2 yaşlı qıza elçi gedən aparıcı – Arsızlığın son həddi!
Hansı telekanal olduğunun əhəmiyyəti var? Onsuz da hamısı eyni gündədir. Hamısının efirindən cəhalət, bayağılıq, əttökənlik fışqırır. Rəhmətlik nənəm bu cür vəziyyətlə qarşılaşanda həmişə belə deyirdi: “Allah hər iki cahanda üzünüzü qara eləsin!”
…Guya hansısa şou proqramıdır. Özəl telekanalın ağlı topuğunda olan xanım aparıcısı gənc müğənnini sorğu-sual edir. Onların arasında belə bir dialoq baş verir:
– Qızınız var? Həkim tap
– Bəli, var.
– Neçə yaşındadır?
– 2
– Ona elçi gəlsə, oğlandan nə tələb edərsən? Ev, maşın, yoxsa pul istəyərsən?
Araya sükut çökür. Gənc müğənni rəng alıb rəng verir. Onu soyuq tər basır. Bir neçə saniyə sonra dili topuq çala-çala belə deyir:
– Axı o, çox balacadır…
Ekran qarşısında yumağa dönürəm. Məni də soyuq tər basır. Axı o kütbeyin qız mənim “həmkar”ımdır…
Həmkar sözünü dırnaq işarəsində yazmağıma baxmayın. O qız özünü Etibar Cəbrayıloğludan, Əfqan Qafarlıdan, Sevinc Telmanqızıdan, məndən, Laura Cəbrayıllıdan, Zülfiyyə Mustafayevadan, Bahar Rüstəmlidən, Qurban Yaquboğludan yaxşı jurnalist sayır. Bəlkə də heç bizi tanımır…
Mənim 25 illik redaktor təcrübəm var. Uzaq keçmişi kənara qoyuram, təkcə son illər iş prosesində Əsmətxanım Rzazadə, Sayad Həsənli, Mehri Qurban, Nəzrin Vahid, Rəfi Müslümov, Aytac Şahin, Nazim Hacıyev, Nəsimi Ələsgərli kimi zəhmətkeş, istedadlı, perspektivli jurnalistlərlə qarşılaşmışam. Amma bu cür bacarıqlı gənclərlə yanaşı, məhdud dünyagörüşə malik olan, danışdığı kimi yazan müxbirlərlə də işləmişəm. Məsələn, beş-altı il əvvəl Xalq artisti Faiq Sücəddinovla müsahibəyə gedən müxbirimizin hazırladığı sualları nəzərdən keçirəndə, sözün həqiqi mənasında şoka düşmüşdüm. Üstündən xeyli müddət keçsə də, əməkdaşımızın müsahibə ünvanlamaq istədiyi sual indiyə kimi yadımdadır. Olduğu kimi yazıram: “Niyə indi Nəsibə Zeynalova kimi korifey xanəndələr yetişmir?”
Əvvəl sualı redaktə etdim, sonra isə Nəsibə xanımın çəkildiyi ən azı beş-altı populyar filmin syahısını tərtib edib həmin jurnalistə verdim. Təbii ki, öz tövsiyəmi də verdim: “Şənbə və bazar günü bu filmləri seyr edərsən”.
Görəsən, o verilişin redaktoru yoxdur? Görəsən, o telekanallarda böyük, başbilən yoxdur?
Sözsüz ki, başda oturan var. Amma başı yoxdur.
Seymur VERDİZADƏ