Qafqazda yeni savaş riski: İrəvan hücuma hazırlaşır
Fransanın Ermənistana belə təhlükəli silah göndərməsi Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edir.
YeniZamantv.az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransa ilə Ermənistan arasında SEZAR özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilənin imzalanmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Fransa bir tərəfdən vasitəçi olmağa çalışır, ATƏT-in Minsk Qrupunu diriltməyə cəhd edir, Qranada sammitində olmaq istəyir, digər tərəfdən Ermənistanı silahlandırır:
“Necə ola bilər ki, bir ölkə həm bir tərəfi silahlandırsın, həm də tərəflər arasında vasitəçi olmağa can atsın? Biz əlbəttə ki, buna etirazımızı bildirirdik. Cavab olaraq açıqlayırdılar ki, guya Ermənistana verilən silahlar müdafiə sistemləridir, burada hücumdan söhbət gedə bilməz. Ancaq müdafiə olunmaq üçün uzaqmənzilli artilleriya sistemlərinə, haubitsalara ehtiyac yoxdur. Görünən budur ki, əslində Ermənistan hücuma hazırlanır, öldürücü silahlarla təchiz olunur”.
Politoloq qeyd edib ki, Fransa dünyada hərb sənayesi inkişaf etmiş ölkələrdən biridir:
“Fransa aviasiya sahəsində dünyada ikinci, bəzi sahələrdə isə üçüncü ən böyük hərbi texnoloji gücdür. Bunları nəzərə alaraq, Ermənistanın bu cür silahlandırılmasını bölgənin qan gölünə çevrilməsi üçün hazırlanan zəmin olaraq dəyərləndirmək olar. İstənilən halda bu vəziyyət üçün mövqe ortaya qoyulmalı, həm hərbi müttəfiqlərlə birlikdə bu silahlara qarşı müdafiə sistemi hazırlamalı, həm də beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmalıyıq”.