20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Həsrət Yolu” Beynəlxalq təşkilatlara Bəyanat imzaladı

 “Həsrət Yolu” Beynəlxalq təşkilatlara Bəyanat imzaladı
“HƏSRƏT YOLU” ƏSİR VƏ GİROVLARA KÖMƏK İCTİMAİ BİRLİYİNİN XOCALI SOYQIRIMININ 32-ci İLDÖNÜMÜ İLƏ BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA ÜNVANLADIĞI
                                                                                         BƏYANATI
XX əsr insanlıq tarixində ən qanlı dövr kimi xarakterizə olundu. Bu əsr bir sıra soyqırımı cinayətlərinin şahidi olmuşdur, onlardan ən dəhşətlisi isə Xocalı faciəsıdır.
1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistanın silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən, strateji əhəmiyytə malik olan Xocalı şəhəri zəbt edilərək, Azərbaycan Respublikası vətəndaşlarına qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Soyqırımına məruz qalanlar təkcə azərbaycanlılar deyil, Xocalıda yaşayan Ahıska türkləri və ruslar da olublar.
Min illərlə formalaşmış milli-mənəvi dəyərlərə, hərb mədəniyyətinə və əxlaqına zidd olan, dinc əhaliyə qarşı yönəldilmiş Xocalı soyqırımı ötən əsrin sonlarında bəşəriyyətin ən böyük və ən dəhşətli faciəsidir. Xocalıda baş verənlər tarix boyu dəhşətlə anılacaq soyqırımı aktıdır. Bu faciə erməni millətçilərinin xalqımıza qarşı yeritdikləri etnik təmizləmə və soyqırımı siyasətinin qanlı nəticəsidir.
Xocalı, sözün əsl mənasında, beynəlxalq terrorizmin ən dəhşətli qolu olan erməni terrorizminin və separatizmin qurbanı olmuşdu. Bu işğalçılıq siyasətinin başında Ermənistan dövləti, erməni silahlı birləşmələri, cinayətkar qruplar dayanırdı. Sonradan onların bir qismi müəyyən illərdə Ermənistanda və o zamankı işğal olunmuş Azərbaycan torpaqlarında müxtəlif vəzifələrə təyin edilmişdilər. Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan və digərləri bu təyinatın subyektidirlər.
Xocalı soyqırımı zamanı “müharibə hüququ” adlanan beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 76 uşaq olmaqla, 487 nəfər ağır yaralanmışdır. 56 nəfər isə xüsusi qəddarlıqlarla, işgəncələrə məruz qalaraq öldürülmüşdü. Həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günə kimi naməlum olaraq qalmaqdadır.
Xocalı soyqırımı zamanı 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya,16 dekabr 1966-cı ildə qəbul olunmuş “Mülki və Siyasi Hüquqlar Haqda” Beynəlxalq Pakt, 26 noyabr 1968-ci ildə qəbul olunmuş “Hərbi Cinayətlərə və Bəşəriyyətə Qarşı Cinayət Məsuliyyətinə Cəlbetmə Müddətinin Tətbiq Edilməməsi Haqqında” Konvensiya, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaların əlavə olunan və silahlı münaqişə qurbanlarının hinayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Əlavə Protokollar, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli 3318 (XXIX) saylı Qətnaməsi ilə qəbul edilmiş “Qadın və Uşaqların Fövqəladə Hallarda, Silahlı Münaqişələr Dövründə Müdafiəsi Haqqında” Bəyannamə kobud şəkildə pozulmuşdur.
2023-cü ilin sentyabr ayında aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı azad olunub və 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Bir müddət əvvəl işğaldan azad olunmuş Xocalı rayonunun Əsgəran qalasının yaxınlığındakı kütləvi məzarlıqların tapılması, həmin məzarlıqlardakı insan qalıqlarının üzərində işgəncə izlərinin aşkar olunması Xocalıda törədilmiş soyqırımı zamanı soydaşlarımızın xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirildiklərini, dinc əhaliyə qarşı soyqırımı siyasətinin aparıldığını bir daha təsdiqləyir.
Artıq Xocalı soyqırımından 32 il ötür. İnsanlığa qarşı törədilmiş bu cinayətin təşkilatçıları mühakimə olunmalı və öz layiqli cəzalarını almalıdırlar.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 26 fevral 1992-ci ildə törədilmiş Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətini və insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatları Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırır.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin
 sədri Esmira Orucova
25 fevral 2024-cü il
Paylaşın:

Digər yazılar