır. Məsələn, müsabiqədə qalib seçilərək maksimal – 45 min manat məbləğində qrant ayrılmış Azәrbaycan Gәnc Müәllimlәr Assosiasiyası İctimai Birliyi və “Bir könüllü” Tәlәbәlәrin Әmәkdaşlığı İctimai Birliyinin hansısa effektli fəaliyyəti haqqında məlumat tapmaq mümkün deyil. Çünki hər iki təşkilat nazirliyin “QHT-QHT” oyununun parçası olmaq üçün yaradılıblar.
O zaman təbii sual yaranır, adları çəkilən və qısa zaman öncə yaradılan bu təşkilatlar hansı keyfiyyətlərinə görə qalib seçiliblər və onlara ayrılıqda 45 min manat qrant ayrılıb? Özünə hörmətlə yanaşan və seçimində obyektivliyi qoruyan istənilən donor qrant üçün müraciət etmiş qurumların konkret istiqamətlər üzrə indiyə qədər həyata keçirdiyi fəaliyyəti və malik olduqları təcrübəni incələdikdən sonra qərar verir. Lakin göründüyü qədər, Elm və Təhsil Nazirliyi öz seçimində tam fərqli kriteriyalara əsaslanıb.
Ancaq bütün hallarda nazirlik özünü növbəti dəfə “yandıraraq” tənqidlərin yeni dalğası üçün ciddi əsaslar verib. Yəqin nazirlik rəsmiləri qrant müsabiqəsinin biabırçı nəticələrinə haqq qazandırmaqdan ötrü hər vasitəyə əl atacaq, manipulyasiya bacarıqlarını nümayiş etdirəcəklər. Lakin bu heç nəyi dəyişməyəcək.
Əslində, təhsili batıran qurumun rəhbərlərinin ədalətli qrant müsabiqəsi keçirmələri özlüyündə bir möcüzə olardı.
Möcüzəyə isə kim inanır ki?
Mövzuya qayıdacağıq.