“Putin Xankəndidə…” iddiasının şifrəsi – Qukasyan bunu nəzərdə tutub
Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlər yayılır. Bu səfərin martın 4-də baş tutacağı deyilsə də, rəsmi məlumat verilməyib. Politoloq Andrias Qukasyan mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Zelenski İrəvana yalnız bir halda gələ bilər:
“Əgər Qərb gələcəkdə Rusiyanın kapitulyasiya imzalanması üçün platforma kimi Ermənistanı seçərsə… Qərb kapitulyasiyanı Xankəndidə də imzalatmaq istəyərdi, amma artıq bu mümkün deyil”.
YeniZamantv.az xəbər verir ki, Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov qeyd edib ki, Ukrayna prezidentinin Ermənistana səfərində qeyri-adi heç nə yoxdur:
“Ermənistan və Ukrayna rəhbərlərinin qarşılıqlı səfəri və aralarında hər hansı sənədin imzalanması mümkündür. Amma indiki vəziyyəti – Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazdakı prosesləri nəzərə alsaq, bu səfərin arxasında Qərb amilinin dayandığını deyə bilərik.
Qərb son bir neçə ildir Rusiyaya qarşı cəbhəni genişləndirmək niyyətindədir. Ukraynadan əlavə Qərbin bu baxımdan həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada xüsusi planları mövcuddur. Hər üç region Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Qərbin bu regionlarda möhkəmlənməsi ilk növbədə rəsmi Moskvanın zəiflədilməsinə və mühasirə siyasətinin davam etdirilməsinə yönəlib. Qərbin təhriki ilə Zelenskinin Ermənistana səfəri gözləniləndir. Çünki özünə yaxın olan iki postsovet ölkəsi – Ukrayna və Ermənistan arasında da münasibətlərdə irəliləmə baş verməsini və hər iki ölkənin Rusiyaya qarşı müttəfiqlik nümayiş etdirməsini istəyir. Bu da onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərinə daha da mənfi təsir edəcək”.
S.Zahidov vurğulayıb ki, Andrias Qukasyanın Xankəndi ilə bağlı açıqlamanı belə izah etmək olar:
“O demək istəyir ki, əgər Ermənistan zamanında Qərbə bel bağlasaydı, Xankəndi və digər Azərbaycan əraziləri İrəvanın nəzarətində qalardı. Ermənistan Rusiyaya bel bağlamaqla səhv seçim edib. Lakin onun bu fikirlərində heç bir ciddi əsas yoxdur, boş bəyanatdan başqa bir şey deyil. Çünki Xankəndi və Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Eyni zamanda Azərbaycan Ordusu Ermənistanın arxasında kim olur-olsun torpaqlarını işğaldan azad edəcəkdi.
Qərbin hazırda əsas məqsədi Ukraynanın qalib gəlməsi, Rusiyanın isə zəifləməsidir. Bunun üçün də Ermənistandan istifadə etməyə çalışır. Hətta Zelenskinin səfərində də İrəvana anti-Rusiya siyasətinin arxasında olduqlarına dair mesaj ötürəcəklər.
Onu da qeyd edək ki, sözügedən görüş Azərbaycan-Ukrayna münasibətlərinə də xələl gətirə bilər. Bütün bunlar səfərin xarakterindən və müzakirə mövzularından asılıdır”.