22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“İz azdıran” Solovyovun Bakıya qarşı təxribatı – Moskva hara baxır?

 “İz azdıran” Solovyovun Bakıya qarşı təxribatı – Moskva hara baxır?

“Krokus Siti Holl”da dəhşətli terror aktı Rusiyanın dost və düşmənlərinin təkcə sərhədlərindən kənarda yox, öz daxilində də olduğunu ortaya çıxardı, xüsusilə Rusiya efirlərinin “ideoloqu” kimi təqdim edilən Vladimir Solovyov kimi təxribatçıların simasında rus xalqı bu haqda düşünməlidir.

Solovyov terror aktında şübhəli bilinən şəxslərin hansınınsa soyadında guya “oğlu” sözünün olduğuna istinad edərək, onun azərbaycanlı olması ehtimalını irəli sürür və baş verən teraktla Azərbaycan arasında əlaqələrin olmasına ehyam vurur. Bu, baş verən terrorun “izinin” axtarışı, yaxud belə axtarışlar zamanı yol verilməsi mümkün olan yanlış deyil, çünki iddianı irəli sürən başqası yox, məhz Solovyovdur və bu amil məsələnin Azərbaycana, həm də Rusiyanın özünə qarşı təxribat məqsədi daşıdığını deməyə əsas verir. Və suallar yaradır:

– Belə iddialarla ictimai rəyi çaşdırmağa çalışan Solovyov terror aktı ilə bağlı istintaqın gedişinə təsir etməyə, izi teraktın sifarişçilərində yayındırmağa çalışır?

– Solovyov belə həssas məqamda azərbaycanlıları hədəf göstərməklə Moskva-Bakı münasibətlərini niyə “baltalamağa” çalışır, ona bu sifarişi kimlər verir?

Terror aktı ilə bağlı istintaqın getdiyi bir vaxt hansısa uydurma “izə” istinad edərək, azərbaycanlıları hədəf göstərmək ilk növbədə ictimai rəyi çaşdırmaq və istintaqın gedişinə təsir etmək məqsədi daşıyır. İstisna edilməməlidir ki, Solovyov iz azdırır, diqqəti teraktın arxasındakı həqiqətlərdən yayındırmağa çalışır. Bununla yanaşı, azərbaycanlıların hədəf göstərilməsi belə bir həssas məqamda Rusiya-Azərbaycan münasibətlərini pozmağa hesablanmış addımdır və sirr deyil ki, bunu Rusiyadakı erməni diasporu/lobbisi sifariş verib. Solovyovun Rusiyadakı erməni oliqarxların əlində oyuncaq olduğunu və yumşaq desək, onların “ağzı” kimi çıxış etdiyini nəzərə alanda da, buna əminlik yaranır.

Azərbaycana qarşı informasiya təxribatının məqsədləri arasında təkcə azərbaycanlıların hədəfə alınması, Bakı-Moskva xəttində çatların yaranması yox, həm də ermənilərin qorunması da yer alır. Buna səbəb terror aktında “erməni izi”nin olmasına dair məlumatların yayılması ola bilər.

– rusiyalı jurnalist Oleq Kaşin “Krokus Siti Holl”dakı terror aktının ermənilər tərəfindən törədilə biləcəyi fikrini irəli sürdü;

– Rusiya mediasında terrorçuların hücum zamanı erməni dilində söyüşlər söydüyü haqda informasiyalar yayıldı;

Görünür, erməni oliqarxalar bu informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən yayındırmaq məqsədilə Solovyova “azərbaycanlıların hədəf göstərilməsi” tapşırığını verib və sonuncu həmişə gördüyü işi növbəti dəfə həvəslə icra edib.

Bu iddialar Rusiyada erməni diasporu/lobbisinin uzun zamandır nail olmaq istədikləri Azərbaycanın adının terror təşkilatları ilə hallandırılması planının da tərkib hissəsidir. Martarita Simonyan, Aram Qabrelyanov və digər erməni əsilli jurnalistlər, o cümlədən, onlarla eyni missiyanı həyata keçirən Solovyov kimilər İŞİD terrorçularını zaman-zaman Azərbaycana bağlamağa çalışır. 2016-cı ildə Aram Qabrelyanovun mediaya sızan yazışmaları bunu təsdiq edən faktdır.

A.Qabrelyanov rəhbərlik etdiyi “Life” telekanalının Suriyadakı müxbiri Artur Kebekovla yazışmalarında ondan İŞİD üzvlərindən kiminsə “ermənilərlə müharibədə azərbaycanlılara kömək etməyə getdiklərini” deyərsə, bu haqda məlumat verməyini istəyir. Kebekov deyir ki, İŞİD-də sünnilər döyüşür, Azərbaycanda isə əhalinin əksəriyyəti şiələrdir. Qabrelyanov bildirir ki, bu o qədər də “vacib deyil”, əsas olan belə bir “məlumatın” tapılmasıdır.

Başqa bir yazışmada Artur Kebekov rəhbəri Qabrelyana “İŞİD-dən Qarabağa azərbaycanlı axını” ilə bağlı yaxşı çıxışlar etdiklərini deyir. Digər bir yazışmada Kebekov Qabrelyanovdan “Qarabağda İŞİD-lə bağlı mövzunu” daha da “genişləndirmək” lazım olub-olmadığını soruşur. Qabrelyan bildirir ki, “hələ lazım deyil, çünki digər media Qarabağda İŞİD-lə bağlı təbliğata başlayıb”. Qabrelyan onu da iddia edir ki, “Ərdoğan İŞİD-dən 500 nəfəri toplayıb təyyarə ilə Bakıya göndərib”.

Qabrelyanın Marqarita Simonyan arasındakı yazışmalarda da Azərbaycana qarşı təbliğat kampaniyasının qurulmasından bəhs olunur.

Bu yazışmalar Rusiya mediasında kök atmış erməni lobbisinin Azərbaycan haqqında uydurma məlumatlar yaydığı, anti-Azərbaycan kampaniyasını öncədən hazırlayaraq, dövriyyəyə buraxdığını ispat edir. Solovyovun “Krokus Siti Holl” terrorunda “azərbaycanlı izi” axtarması da Azərbaycanla bağlı feyk informasiyaların hazırlanması və dövriyyəyə buraxılması prosesin davamıdır.

Erməni lobbisinin sifarişi ilə dövriyyəyə buraxılan bu feyk informasiyaların hansı mənfi nəticələrə səbəb olacağı da ortadadır:

– İctimai rəyi çaşdırmaqla diqqəti həqiqətlərdən yayındırır;
– Terror aktı ilə bağlı aparılan istintaqa təzyiq edilir və “iz” azıdırır;
– Azərbaycan və Rusiya arasında münasibətləri “baltalamaq” məqsədi daşıyır;

Bu baxımdan, Rusiya dövləti belə iddiaların irəli sürülməsinə daha həssas yanaşmalı və Bakı-Moskva münasibətlərinin pozulması məqsədi ilə artıq “neçənci dəfədir” təxribat törədən Solovyova səhvlərini izah etməlidir. Solovyovun özü isə iddialarını geri götürməli və Azərbaycandan üzr istəməlidir. Bu, onun birinci üzrü olmayacaq, 2022-ci ildə Qarabağdakı separatçıları efirinə çıxardığı, Azərbaycanın suverenliyinə qarşı addım atdığı üçün iki dəfə üzr istəmiş, bununla həm də öz yalanlarını özü ifşa etmişdi. Növbəti üzrü üçüncü ola bilər və bu, onun üçün özünüifşası baxımından yeni hadisə deyil.

Asif Nərimanlı
(publika.az)

Paylaşın:

Digər yazılar