12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Zahid Oruc:”Erkən seçkiləri sülhməramlı qüvvələrlə bağlayanlar”…

 Zahid Oruc:”Erkən seçkiləri sülhməramlı qüvvələrlə bağlayanlar”…

1990-cı ilin parlament saçkiləri də daxil olmaqla, son 34 ildə bütün çağırış qanunvericilik hakimiyyəti, o cümlədən ali icra və yerli özünüidarə orqanları ölkəmizin 20 faizlik natamam ərazilərində formalaşıb və işğal faktı millətimizin siyasi hüquqlarını tam gerçəkləşdirməyə imkan verməyib. Xankəndi Zəfərindən sonra xalqımız Qələbənin əsas müəllifi İlham Əliyevə 44 günlük müharibədə göstərdiyi yüksək etimadı-əslində qeyri-rəsmi referendumu 7 fevral 2024-cü ildə rəsmiləşdirdi.

Xatırlayırsınız, o zaman erkən prezident seçkiləri əleyhinə çıxan azsaylı qrupların əsas arqumenti-“sülhməramlı qüvvələrin çıxmayacağına görədir” tezisi cəmi iki ay sonra-aprelin 17-də iflasa uğradı və ölkəmiz geosiyasi təhlükələri qabaqladı, Qarabağdan və etnik separatizmdən əli çıxan qüvvələrin 2025-ci ilə hazırladıqları təxribat planlarını pozdu.

Fərqlərinə baxmayaraq, Almaniyada 1990-cı ildə birləşmədən sonra bütün idarəçilik sistemi təzədən formalaşmışdı, ona görə 7 fevral 2024-cü ildə ali icra hakimiyyətindən sonra qalib dövlət başçısının tam siyasi, hüquqi və mənəvi haqqı vardı, seçkiləri təyin edərək bütün hakimiyyət orqanlarını yeniləsin. Hətta qlobal COP 29 tədbiri olmasaydı belə, son prezident seçkilərinin səhəri günü qalib liderin ölkənin idarəçilik sistemini Qələbəyə uyğunlaşdırmaya ixtiyarı vardı. Konstitusiyanın 98-ci maddəsinin 1-ci bəndi prezidentə belə bir səlahiyyəti verdiyi üçün hakim partiyanın müraciətini hər birimiz müdafiə edirik.

Son bir əsrdə ilk dəfədir ki, 2024-cü ildə 78 ölkədə 84 milli seçkilər keçiriləcək. Onların bir çoxu hazırki xaosdan özünü qorumağa hesablanıb. 90-cı illərin Azərbaycan parlamenti dövlət çevrilişlərinin əsas binası, siyasi minalı məkan idi. İndi Ukraynada seçkilərin taleyi nə vaxt qurtaracağı bilinməyən müharibədən asılı qalıb, xalqın səsini silah səsləri, bülletenləri çağırış vərəqələri əvəzləyib. Fransada hakim partiya avroseçkiləri uduzduğu üçün növbədənkənarlığa əl atıb. Britaniyada da oxşar vəziyyətdir. Lakin ölkəmizdə nəinki hər hansı siyasi fövqəladəlik və böhran yoxdur, əksinə əksər ictimai-siyasi qüvvələrin, ideologiyaları bir-birindən fərqli partiyaların yeni parlament seçkilərinin keçirilməsinə dair ortaq mövqeyi var.

6-cı çağırış Milli Məclisi üzərinə düşən dövləti və milli vəzifələri uğurla, ləyaqət və fədakarlıqla yerinə yetirdi. 8 noyabr Zəfərimizi əbədiləşdirən qərar layihələri, Vətən müharibəsinin qəhrəmanlarının yüksək orden və medallarla təltifinə dair prezident təşəbbüsləri, “Böyük qayıdış”a dair hüquqi aktlar məhz hazırki parlamentin aktivinə yazıldı. Pandemiya ilə eyni vaxtda fəaliyyətə başlayan və hazırda dünyada ölkəmiz əleyhinə siyasi epidemiyaya çevrilən qüvvələrə qarşı da məhz hazırki qanunvericilik hakimiyyəti siyasi sipərə çevrildi. Ona görə də yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə, xalqımızın yüksək gözləntilərini doğruldacaq, dövlət rəhbərinin inaqurasiya mərasimində bu salonda “bizə qarşı hücumlar güclənəcəkdir”, çağırışına cavab olacaqdır.

Biz elə etməliyik ki, dövlətimizin siyasi uğurları seçkilərdə layiqli təqdim olunsun, lakin müxtəlif mənafe qrupları, reputasiyası çirkli qüvvələr prezidentin yüksək adını və etimadını seçki platformasına çevirib məkrli niyyətləri üçün istismar etməsinlər. 92 faizlə birinciliyini dünyaya nümayiş etdirən liderin siyasi komanda üzvləri də nüfuzlu və xalq arasında qəbullanan olacağına inanırıq.

Ulu öndər Heydər Əliyev 1994-cü ildə məhz bu salonda “mövqeyinizi göstərin”, tarixi müraciətini etmişdi. Üstündən 30 il keçməsinə baxmayaraq, həmin çağırış aktualdır. Yüksək xarici təhsil, müasir kommunikasiya və Biq DATAlarla işləmək bacarığı ilə yanaşı, prezidentə yönələn xarici və daxili hücumlara sinə gərmək ən böyük Oksford siyasi etalonudur.

Tarixi təcrübə göstərir ki, silahlı savaşlarda qalib gələn millətin gözləntiləri maksimuma çatır. Proqramlarının əsas müddəaları 44 gündə tam yerinə yetirilən bütün partiyalar və namizədlər tarixdə ilk dəfədir, ermənilərin könüllü tərk etdiyi Qarabağda müharibəsiz, qaçqınsız dinc quruculuqda və seçkilərdə iştirak edəcəklər.

Yeni Parlament ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanırıq.

Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, “Qələbəni möhkəmləndir” və “ən böyük sərvət insandır”, devizidir. Qurulucaq yeni Parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq.

Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaqdır!

Paylaşın:

Digər yazılar