12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Təpədən-dırnağacan şair – KÖHNƏ KİŞİ

 Təpədən-dırnağacan şair – KÖHNƏ KİŞİ

Bu gün həmişə ədəbiyyata ilahi bir qüvvəylə bağlandığını deyən tanınmış şair Zakir Fəxrinin doğum tarixidir. O, 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olub. Şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

76 yaşını tamamlayan Zakir Fəxri dünyaya gəlişini bir şeirində belə ifadə edib:

Yolumu sapdım, deyəsən,
Bu dünyaya azıb gəldim.
Göy üzü dərddən çatladı,
Qoşulub bir damla suya,
Mən o çatdan sızıb gəldim…

Zakir Fəxri dünyanın hər üzünü görmüş, bərkə-boşa düşmüş, amma əyilib-sınmamış adamdır.

“İllər ötdü, yaş keçdi, görkəmi dəyişdi.. Amma xasiyyəti dəyişmədi ki, dəyişmədi. Həmişəki Zakir Fəxri olaraq da qalır!!!”, – Zakir Fəxrini yaxından tanıyan adamlar belə deyirlər.

Qızı Aynur Sabitova atasına özəl gündə xüsusi təbrik ünvanlayıb:

“Dostları demişkən, uşaqlara xas şıltaqlıqla, ərköyünlüklə, gəncliyə xas çılğınlıqla, ahıllığa xas müdrikliklə, yaradıcı insanlara xas emosionallığı ilə yeni yaşına qədəm qoydu bu gün gözəl Atam, sədaqətli Dostum, könül sirdaşım mənim!!!
Düşüncə aydınlığı mahiyyətindəki saflıqdan irəli gələn, qəlbi kövrək bu Adam başdan-ayağa enerji dolu, daim səs-küylü oldu. Siz həmişə bu İnsanın xarakterinə, mərdliyinə, qəlb genişliyinə arxayınlıqla söykənə bilərsiniz. Bu insanın övladı olmaq da ayrı bir şansdır.
Ad günün mübarək Zakir Fəxri!!!”.

Bu təkcə Zakir Fəxriyə övlad sevgisi deyil, Sözün haqqını verməkdir.

Şairi doğum günündə dostları da tək qoymayıblar.

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid onunla bağlı fikirlərini Modern.az-la bölüşüb.

“Zakiri yaxından tanıyıram. Dostumdur, gözəl şairdir. O, fərqli bir adamdır, həssas insandır. Zakirin şeirləri, xüsusən də torpaqlarımızın işğalda olduğu vaxt Qarabağ haqqında yazdığı şeirləri çox insana təsir etmişdi. Bu şeirlər insanlarda nisgil yaratmışdı. Onun şeirlərinə gözəl mahnılar bəstələnib. “Qalmaz belə, qalmaz dünya” şeirinə Zeynəb Xanlarovanın oxuduğu mahnı bir zamanlar çox məşhur idi. Onun şeirlərini daha çox oxumaq lazımdır.
Mən Zakirə can sağlığı arzu edirəm. Onunla birlikdə Şuşada, “Vaqif” poeziya günlərində olduq. Gün o gün olsun ki, Ağdam da tez-tez olaq. Yazsın, yaratsın, təbrik edirəm”.

Deputat Aqil Abbas da Zakir Fəxrini hamıdan əvvəl təbrik edənlərdəndir:

“Onu zəng edib, təbrik etmişəm. Allah can sağlığı versin. Bəxti gətirib ki, aprelin 3-də doğulub. Aprelin 1-də doğulsaydı, həmişə mənim adımı çəkərdilər, o yada düşməzdi.
O, çox çətin yol keçib. Boş yerə şərlənib, həbsxanaya düşüb. Bakıda türmədə yatdığı halda, Sibirə sürgün edilib. 5 ildən sonra Rəsul Rza onu əfv etdirib.
Zakir çox gözəl üslubu olan şairdir. Azərbaycanda bu gün üç şairin – Ramiz Rövşən, Vaqif Bayatlı və Zakir Fəxrinin öz üslubu var.
Qardaşı Birinci Qarabağ müharibəsi zamanı universitetin Hüquq fakültəsinin 4-cu kursunu atıb  Ağdamda döyüşməyə getmiş və orada şəhid olmuşdu.
Zakir Fəxrinin şeirlərini əzbər bilirəm. Onun “Ana torpaq, müğayət ol anamdan” şeirini isə daha çox bəyənirəm”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi:

“Sözümüzün fəxri – Zakir Fəxri daha bir yaş “cavanlaşdı”. Özü səslü-küylü, gözü qəmli, ruhu təlatümlü, ürəyi kövrək… Zakir Fəxri gənclik illərimin mənə bəxş etdiyi, hədiyyə verdiyi qənimət adamların, köhnə kişilərin bir misalıdır. Allah uzun ömür, coşqun təb, sağlamlıq nəsib etsin! Məmməd Arazın məşhur misrası vardı. O misraya Məmməd Arazın özünün yanında çox insanın adını yazmaq olar. Onlardan biri də Zakir Fəxridir. Haqqın var, Zakir Fəxri, haqqın var yaşamağa…”.

“Azan mənim üçün ən mənalı sədadı. Məni həyata bağlayan məhz budur. O səsdə Allahın ilahi gücü var” deyən Zakir Fəxrinin özü də ad günü təəssüratlarını Modern.az-a danışıb.

Şair doğum günü ilə bağlı hisslərini öz şeiri ilə belə ifadə edib:

– Başqa aləmdəydim, bambaşqa yerdə, təkdim, tənha idim, nə səs, nə səmir,
Göylərdə dolaşan azmış ruh idim, bəlkə Adəm idim, bəlkə Nuh idim.
Bir şirin səs gəldi, səslədi məni, bilmədim-bilmədim su səsiydi o,
Bilmədim-bilmədim qu səsiydi o.
Çəkib bu aləmdən qopartdı məni, çəkib sinəsinə apardı məni,
Gülünü oxşadım, çiçəyini oxşadım,
Suyunu üzünə çırpdım, dağını-daşını sevdim.
Qara qaşlı qızlarını, yaraşıqlı qızlarını sevdim, sevdim,
Sevə-sevə bağlandım dünyaya.
Sevə-sevə bağlandığım dünya gör neynədi?
Dünya məni saqqız kimi çeynədi…

Budur mənim üçün dünya. Bir gün bir dərviş yaxınlaşır insanlara, görür ki, hamı deyir-gülür. Deyir mən də gülmək istəyirəm. Bu an göydən səda gəlir ki, dön geri, sənlik deyil.
İnsan doğulanda özü ağlayır. Bu dünyadan köçəndə isə kimlərsə onun üçün ağlayır. İlk və son budur. Ortada qalan həyatdır. Mən demək istəmirəm ki, yaşamasınlar. Bəşəriyyət yaşamaq üçün doğulub, yaşamaq bir sınaqdır. İnsan bunu dərk etsəydi ki nə deməkdir, o, heç bir zaman pis xislətli olmazdı. Amma Yaradan qüdrətlidir. O da belə rəngarəng yaradıb ki, seçə biləsən, pisi yaxşıdan, dəyərlini, dəyərsizdən. Dünya dəyərin üstündə qurulub. Nizami Gəncəvi “Eşqsiz ey dünya nədir dəyərin?” dedikdə Allaha sevgini nəzərdə tutub. Allahı tanımayan Yer üzündə nə dəyər yiyəsi ola bilər ki?.

Şair doğum günündə dostlarından aldığl təbriklərin onun üçün ən böyük mükafat olduğunu vurğulayıb:
“Dostlar dünən gecədən təbrik edirlər. Mənim taleyim məlumdur, bu təbrik qəmin, dərdin təbrikidir. Amma təbrik o mənada da yaxşıdır ki, mən yaşaya bildim. Allah güc verdi, yanımda oldu. Bu qaranlıq dünyanın içində dolaşa bildim. Hər kəsə can sağlığı arzulayıram, dəyərləri yaşadın. Bir milləti məhv etmək üçün onun əlindən iki şeyi alırlar: dəyərləri və təhsili. Bunların ikisini də qoruyun”.

Zakir Fəxrinin şair kimliyi haqqında çox şeylər deyilib, yazılıb, hələ bundan sonra da çox yazılar yazılacaq, deyiləcək… Şairi biz də təbrik edir, möhkəm can sağlığı, uzun ömür arzulayırıq! Yaşasın və yaratsın!

Paylaşın:

Digər yazılar