Ərdoğanla Paşinyan arasında danışıqların açıqlanmayan tərəfləri – Nə baş verir?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. İyunun 18-də baş tutan danışıq zamanı tərəflər regionda baş verən hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Nə baş verir? Hazırda bu telefon danışığını vacib edən hansı regional və geopolitik amillər var? Bakı bu prosesin harasında yer alır?
Mövzu ilə bağlı danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində Türkiyə mühüm rol oynayır:
“İkinci Qarabağ müharibəsindən bəri Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırması həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi ilə bərabər inkişaf edir. Bu iki prosesi bir-birindən ayrı hesab etmək olmaz. Ankaranın mövqeyi belədir ki, İrəvan Bakının şərtlərini qəbul etməli və normal münasibətlər qurmalıdır. Əks halda Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Bu da ən çox Ermənistanın özünə ziyandır. Dolayısı ilə Ankara İrəvana həm iqtisadi baxımdan lazımdır, həm də onun üçün təhlükəsizlik çətiridir. Buna görə də Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.
Siyasi şərhçinin sözlərinə görə, Bakı-Ankara-İrəvan üçbucağında proseslərin cərəyan etməsi fonunda Ərdoğan və Paşinyan arasında telefon danışığının olması təəccüblü deyil:
“Telefon danışığı zamanı münasibətlərin normallaşdırılması, ehtimal olunan sülh sazişinin imzalanması istiqamətində müəyyən danışıqlar aparılıb. Hətta yaxın günlərdə Ərdoğanın Prezident İlham Əliyev və Putinlə də telefon danışığı ola bilər. Bu danışıqlarda Cənubi Qafqaz məsələsi mütləq müzakirə olunacaq. COP29-a qədər nəzəri baxımdan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması gözlənilir”. /globalinfo.az/