22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Milli geyimlərimiz bizim milli dəyərlərimizdir” – MÜNASİBƏT BİLDİRİLDİ

 “Milli geyimlərimiz bizim milli dəyərlərimizdir” – MÜNASİBƏT BİLDİRİLDİ

“Bir çox xalqların, məsələn yaponlar, hindlilər, pakistanlılar, ərəblərin və başqa xalqların öz milli geyimlərini yalnız xüsusi günlərdə deyil, elə gündəlikdə də geyindiklərinin şahidi oluruq”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında sosioloq Zəminə Səfərova deyib.

 

Sosioloq bildirib ki, Azərbaycanda isə bu hal müşahidə olunmur: “Bəlkə, küçədə milli geyimli qız və ya oğlan görsək, bunu çox qəribə qarşılayarıq. 3-4 il öncə QHT sədrləri Milli geyimlərdə Bakı şəhərinin mərkəzi küçələrində və Milli parkda yürüş etmişdilər və bu, əhali tərəfindən çox yaxşı qarşılanmışdı, hətta insanlar gəlib milli geyimdə olan insanlarla fotoşəkillər çəkdirirdilər. Əslində, hər bir şəxsin geyimi ilə onun zövqünü, xasiyyətini, psixologiyasını müəyyən etmək mümkündür.

Milli geyim xanımlarımızın xanım-xatunluğuna, yerişinə, oturuşuna, duruşuna çox müsbət təsir edir. Bunu həm də kişilərə aid etmək olar. Əlbəttə, milli geyimlərimizi gündəlik geyinmək bir az çətinlik yarada bilər. İctimai nəqliyyat, işə tələsmək və sairə, amma ziyafətlərdə, toy mərasimlərində, beynəlxalq tədbirlərdə, sərgilərdə milli geyimlərimizdən istifadə etmək olar və çox da müsbət qarşılanar. Əsas odur ki, insanda kompleks olmasın.

Şahidi olmuşam ki, əksəriyyət səfirliklərin nümayəndələri və iş adamları və miqrantlar öz ölkələrinin milli geyimində tədbirlərə qoşulurlar. Bu, həm də ölkələrinin milli geyimləri və mədəniyyətlərinin təbliğidir. Şəhərin mərkəzində gedərkən geyimlərdən artıq bilirik bu vətəndaş hansı ölkədəndir. Çünki əksər xarici turistlər öz milli geyimində olur. Son zamanlar xaricdə yaşayan azərbaycanlılar da milli geyimlərə daha çox üstünlük verirlər. Novruz bayramında və bir çox şənliklərdə əksəriyyətinin milli geyimlərdə olduğunu sosial şəbəkələrdə paylaşımlardan izləyirik. Bu, çox bəyəniləsi bir haldır”.

“Biz yaxın ölkələrin bəzilərinə gedərkən onların qəbul etdiyi geyimləri geyinmək məcburiyyətində oluruq. Təbii ki, iqlimi də nəzərə almaq mütləqdir. Xatırlayırsınızsa, illər öncə biz hündürdabanlı ayaqqabılara, qısa geyimlərə daha çox önəm verirdik. Qarşılaşdığımız beş nəfərdən üçü belə idi. Lakin hal-hazırda daha çox idman geyimlərinə üstünlük verilir. İnsanlar özlərini daha rahat hiss edirlər. 90-cı illərdə xaricdən gələn bir qonağımdan soruşdum ki, siz Azərbaycandan hansı təəssüratlarla gedirsiniz, sizə ən təəccüblü nə oldu? O söylədi ki, məni daha çox təəccübləndirən sizin xanımların hündürdabanlı ayaqqabıları və gündəlik üzboyaları idi. Sanki sizdə hər gün ziyafətdir. Bunu hər gün, hətta gündə bir neçə dəfə etməyi necə çatdırırlar? Bu sizə əziyyət vermir və maddi imkanlar çatırmı?

Geyim mədəniyyətinin bir-birindən fərqliliyi çox şeylərlə – keçmiş ənənələr, rənglər, naxışlar, forma, tikilişinə görə və sair xüsusiyyətlərlə müqayisə edilə bilər. Milli geyim insanları bir-birinə daha çox yaxınlaşdırar, çünki hər bir ölkə öz milli geyimində öz ölkəsinin mədəniyyətini təbliğ edir. Milli geyimlərimizi geyinməsək də, tarixini, geyim növlərini öyrənməliyik ki, sabah musiqimiz, mətbəximiz kimi, onu da “qonşularımızın” mənimsədiyini görəndə təəccüblənməyək”, – deyə sosioloq əlavə edib.

 

Paylaşın:

Digər yazılar