Qarabağı əsarətdən qurtarıb səadət diyarına çevirən siyasi lider
İlham Əliyev öz siyasi və strateji məharəti sayəsində 30 illik işğaldan sonra Qarabağ torpaqlarının azad edilməsini təmin edə bildi. O, uzunmüddətli perspektivləri qabaqcadan görür və başa düşürdü ki, torpaqların azad edilməsi yalnız hərbi əməliyyatla mümkündür. Ona görə də Azərbaycanın iqtisadi və hərbi qüdrətini gücləndirmək, onu beynəlxalq geosiyasi və geoiqtisadi maraqlar mərkəzinə gətirmək üçün mühüm addımlar atıldı. Bu addımların ən mühümü bütün maneələrə baxmayaraq, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə bağlanan “Əsrin Müqaviləsi” idi.
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, 30 illik torpaq işğalına son qoyan İlham Əliyev xilaskar lider kimi çıxış edir. Çoxlarının həll olunmaz hesab etdiyi Qarabağ münaqişəsi İlham Əliyevin rəhbərliyi ilə 44 gündə uğurla başa çatdı. İlham Əliyev böyük Qələbəmizin memarı kimi Ulu Öndər Heydər Əliyevin irsini davam etdirir, onun yarımçıq qalmış arzularını gerçəyə çevirir. Bu qələbə müstəqil, qətiyyətli və prinsipial siyasətin parlaq təcəssümü oldu. İlham Əliyevin siyasi iradəsi, diqqətlə düşünülmüş siyasi strategiyası və liderlik keyfiyyətləri sayəsində bütün Azərbaycanda suveren hüquqlarımız bərpa olundu. Ölkəmiz qalib dövlətə çevrildi və beynəlxalq aləmdə özünü təsdiq etdi. Bu şanlı qələbə İlham Əliyevin adını hər bir azərbaycanlının qəlbində əbədiləşdirdi və onun bir lider kimi əvəzolunmazlığını təsdiq etdi. Son 200 illik tariximizdə Azərbaycan ən möhtəşəm qələbəsini əldə etdi.
Mən bir azərbaycanlı, bir qarabağlı, Füzuli rayonunun sakini kimi Qarabağ torpaqlarının işğaldan azad edilməsində ruhlandırıcı rəhbərliyinə və əzmkarlıqla göstərdiyi səylərə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. İşğaldan azad edilmiş ərazilər və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində onun qətiyyətli rəhbərliyi ən yüksək qiymətə layiqdir. Bu tarixi qələbənin əldə edilməsində onun qətiyyəti və müdrikliyi, bütün Azərbaycan xalqına ümid və sevinc bəxş etdi. Prezident İlham Əliyevin simasında azərbaycan xalqı öz milli birliyini təmin etdi.
Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə mühüm yer tutmasına töhfə verdi. Onun xarici siyasətdə fəaliyyəti və Azərbaycanın maraqlarını dünya miqyasında təmsil etmək bacarığı dərin hörmətə layiqdir. Bölgəmizdə dostluq və qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə kömək edən Türk Dövlətləri Təşkilatının formalaşmasında və möhkəmlənməsində onun rolu çox böyükdür.
Şuşa şəhərində iki qardaş ölkənin liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Xüsusi əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, bu bəyannamənin imzalanması Azərbaycan xalqının 15 iyun Müstəqillik Gününə, Qarabağ və Zəngəzur üçün xüsusi əhəmiyyət kəsb edən Qars müqaviləsinin 100 illiyinə təsadüf edir. Bu tarixi hadisələrin təkrarıdır. İndi böyük dövlətlər arasında region uğrunda açıq mübarizə gedir. Lakin bu dəfə Azərbaycanın maraqları əsas yer tutur.
Mən bir azərbaycanlı olaraq regionun davamlı inkişafının əsasını təşkil edən Cənubi Qafqazın təhlükəsizliyinin və inkişafının möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirirəm. Onun strateji baxışları təkcə Qarabağ torpaqlarının işğaldan azad edilməsinə deyil həm də Azərbaycanın dünya iqtisadiyyatının və logistikasının mühüm mərkəzinə çevrilməsinə öz töhfəsini verib və verməkdədir.
Azərbaycanın iqtisadi inkişafında, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, Cənubi Qafqazın təhlükəsizliyinin və inkişafının təmin edilməsində Prezident İlham Əliyevin göstərdiyi müstəsna fəaliyyət onun regional və qlobal səviyyədə siyasi bir lider olduğunu göstərir. Onun səyləri və strateji baxışları ölkəmizin və bütövlükdə regionun davamlı inkişafına töhfə verir.
Torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağda genişmiqyaslı bərpa işləri aparılmışdır. Müharibədən əvvəl və sonra təsəvvür etmək mümkün deyildi ki, qısa bir müddət ərzində bu ərazilər bütün dünya qarşısında dövlətimizin qələbəsini və qüdrətini simvolizə edən çiçəklənən tikinti meydançalarına çevrilsin. İşğaldan azad edilmiş torpaqların bərpası infrastrukturun yaradılmasından, mövcud avtomobil yollarının yenidən qurulmasından və yeni yolların çəkilməsindən başlanmışdır. Çünki yollar inkişafın əsasıdır və hər bir şəhərin, rayonun, kəndin, qəsəbənin sosial-iqtisadi tərəqqisi üçün zəruridir.
İndi Qarabağın hər guşəsi nəhəng tikinti meydanına çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ərazidə şəhər, qəsəbə və kəndlərin inkişafının baş planı təsdiq edilib və hazırda intensiv quruculuq işləri aparılır. Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun dövlət idarəçiliyinə qaytarıldığını bəyan edib və onun şəxsi rəhbərliyi ilə son bir neçə ildə bu ərazilərdə tarixi əhəmiyyətli işlər görülüb. “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda və “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Dövlət Proqramı”nda əksini tapmış “Azad edilmiş ərazilərə böyük qayıdış” milli prioriteti çərçivəsində ölkəmiz öz vəsaiti hesabına bu torpaqlarımızda mühüm tikinti layihələri həyata keçirməklə bu proqramı uğurla həyata keçirir. Son dövrdə dövlət büdcəmizin prioritet istiqamətlərindən biri də ümummilli məqsəd olan Böyük Qayıdışa nail olmaq olub. Genişmiqyaslı quruculuq işləri və 10 min kvadrat kilometr ərazinin minalardan təmizlənməsi sayəsində sakinlərimizin müəyyən bir hissəsi qayıdıb, sülh və firavanlıq içində yeni həyata başlayıblar.
Qələbəmizin zirvəsi olan Füzulidən Şuşaya qədər “Qələbə yolu” çəkildi. Füzulidə Qarabağın hava qapısı hesab etdiyimiz beynəlxalq hava limanı açıldı. Bu hava limanının tikintisi Azərbaycan üçün yeni nailiyyət idi. Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli şəhərində hava limanının açılışını edib Zəngəzur dəhlizinin təməlini qoyublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri, açılış və təməlqoyma mərasimində iştirakı, bu hadisənin tarixi əhəmiyyətini vurğuladı. Bu ərazilərdə dəmir yollarının, avtomobil yollarının, tunellərin, eləcə də beynəlxalq hava limanlarının və ağıllı şəhərlərin tikintisi də daxil olmaqla böyük infrastruktur layihələri həyata keçirilir.
İşğal zamanı ciddi ziyan dəymiş Füzuli şəhəri bu gün əsaslı dəyişikliklərə məruz qalmış, müasir standartlara cavab verən mühüm tikinti meydançasına çevrilmişdir. Füzulinin işğaldan azad edilmiş digər əraziləri ilə birlikdə yeni siması onun daimi sakinlərinə çevrilmiş insanları sevindirir. Dövlətin diqqət və qayğısı sayəsində füzulililər yenidən xoşbəxt və rahat həyat yaşayırlar.
Prezident İlham Əliyevin Füzuliyə səfəri sakinlərin bayramına çevrilmişdir. O, rayon sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə, onların doğma torpaqlarında qalıb gələcək həyatlarını qurmaqlarının vacibliyini vurğulayıb. Səfər zamanı əsas obyektlərin, o cümlədən, yeni kəndlərin, uşaq bağçalarının, idman komplekslərinin, yaşayış massivlərinin və inzibati mərkəzlərin təməli qoyulub. Prezident İlham Əliyev 2026-cı ilə qədər Füzulinin 22 min nəfərə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda əhalinin sayının 140 min nəfərə çatdırılması planlarını açıqlayıb. Dövlət başçısı ictimaiyyət nümayəndələri ilə də mühüm məsələləri müzakirə edib, gənclərin doğma torpaqlara bağlılığını vurğulayıb və Azərbaycan xalqının heç bir tarixi sınaqlara baxmayaraq Vətənini heç vaxt unutmayacağını göstərib.
Füzuli şəhərində bütün zəruri tələblər nəzərə alınmaqla infrastruktur və sakinlərin rahat yaşaması üçün yaradılmış şərait beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Binaların daxili quruluşu, mənzillərin planlaşdırılması, mərtəbələrin sayı, binalar arasındakı məsafə – hər şey diqqətlə düşünülmüşdür.
Füzuli rayonu əsasən kənd təsərrüfatı, xüsusilə taxılçılıqla məşğuldur. Rayonda tikinti materialları istehsalı üçün də xammal bazası var. Genişmiqyaslı quruculuq işləri gedir, yeni məktəblər, xəstəxanalar, binalar ucaldılır, iqtisadi imkanlar genişlənir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanın büdcəsi hesabına Füzuli şəhərində 960 şagird yerlik məktəb binası tikilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Xocavənd və Füzuli rayonlarında həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Onlar Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində də iştirak ediblər. Səfər çərçivəsində dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin, o cümlədən “Füzuli” rəqəmsal yarımstansiyasının və “Azərişıq” ASC-nin idarəetmə mərkəzinin açılışını edib. Dədəli kəndinin əsasını qoyub.
İranla sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi mövqeyə malikdir və Azərbaycanın xarici iqtisadi əlaqələrinə də öz töhfəsini verəcək. Bu çərçivədə Füzuli şəhərinin Baş Planı təsdiq edilib və şəhərin inkişafı ilə bağlı konseptual yanaşmalar müəyyən edilib.
Mən əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi və müdrikliyi bundan sonra da ölkəmizin çiçəklənməsinə və firavanlığına öz töhfəsini verəcəkdir.
Qarabağ üzrə bölgə rəhbəri
Elsevər Məmmədov