22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Beş ölkə Azərbaycana qarşı ittifaq qurur – Bölgəni qarışdıracaq ssenari ilə gəlirlər

 Beş ölkə Azərbaycana qarşı ittifaq qurur – Bölgəni qarışdıracaq ssenari ilə gəlirlər

YeniZamantv.az xəbər verir ki, Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynadan sonra növbəti qurbanın Ermənistan ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Sizcə, onun bu mesajının altında hansı məqamlar var?

– Rusiya-Ermənistan münasibətləri kifayət qədər gərgindir. Bu gərginlik özünü 2022-ci ilin oktyabrından açıq şəkildə göstərməyə başlayıb. Ermənistan ondan bəri KTMT-nin tədbirlərində iştirakdan imtina edir. Xüsusən də son bir ayda İrəvandan verilən anti-Rusiya bəyanatları, Qərbə doğru yönələn siyasətin təcil qazanması, Yunanıstan və Fransa ilə ittifaqın yaradılması cəhdləri göstərir ki, Ermənistan ciddi şəkildə Moskvadan uzaqlaşma siyasətini reallaşdırır. Həmçinin “Zvartnots” hava limanındakı Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı rəsmi tələblər Moskva üçün ciddi mesajlardır. Rusiya bu günə qədər təmkinli davranırdı. Yəqin Kremldə düşünlürdü ki, Ermənistan onların “qırmızı xətlər”ini keçməyəcək və maraqlarına təhdid yaratmayacaq. Amma görünən budur ki, Ermənistan Rusiyadan uzaqlaşma xəttini irəli aparmaqda qərarlıdır.

Fransa, Yunanıstan, Hindistan, Cənubi Kipr və rəsmən açıqlanmasa da, İranla birlikdə ittifaqın qurulması prosesi gedir. Belə bir ittifaqın formalaşması Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ciddi təhdidlər yaradır. Əlbəttə, bu mümkün ittifaq Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyəyə qarşı da yönəlib. Rusiya xarici işlər nazirinin Azərbaycan və Türkiyədən olan həmkarları ilə təmasları, eləcə də Baş nazir Mixail Mişustinin ikigünlük Bakı səfəri göstərir ki, Kreml İrəvanın onun düşmənləri ilə əlaqələrini gücləndirməsindən narahatdır və bu prosesin qarşısını almağa çalışacaq. Artıq bununla bağlı müəyyən gözləntilər var.

Öncədən deyilirdi ki, Rusiya bir qədər ehtiyatlı davranacaq. Əlbəttə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi istəyərdi, amma Paşinyanı əvəzləyəcək parlaq namizədinin olmamasına görə Kreml tədbirli hərəkət edirdi. İndi isə görünən budur ki, artıq Rusiyanın səbr kasası daşır, artıq müəyyən tədbirlər görmək qərarına gəlir. Rusiya reallıqda ənənəvi – sərt üzünü göstərsə, vəziyyət kifayət qədər ciddiləşə bilər.

– Bu aralar bölgədə sıx səfər qrafiki oldu. Azərbaycan müdafiə naziri Türkiyə, erməni həmkarı İrana getdi, Pakistanın Baş Qərargah rəisi Bakıya, Yunanıstan müdafiə naziri İrəvana gəldi. Rusiya Baş naziri Mixail Mişustinin ölkəmizə səfəri, xarici işlər naziri Sergey Lavrovun İrəvana zəngi də bura daxildir. Nə baş verir? Sanki məsələ təkcə Ermənistan və onun ətrafındakı durumla bağlı deyil.

– Cənubi Qafqazda regional əməkdaşlıq üçün 3+3 formatı təklif olunmuşdu. Azərbaycan, Türkiyə və Rusiya bu formatı ciddi qəbul etdi, İran və Ermənistan zorən qoşuldu. Formatın təşəbbüskarı Bakı və Ankara idi, Moskva bunu dəstəklədi. Ermənistan istisna olmaqla, qalan dörd dövlət bölgənin problemlərinin bölgə ölkələri tərəfindən həll edilməsindən yana olduqlarını bildirdi. Ermənistan müttəfiqləri İran və Rusiya tərəfindən edilən xəbərdarlığa baxmayaraq, bu xətdən çıxdı, regiona kənar qüvvələri çəkməklə bağlı xüsusi fəallıq göstərdi. Artıq bunun müəyyən nəticələri var. Xüsusən də nəzərə almaq lazımdır ki, son 20 gündə Yunanıstan və Fransa müdafiə nazirləri İrəvanda olub, müəyyən anlaşmalar imzalanıb. Yunanıstan müdafiə naziri tərəfindən dördtərəfli ittifaq məsələsi gündəmə gətirilib.

Bütün baş verənlər göstərir ki, bölgədə yeni dönəmə keçid edilir, Cənubi Qafqaz ciddi mübarizə poliqonuna çevrilir, xüsusən də Ermənistan ərazisi. Əlbəttə, Azərbaycanın Pakistan və Türkiyə ilə təmasları normal qarşılanır. Bu iki ölkə müstəqilliyimizin ilk günlərindən müttəfiqlərimiz sırasındadır, münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir, hərbi sahədə anlaşmalarımız var, Şuşa Bəyannaməsini xüsusi qeyd etmək lazımdır. Yəni Pakistan və Türkiyə ilə hərbi təmaslarımız normaldır. Amma Yunanıstan və Fransa müdafiə nazirlərinin Ermənistana ilk səfərləri, regiondankənar oyunçularla yeni ittifaqın formalaşması məsələləri regiona üçün təhdidlər yaradır. Əslində, mümkün ittifaq dördtərəfli yox, beştərəflidir. Çünki İran da prosesdə Ermənistanın beşinci tərəfdaşı rolunda çıxış edir. Yəni Yunanıstan, Fransa, Hindistan və Cənubi Kiprdən sonra İran da beşinci tərəf kimi qeyri-rəsmi formada prosesdə yer alır.

Uzun müddətdir İranla Ermənistan arasında hərbi-texniki sahədə əməkdaşlıq var. İran Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanı dəstəkləyib, 44 günlük savaşdan sonra bu dəstək açıq şəkil aldı. Üstəgəl, son illərdə erməni hərbçiləri İranın PUA-larla bağlı keçirdiyi təlimlərdə iştirak ediblər. Həmçinin erməni mətbuatının məlumatına görə, Tehran İrəvana müəyyən sayda PUA və ballistik raketlər verib. Yadınızdadırsa, ötən ilin aprelində Gorus-Laçın xəttində baş verən təxribatda İran PUA-larından istifadə olunmuşdu. İran indi də fəaldır. Tehran bir neçə ay əvvəl Ermənistana xitabla üçüncü qüvvələrin bölgədə yerləşməsinə etiraz edirdi, indi bu mövqe dəyişmiş kimi görünür. Maraqlıdır ki, avropalı keçmiş hərbçi və kəşfiyyatçılardan ibarət qrupun “mülki missiya” adı altında Ermənistanda yerləşməsinə İrandan ciddi etiraza rast gəlmirik. İran bunu sükutla qarşılayır.

– İranın məqsədi nədir?

– Tehran Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Həmçinin Rusiyanın Ermənistanda yaradacağı mümkün boşluqda yer tutmağa cəhd göstərir. Bundan başqa, Zəngəzur dəhlizinin açılması imkan verməməyə çalışır. Təsadüfi deyil ki, Tehranın xarici siyasət doktrinasında Azərbaycan İranın təhlükəsizliyinə “təhdid” kimi görülür. İran bu siyasəti Azərbaycanın möhkəmlənməsi və güclənməsinə qarşı yönəlib. Tehran Ermənistandan istifadə edərək bunu həyata keçirmək istəyir. Zəngəzur dəhlizini əngəlləməklə də, prosesdən faydalanmağa çalışır.

İran hesab edir ki, Zəngəzur dəhlizi açılarsa, bu, Azərbaycanın Türkiyə ilə əlaqələrini daha da gücləndirə, Ankara türk dünyasına birbaşa çıxış əldə edə bilər. İran bunu əngəlləməyə çalışır. Həmçinin Zəngəzur dəhlizinə mane olmaqla, nəqliyyat xətlərini öz ərazisindən keçirməklə, bundan siyasi-iqtisadi baxımdan faydalanmaq niyyəti güdür.

Başqa sözlə, bölgəmizdə ciddi geosiyasi proseslərin getdiyini əminliklə söyləmək olar. Artıq Cənubi Qafqaz, xüsusən də Ermənistan ərazisi regional və qlobal güclərin çəkişmə və rəqabət meydanına çevrilir.

– Bölgədə durumun həssas olduğu vaxtda erməni mediası Qazaxın 7 kəndinin təhvil-təslim prosesinin başlayacağını yazır. Artıq Ermənistan vətəndaşlarının həmin kəndlərə girişinin qadağan edilməsi haqda məlumat da var. İndiki məqamda bu prosesin könüllü əsasda başlaması, bu baş verməsə, digər variantlarla həlli ehtimalı nə qədərdir?

– Ermənistan mətbuatında yazılan hər şeyin doğru olduğunu söyləmək mümkün deyil. Bu kimi məlumatların önəmli hissəsi daxili siyasi mübarizə və təbliğata yönəlikdir. O baxımdan rəsmən deyə bilmərik ki, belə bir proses gedir, ya yox. Amma bilinən budur ki, Azərbaycan Qazaxın 7, Naxçıvanın 1 kəndi ilə bağlı məsələlərdə ciddidir, qərarlıdır. Ermənistan bu məsələni həll etməlidir. 10 noyabr bəyanatının çap olunmuş ilkin versiyasında bu kəndlərlə bağlı müddəa vardı, bir neçə saat sonra bu bənd çıxarıldı. Yəni Azərbaycan o zaman da bu məsələni qaldırmışdı. Yəqin Ermənistan hansısa formada məsələnin həllinə dair öhdəlik götürərək, sözügedən müddəanın sənəddən çıxarılmasına nail olmuşdu.

Prezident İlham Əliyev ötən ilin oktyabrında Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon danışığında bu məsələyə xüsusi diqqət çəkmişdi. Prezident bildirmişdi ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Bütün hallarda Ermənistan bu kəndləri boşaltmalıdır. Əgər erməni mətbuatının yazdığı doğrudursa, bu, ən yaxşı variant ola bilər. Yəni ermənilər dinc şəkildə kəndləri təhvil verməlidir. Bu olmasa, Azərbaycan hansısa məqamda bu əraziləri öz nəzarətinə götürəcək və götürməlidir.

Paylaşın:

Digər yazılar