Paşinyan 350 milyonla nələr edəcək? – “Üç ölkə Ermənistana qarşı hərəkətə keçə bilər”
Aprelin 5-də Brüsseldə keçirilən görüşdə Avropa İttifaqının növbəti 4 il ərzində 270 milyon avro, ABŞ-ın isə 65 milyon dollar yardım ayırıcağına dair bəyanatlar Ermənistanda birmənalı qarşılanmayıb. Çoxları bunu Rusiyadan Ermənistana illik pul dövriyyəsi ilə müqayisə edərək az olduğunu bildirilər.
Həmçinin Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının deputatlarının Rusiyadan uzaqlaşmaq müqabilində bu görüşdən milyardlarla dollar dəyərində yardım gözlədikləri, lakin nəticənin onları qane etmədiyi və təəccübləndirdiyi bildirilir. Erməni politoloqların fikrincə, Qərb Moskva və Bakı ilə bağlı qeyri-adekvat qərarlar qəbul etdiyinə görə Paşinyana cəmi 350 milyon dollar verir. Bəziləri isə Qərbin az yardım göstərərək Bakı ilə əlaqəni pozmamağa çalışdığını deyir.
Bəs bu məbləğ Ermənistana necə kömək edə bilər? İrəvan Rusiyadan imtina qarşılığında bu məbləğlə razılaşacaqmı? Yoxsa maliyyə axınının davamı gözlənilir?
YeniZamantv.az xəbər verir ki, mövzunu Globalinfo.az-a dəyərləndirən siyasi şərhçi Həşim Səhrablı ABŞ və Aİ-nin Ermənistana ayırdığı vəsaitin gözlənilən qədər olmadığını bildirib:
“Avropa İttifaqı (Aİ), ABŞ və Ermənistan arasındakı bu görüş İrəvan üçün gözləniləndən xeyli aşağı səviyyədə keçdi. Çünki erməni politoloqlar da ayrılan yardım miqdarının azlığından şikayət edir, daha böyük büdcənin lazım olduğunu bildirirlər. Çünki reallıq budur ki, Ermənistanın ordu və hərbi-texniki vasitələrlə Azərbaycanla mübarizədə uğur qazanması üçün bu məbləğ ona kifayət etmir. Həmin 350 milyonu bütövlükdə hərbi texnikanın alınmasına sərf etsələr belə, bu, yenə də Azərbaycanla aradakı fərqi azaltmaq üçün yetərli olmayacaq. Eyni zamanda nəzərə alaq ki, bu məbləğ tam olaraq hərbi sahəyə yönəldilməyəcək. Ayrılan vəsait texnologiya, iqtisadiyyat və s. kimi bir çox sahələrin inkişafı üçün bölünəcək”.
H.Səhrablı qeyd edib ki, İrəvanın Qərblə bağlı addımları İranın Ermənistana qarşı siyasətini yenidən nəzərdən keçirməsi ilə nəticələnə bilər:
“Ermənistan ABŞ və Qərbi seçərsə, onun Azərbaycandan daha böyük, Rusiya və İran kimi düşmənləri olacaq. Bu gün İran hər nə qədər anti-Azərbaycan siyasətinə görə Ermənistanı “qırmızı xətt” kimi dəyərləndirsə də, vəziyyət dəyişə bilər. Tehran onun əsas rəqibləri olan Qərb və ABŞ-la yaxınlaşmasına görə İrəvana qarşı siyasətini yenidən dəyərləndirəcək. Çünki Azərbaycan İran üçün Qərb qədər böyük düşmən hesab edilmir. Tehran ABŞ və Aİ ilə bağlı riskləri doğru dəyərləndirəcək, beləliklə onlar üçün Azərbaycan “təhlükəsi” ikinci plana keçmiş olacaq.
Türkiyə də artıq bir müddətdir ki, Ermənistanla mülayim dildə danışmağa, diplomatik əlaqə qurmağa çalışır. Lakin İrəvan dəfələrlə iranmeylli, rusiyameylli siyasəti ilə bunun üzərindən xətt çəkdi. İndi də qərbmeylli siyasəti ilə bu addımı atır. Belə olan halda Türkiyə də Ermənistanla bağlı tədbir görülməsində maraqlı olacaq”.
Ekspert Qərbin gələcəkdə yardım miqdarını artırmasının İrəvandan asılı olduğunu deyib:
“Yekun olaraq Ermənistanın son siyasi addımlarından Azərbaycanla yanaşı, İran, Rusiya və Türkiyə kimi region ölkələri də narazıdır. Belə olan halda Ermənistanda qısa zamanda elə bir hərbi sənaye formalaşdırılmalıdır ki, təkcə Azərbaycana deyil, daha böyük təhlükələrə qarşı özünü müdafiə etsin. Avropanın və ABŞ-ın ayırdığı 350 milyon isə bunun üçün kifayət etmir. Qərbin belə bir taktikası var – yardımı birdəfəlik etmir. Hissə-hissə həyata keçirir. Dəstək verdiyi tərəfin bu maliyyəni necə istifadə edəcəyini izləyir. Yəni bu vəsait Ermənistana ilkin yardım kimi verilib. Qərb sonra həmin məbləğin necə istifadə edildiyini dəyərləndirəcək. Ermənistan bu nöqtədə özünü doğruldarsa, yardımların davamı ola bilər. Lakin Qərb İrəvana heç bir halda həlledici dəstək verə bilməz. Ermənistanın Rusiyadan iqtisadi asılılığı o qədər güclüdür ki, onu tez bir zamanda Qərblə əvəzləmək qeyri-mümkündür”.