Tehran sükut içində: “Qırmızı xətt” tapdalandı – “Böyük Şeytan” İrana yaxınlaşır
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa Birliyi-Ermənistan konfransı haqda fikriniz necədir? Qərb bölgədə nə planlaşdırır?
– Ermənistan təxminən son üç ildə xarici siyasi vektorunu ciddi şəkildə dəyişib, artıq Qərb strukturlarına yaxınlaşma xəttini həyata keçirir. Əlbəttə, Ermənistanı buna təşviq və təhrik edən dövlətlər var, bu mənada xüsusən Fransanı qeyd etməliyik. Ümumiyyətlə, Ukrayna savaşının başlaması ilə Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurması daha ciddi xarakter alıb. Artıq Qərb Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq niyyətini gizlətmir. Bu prosesdə də əsas vasitə kimi Ermənistandan istifadə edilir. Son bir ildə bu çərçivədə Ermənistana müəyyən güzəştlər olunur, təhrikedici vədlər verilir.
“Güzəştlər” dedikdə bunu nəzərdə tuturam: Ermənistan beynəlxalq sanksiyalardan yayınmağa çalışan Rusiyaya yardım edən əsas ölkələr sırasındadır. ABŞ Dövlət Departamenti və müxtəlif Qərb qurumları da bunu etiraf edib. Qərb mətbuatında bununla bağlı silsilə yazılar dərc olunub. Hətta Nikol Paşinyan ötən il Almaniyada səfərdə olanda jurnalistlər Kansler Olaf Şolza bununla əlaqədar sual da ünvanladılar. Hətta ABŞ dövlət katibinin müavini Ceyms Obrayn məsələni müzakirə etmək üçün ötən il İrəvana səfər etmişdi. Amma Ermənistanın bu qanunsuz hərəkətlərinə baxmayaraq, Qərb sanki ona göz yumur və İrəvanı digər istiqamətə çəkir.
– Ümumiyyətlə, birgə hərəkət etmək barədə qərar verən ABŞ və Avropa Birliyi Ermənistana təhlükəsizlik zəmanəti verə bilərlərmi, yaxud onların Cənubi Qafqazla bağlı hazır planları varmı?
– Məncə, bu məsələnin kökü ötən ilin oktyabrında Azərbaycan prezidentinin iştirak etmədiyi Qranada görüşü və bundan sonrakı dövrdə qoyulub. Ermənistana Rusiyadan uzaqlaşması üçün müəyyən təşviq və təlimatlar lazım idi. Məhz bu dövrdə Fransadan Ermənistana “Bastion” texnikaları göndərildi, Hindistandan silah tədarükü başladı. Hindistan məsələsində də Fransanın ciddi rolu var. Çünki Hindistanın Ermənistana satdığı silahların əksəriyyəti Fransa lisenziyası ilə və ya onunla müştərək istehsal olunur.
Ermənistana müəyyən vədlər veriləcək. Baxmayaraq ki, ABŞ rəsmiləri baş verənləri “iqtisadi amillər”lə əsaslandırmağa çalışırlar, guya Ermənistan öz iqtisadiyyatını şaxələndirməyə çalışır, Rusiyadan asılılığı azaltmaq istəyir. Amma biz bilirik ki, ABŞ və Avropa Birliyi Ermənistanda “mülki missiya” adı altında xəfiyyə və kəşfiyyatçılardan ibarət qrup yerləşdirib. İndi bu missiyanı genişləndirməyə çalışırlar. Faktiki olaraq, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin də qeyd etdiyi kimi, NATO missiyasına çevrilməkdədir. Çünki artıq missiyaya Avropa Birliyinə üzv olmayan dövlətlərin nümayəndələri də qatılıblar, yaxud qatılmaları gözlənilir. Bu baxımdan, Ermənistana müəyyən hərbi vədlərin verilməsi mümkündür.
Hərbi təminatlarla bağlı müəyyən razılaşmalar ola bilər. Amma bütün hallarda birmənalı şəkildə bilinən məsələ odur ki, bu görüş Cənubi Qafqazda gərginliyin artırılmasına yönəlmiş addım olacaq. Ermənistanla birtərəfli qaydada belə görüşün keçirilməsi və onun təşviq edilməsi bölgədə sülhə vurulacaq ən böyük zərbələrdən biri sayılmalıdır.
– Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbə inteqrasiyanı gücləndirən Ermənistana xəbərdarlıq etdi. Bu xəbərdarlıqdan sonra Rusiya Ermənistanla bağlı hansı yolu tutacaq?
– Lavrovdan əvvəl Kremlin sözçüsü Dmitri Peskovdan maraqlı açıqlama olmuşdu. Peskov İrəvana Rusiyada Ermənistandan daha çox erməni yaşadığını və onların hər il ölkələrinə bir neçə milyard dollar göndərdiklərini xatırlatdı. Bu, incə mesaj sayıla bilər. Ardınca Mariya Zaxarovanın daha sərt ritorikasını gördük. Zaxarova açıq şəkildə 5 aprel görüşünü Qərbin Ermənistanın əliylə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq və sülh prosesinə zərbə cəhdi kimi qiymətləndirdi. Lavrovun çıxışında isə Ermənistanla bağlı daha çox konkretlik vardı. O, Ermənistan rəhbərliyini yalan danışmaqda və Rusiyaya böhtan atmaqda ittiham etdi və onun pozucu fəaliyyətinə diqqət çəkdi. Lavrovun ən mühüm fikirlərdən biri də, Ermənistandakı “mülki missiya”nın NATO missiyasına çevrilməsi ilə bağlıdır.
Rusiyanın Qərb strukturlarına münasibəti mənfi olsa da, NATO məsələsi bu mənada xüsusi yerə malikdir. Deyə bilərik ki, NATO məsələsi Rusiya üçün qırmızı xətdir. Məsələn, bu gün Ukraynada davam edən müharibə məhz Kiyevin NATO-ya inteqrasiyası bəhanəsi ilə başladılıb. O baxımdan, Lavrovun Ermənistanla bağlı bu fikri xüsusilə diqqət çəkir. Qərblə Ermənistan arasında əlaqələr daha da dərinləşəcəksə, 5 aprel görüşündən konkret nəticələr çıxacaqsa və Rusiya bunu özünün qırmızı xəttinin keçilməsi kimi qəbul edəcəksə, o zaman vəziyyət daha da gərginləşəcək. Bundan sonra Rusiya yumşaq gücünü göstərməklə yanaşı, sərt addımlara da gedə bilər. Rusiyanın münasibətinin necə olacağını aprelin 5-dən sonra aydın şəkildə görəcəyik.
Bir sözlə, Peskovun açıqlaması, 4 kəndin qaytarılması ilə bağlı Ermənistanda yaradılan gərgin vəziyyət, eləcə də keçmiş separatçı rejimin nümayəndəsi Şahramanyanın gözlənilmədən özlərini “mühacirə hökumət” adlandırması, bu ölkədə daxili gərginliyin artırılmasına yönələn faktorlar kimi qiymətləndirilə bilər. Rusiyanın özünə yaxın saydığı “Qarabağ klanı”nın da dəstəklədiyi bu şəxsin belə fikirlər səsləndirməsi və Paşinyanın ona qəzəbli təpkisi bundan qaynaqlanır.
– Ermənistanın riskli addımlarına bölgə ölkələrindən yalnız İran susur. Mollalar “Böyük Şeytan”, “Əbədi düşmən” adlandırdıqları Amerikanın öz sərhədi yaxınlığında, “qırmızı xətt” elan etdikləri Ermənistanda yerləşməsini niyə sükutla qarşılayırlar?
– Mən İranın Qərb, xüsusilə ABŞ ilə böyük mənada düşmən olduğunu düşünmürəm. Çünki bir çox istiqamətlərdə tərəflər arasında fikir ayrılıqları olsa da, bəzi konkret məsələlər var ki, orada mövqeləri eynidir. Mövqelərin eyni olduğu bir məsələ də Ermənistanla əlaqəlidir. Digəri də PKK-kürd məsələsidir, bu çərçivədə ABŞ və İranın İraqda hansı formada koordinasiyalı fəaliyyətdə olduğunu bilirik. Bu, Ermənistana da aiddir. Bəli, İrəvanın Qərbə inteqrasiyası, Avropa Birliyinin “mülki missiya” adı altında öz casus şəbəkəsini Ermənistan-Azərbaycan sərhədində, hətta Zəngəzurda yerləşdirilməsi İran tərəfindən mənfi təpki ilə qarşılanmadı. Fransanın Qafanda konsulluq açmasına da Tehrandan reaksiya görmədik, eləcə də Ermənistanın öz ərazisində ABŞ və Fransa hərbçiləri ilə keçirdiyi təlimlərə…
Tehrandan verilən bəyanatlar deklorativ xarakterlidir. İran prezidenti və xarici işlər naziri Cənubi Qafqazın problemlərinin regional çərçivədə həll edilməsindən yana olduqlarını desələr də, Tehran bu bəyanatlarına uyğun davranmır. Əksinə, Ermənistanı revanşizmə təhrik edilməsində aktiv iştirak edən ölkələrdən biri İrandır. Təsadüfi deyil ki, Ermənistan müdafiə nazirinin martın əvvəlində Tehrana səfərində tərəflər arasında hərbi əməkdaşlıq məsələsi də müzakirə edilmişdi. Yəni İranın davranışları bizim üçün təəccübli deyil. İran üzdə “Qərbə kəskin münasibət”inin olduğunu göstərsə də, bir sıra məsələlərlə bağlı həm Cənubi Qafqaz, həm də digər bölgələrdə Qərb və ABŞ ilə yaxın təmaslardadır və onlarla əməkdaşlıq edir.