Arxa küçələrdəki bədbəxt insanların hekayəsi – “Apatiya”
Günel Musa
Dünyada müharibələrin, iqtisadi-mənəvi böhranın, təbiətin və insan əlinin meydana gətirdiyi fəlakətlər insanların ətrafında baş verən hadisələrə qarşı laqeydliyi və vecsizliyinə səbəb olub. Elmi adı apatiya olan bu vəziyyətlə günümüzdə daha tez-tez rastlaşırıq. Son 20 ildə ölkəmizdə də insanların fərd olaraq vecsizləşməsi bütöv bir cəmiyyətin apatiyalaşmasını sürətləndirib. Sadəcə çoxumuz bunun fərqində deyilik. Fərqində olsaq belə, əksəriyyətimiz bu həqiqətlə üzləşmək istəmirik. Məhz belə məqamlarda sənət cəmiyyətə ayna tutmaqda əvəzsiz rol oynayır. Sənətkarlar cəmiyyətin öyrəşdiyi absurdluğa yeni nizam gətirilməsində memar rolunu icra edirlər.
Hikmət Rəhimovun ekranlaşdırdığı “Apatiya” filmi səliqəli və işıqlı şəhərin arxa küçələrindəki darısqal hücrələrdə yalqız qalmış, yadlaşmış, bütün əxlaq dəyərlərini itirmiş, intim duyğuları belə dəyərsiz şəkildə yaşayan bədbəxtliyin və çarəsizliyin simvoluna çevrilən ailələrdən birinin hekayəsidir.
Dayanmadan mübahisə edən, bir-birinə nifrət edən işsiz, sevgisiz və ümidsiz qəhrəmanlar 15 kvadrat metrlik bir otağın içərisində ölüm-qalım savaşındadırlar.
Bu qəhrəmanlar bizə heç də yad olmayan insanların prototipi olduğu üçün onların film boyu istifadə etdiyi jarqonlar, söyüşlü ifadələrə də bir-iki səhnə sonra qulaq alışır, hətta adama elə gəlir ki, izlədiyimiz film deyil, həyatın özüdür.
Rejissor kameranı cəmiyyətin üzləşdiyi ağrılı problemləmlərə tuşlayıb. Mövzu zərgər dəqiqliyi ilə işlənib. Yoxsul və cahil ailələrin çarəsizlikdən məktəbli övladlarını təhsildən ayırıb işə cəlb etməsi, yetkin yaşa çatmayan qızların zorla yaşı 30-u keçən nisbətən imkanlı birinə ərə verilməsi, ər-arvad arasında qaydasında olmayan cinsi problemlər, narkotik aludəçiliyi və xüsusi amansızlıqla törədilən qətllər günümüzdə sosial verilişlərdə şou materialı olaraq işlənilir. Hikmət Rəhimov isə cəmiyyətin bu ağrıyan, qanayan yarasını sənədləşdirib. Onun qəhrəmanları da səhər Elgizin, axşam Xoşqədəmin verilişinə baxırlar. Rejissor filmdə yer alan qətl səhnəsi ilə baş qəhrəmanın (Tural Baxış) yalnızlığının, bədbəxtliyinin, yoxsulluğunun ağrısını başqa bir bədənə əzab, ağrı verərək çıxartmasına işarə edir. Bütün günü evdən bayıra çıxmayan, xaraktersizləşmiş, əzilmiş, həm ailəsi, həm də Allah tərəfindən tərk edilmiş baş qəhrəmanın öz doğum günündə azyaşlı övladının gözləri önündə heç nədən xüsusi amansızlıqla qohumunu öldürməsi və soyuqqanlılıqla iki gün ailəsi ilə birlikdə öldürdüyü adamın axtarışına çıxması apatiyalaşmanın ən acı mənzərəsini gözlər önünə sərir. Rejissorun şou və reytinq bataqlığına çevrilən sosial verilişlərə ironik baxışı da diqqətdən yayınmır.
Filmdə yer alan 18+ səhnələri də bayağılıqdan uzaq problemə köklənərək işlənilib. Cəsarətli səhnələrin öhdəsindən ustalıqla gələn aktrisa Şəhla Əliqızı tamaşaçı üçün tapıntı idi. Hikmətin rejissor kimi uğurlarından biri də tanıdığımız aktyorların,
aktrisaların nə qədər geniş potensialının olduğunu tamaşaçıya göstərə bilməsidir. Bu filmdə biz Azər Aydəmiri, İlqarə Tostkanı, Tural Baxışı olduqca fərqli obrazlarda gördük.
Filmdə ən işıqlı insan balaca Akifdir. Onun divara çəkdiyi rəsmlər məhkum olduğu bu qaranlıq həyatın tam əksidir. Amma bir gün Akifin arzularının yaşadığı o divara atasının əlindən qan ləkələri sıçrayır. Film bir növ problemlərimizlə üzləşməyə səbəb olduğu üçün tamaşaçı üzərində yıxıcı təsirlər buraxır. Bu baxımdan da “Apatiya” filmi istər ssenarisi, istərsə də qəhrəmanları ilə gələcəyə qayğı dolu bir baxış kimi də dəyərləndirilə bilər.