AB dayanmaq bilmir – “Tezliklə Azərbaycanla sərhəddə…”
Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyası genişləndiriləcək.
YeniZamantv.az xəbər verir ki, bunu Belçikanın Ermənistandakı səfiri Erik de Myunk deyib.
“Mülki missiyanın rolu Azərbaycanla beynəlxalq sərhəddə təhlükəsizlik durumunu müşahidə etmək və bu barədə məlumat verməkdir. Bu, həm də Ermənistanla Azərbaycan arasında etimadın formalaşmasına töhfə verir. Bu missiya Avropanın vasitəçiliyini dəstəkləmək, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə doğru irəliləmək üçün vasitədir. Fevralın 20-də birinci ildönümünü qeyd edəcək missiya tezliklə genişləndiriləcək”, – səfir bildirib.
De Myunk Rusiya-Ukrayna müharibəsinin geosiyasi konteksti dərindən dəyişdiyini söyləyib:
“Yeni geosiyasi çağırışlar Avropaya yaxın bəzi regionlarda (eləcə də Cənubi Qafqazda) sabitliyin pozulması riski yaradır. Avropa Birliyi də Cənubi Qafqazda sabitlik və firavanlıq istiqamətində çalışır”. (teleqraf.com)