Azərbaycan yeni dövrün astanasında: Risklər artır
“Həm Azərbaycan tarixi, həm də qlobal siyasətin gedişatı baxımından hazırda olduqca kritik bir dövrə daxil oluruq”.
YeniZamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tarix elmləri doktoru, Türk-İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
2024-cü il növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən analitik diqqətə çatdırıb ki, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan artıq yeni bir dövrdə seçkilərə gedir:
“Eyni zamanda dünyada və Avrasiyada önəmli proseslər gedir, habelə Cənubi Qafqazla Mərkəzi Asiyanın önəmi getdikcə artır. Təbii ki, bunlar riskləri də artırır. Yəni dövlətçiliyin, milli siyasətin, eləcə də güclü və müstəqil bir dövlət modelinin nə qədər əhəmiyyətli olduğunu ətrafımızdakı hadisələr baxarkən çox daha dəqiq şəkildə görə bilirik”.
Telman Nüsrətoğlunun sözlərinə görə, dünya bu gün çox ciddi krizlərlə qarşı-qarşıyadır:
“Burada təhlükəsizliyə daxil olan mövzular mövcuddur və belə bir həssas dönəmdə Azərbaycan seçkilərə gedir. Biz burada güclü və müstəqil Azərbaycan paradiqmasını ön plana çıxararaq hərəkət etməliyik. Fikrimcə, xalqın da refleksləri bu yöndə olacaq. Bu baxımdan, seçkilər regionumuzu əhatə edən geosiyasi hadisələr fonunda milli dövlətçiliyimizin önəmi kontekstində dəyərləndirilməlidir. İndi Azərbaycan öz tarixinin yüksəliş dövrünə daxil olub. İlk dəfə bütün Qarabağ da daxil olmaqla ərazimizdə seçkilər keçiriləcək. Bu anlamda 2024 seçkiləri tarixi bir seçkidir”.
Müsahibimiz əmindir ki, millətimizin dövlətimizlə olan birliyini Qarabağ müharibəsi bütün yönləri ilə ortaya çıxardı:
“Bu istiqamətdə 7 fevral seçkilərini milli birliyin təmin ediləcəyi bir seçki olaraq qeyd edə bilərik. Təbii ki, Azərbaycan Prezidenti bu gün siyasi reytinqinin ən yüksək zirvəsindədir. O, Müzəffər Ali Baş Komandan olaraq, Azərbaycanın milli hədəflərini formalaşdırdı və çətin həmlələrlə ölkəmiz bu zəfəri əldə etdi. Bunun memarı kimi isə cənab Prezidenti qeyd edə bilərik. Ona görə də aparılan diplomatik həmlələrin nəticəsi, ordunun türk ordusu modelinə çevrilməsi və 44 günlük müharibədən sonra daha qüdrətli bir Azərbaycan ordusu reallığı bu gün xalqın rəyində özünü göstərir”.
Həmsöhbətimizin qənaətinə görə, seçkilər yaxınlaşanda sorğular keçiriləcək, lakin ictimai rəydən də bəllidir ki, burada seçkinin favoriti cənab Prezident olacaq:
“Məncə, bu, onun haqqıdır, çünki Azərbaycan tarixində görkəmli uğurlara imza atan lider olaraq xalqın da dəstəyi mütləq mənada ondan yana olacaq. Mənə elə gəlir ki, xalqımızın burada milli hədəflərdən çıxış edəcək və seçkidə səsini bu şəkildə istifadə edəcək. Bu seçkilər bundan sonra aparılacaq islahatlar baxımından da əhəmiyyətlidir. Biz bilirik ki, xarici siyasətdə, ordu quruculuğunda və milli hədəflərimizin həyata keçirilməsində böyük möhtəşəm qələbələrimiz mövcuddur, amma daxildə də müəyyən islahatlara, idarəçiliyin təkmilləşdirilməsinə və müəyyən problemlərin çözülməsinə ehtiyac var. Bunları isə İlham Əliyevin liderliyi ilə həll etmək mümkündür. Ona görə də prezident seçkilərindən sonra müəyyən referendum, bələdiyyə seçkiləri və islahatlarla biz regionun cazibə mərkəzi olan Azərbaycanı inşa edəcəyik”.