RƏQS EDƏ BİLMƏYƏNLƏRİN ZAMANI…
Küçənin ortasında rəqs edən adam düşünün. Musiqisiz filansız. Musiqi var. Ancaq rəqs edənin qulaqlarındadır, yalnız özü eşidir.
İlk baxışda nədi ki, adam rəqs edir də. Nə olsun ki, əvvəlki kimi toyda, şənlikdə, konsert salonlarında yox, küçədə, həm də təkbaşına rəqs edir. Ürəyi istəyir, rəqs edir. Bu da bir şənlikdir. Lap elə olsun fərdi şənlik. Ya iki nəfərin şənliyi. Haradan baxsan şənlikdir. Həm də incəsənət. Axı pis rəqs etmir(lər). Amma heç baxan da yoxdur. Ətrafda hamı öz işindədir. Kimi gedir, kimi gəlir, kimiləri dayanıb söhbət edir, tək-tük başını çevirib baxanlar da instiktiv diqqət kəsilir. O da ani. Çünki artıq küçənin ortasında, parkda-filanda fərdin və ya kiçik qrupun qəfil durub rəqs etməsi yeni bir şey deyil. İşini buraxıb qoşulan olur, təəccüblənən, narazı qalan yox. Hətta yolu kəsilmiş maşın dayanıb, işıqforun qırmızı işığındaymış kimi sbrlə gözləyir ki, “rəqqas” ya işini bitirsin, ya da bəlkə oynaya-oynaya yoldan çəkilər. Dediyim kimi, heç kim təəccüblənmir, hirslənmir, çünki artıq belədir.
30 il əvvəl bu hərəkətə dərhal tutulub aparılacaq adam indi belə şeyi ağlına da gətirmir. İndi 30 il sonranı düşünək. Artıq küçədə-filanda rəqs etməyən adam cəmiyyətə yad görünür. Çünki hamı atılıb-düşür, rəqs edir, ən azı “rəqs meydançası”ndan keçən ani də olsa prosesə qoşulur, ərazini atılıb-düşə, əl-qol oynadaraq keçir. Yoxsa, bəlkə də tutulub aparılar. Niyə? Çünki artıq bu bir norma, həyat tərzidir və o (rqsə qoşulmayan), növcud normaları pozur.
Həmin vaxt artıq küçədə lüt gəzən adamlara heç kim fikir verməyəcək (Indi rəqs edənə fikir verən olmadığı kimi). Ətrafda hərə öz işində olacaq. Çevrilib çılpağa baxan da olsa, instiktiv və ani edəcək bunu. Nədir ki, adam(lar)dı də, nə olsun lütdü(lə)r. Göstərdiyi də hamıda olndandır. Haradan baxsan, Allahın yaratdığıdır. Hələ bəlkə bir az da mədəniyyətdir. Olsun yeni mədəniyyət. Amma mədəniyyətdir. Hamı görür, heç kim heç nə demir, nəsə deməyi ağlına gətirən də yoxdur, nəsə demək də olmaz, amma soyunub qoşulmaq olar. 30 il əvvəl bu hərəkətə görə dərhal tutulardı, aparılardı. Amma 30 il sonrakı adam bunu heç ağlına da gətirmir.
İndi daha 30-40 il sonranı düşünürük. Artıq küçədə lüt gəzməyən yoxdur. Təsadüfən paltarlı gəzən olsa, cəmiyyətə yad görünür.
Daha 40-50 il sonra havalar daima istidir, küçədə-bayırda yenə hamı lütdür, orada-burada cütləşənlər gözə dəyir, ərazidən keçənlərdən cütləşənlərə qoşulanlar da olur. Parkda-xiyabanda uşaq dünyaya gətirənlər var. Bir yanda kimsə təbii ifrazatını küçənin ortasına boşaldır, o biri yanda biri başqasının yediyini əlindən qapıb öz ağzına basır. İtələşirlər, dalaşırlar, güclü qalib gəlir, ya da söyüşməklə kifayətlənib, ayrılırlar. Fərqli cinslər, arientasiyalardırsa, bəlkə hələ ayrılmazdan əvvəl cütləşirlər də.
Daha 50-60 il sonra hamı bir-birinə hürür. Çöldə-bayırdı uşaq gözə dəymir. Orada-burada güclülər cumub gücsüzləri yeyir. Hər yan qara, qırmızı qan ləkələri, təzə-köhnə insan sümükləridir. Hardasa bir qadın ağacın başındadır, iki kişi ağacın altında savaşır. Başqa bir tərəfdə bir qrup qadın, bir kişini didib, parçalayıb yeyir və s…
Bu nəsil artıq rəqs edə bilmir. Onun heç xəbəri də yoxdur ki, bir vaxtlar hamı paltar geyinib, hərə öz yeməyini yeyib, insanlar yataqda, mübhəm yerlərdə sevişib, uşaqlar doğum evində dünyaya gəlib, təbii ehtiyacların ödənməsi üçün ayaqyolu deyilən guşələr varmış və bütün bunlar insanın həyat tərzi olub. O həyat tərzi ki, insanlar sevinəndə, xoşbəxt olanda yığışıb rəqs edirmişlər. Hələ rəqs etmək üçün ayrıca meydançalar, salonlar da varmış. Adamların rəqs eləməsi üçün “ansambl” deyilən qrup çox maraqlı, həvəsləndirici nələrsə ifa edirmiş. Adına da musiqi deyirlərmiş. Özü də dünyada uşaqdan böyüyə hamı rəqs edə bilirmiş. Və insanların bir-birini rəqsə dəvət etmək kimi gözəl ənənəsi varmış…
İlqar Rəsul
Sozcu .az