25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətində yeni bir baxış formalaşıdı

 Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətində yeni bir baxış formalaşıdı

İstər Birinci Qarabağ müharibəsi, istərsə də Türkiyədə baş verən zəlzələ göstərdi ki, Azərbaycan cəmiyyətində humanitar aksiyalar çox yüksək səviyyədə baş tutur. Bu da Azərbaycan xalqının vətənpərvər və insanpərvər olmağından qaynaqlanır. Eyni zamanda, ölkəmizdə xeyriyyəçiliyin çox böyük tarixi əsasları və müasir ənənəsi var. Vaxtilə Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev və digərləri tərəfindən Azərbaycanda məktəb tikintisinə, əhaliyə yardım üçün böyük vəsaitlər ayrılırdı. Eyni zamanda hazırda Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələr üzrə xeyriyyəçilik fəaliyyəti göstərilir. Bütün bunlar, əlbəttə ki, təqdirəlayiqdir. Eyni zamanda diqqət etsək, görərik ki, sosial şəbəkələrdə ayrı-ayrı vətəndaşların problemləri ictimailəşdirilir, müəyyən kampaniyalar keçirilir, insanlar da bu və ya digər şəkildə problemə biganə qalmır, vəsait toplayır, yardımlar edir. Bəs, bu yardımlar ünvanına çatırmı? Mövzu ilə bağlı AzNews.az əməkdaşı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli ilə söhbətləşib.

YeniZamantv.az AzNews.az-a istinadən müsahibəni təqdim edir.

 

– Cənab İbrahimli, baxmayaraq ki, Azərbaycan cəmiyyətində çox ciddi xeyriyyəçilik potensialı var, ancaq QHT-lər “fundraising” layihələri həyata keçirə, ictimai vəsait toplaya bilmir, bununla da öz maliyyələşməsini təmin edə bilmir. Hansı ki, QHT-lərin maliyyə mənbəyi ianələr olmalıdır. Sizcə, bu nə ilə bağlıdır?

– Mən deməzdim ki, bizim cəmiyyətdə QHT-lərə böyük inamsızlıq var. Bəzən neqativ nümunələr olur. Yalnız epizodik hallardakı neqativ nümunələrə istinad etmək olmaz. Son illər, xüsusən Vətən müharibəsindən sonra vətəndaş cəmiyyəti göstərdi ki,Azərbaycan milli maraqlarının keşiyində səy və əzmlə dura bilir. İkinci məsələ isə ondan ibarətdir ki, QHT-lər əhalinin həssas sosial təbəqələrinin müdafiəsi, onların problemlərinin dövlət orqanları qarşısında qaldırılması üçün özəl sektor daxil olmaqla cəmiyyətin digər qüvvələrini səfərbər edilib, problemlərin həllində kifayət qədər böyük rol oynayıb.

Açıq qeyd etmək lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətində yeni bir baxış formalaşıb. Bu baxış pozitiv baxışdır. Eyni zamanda biz Xankəndi-Laçın yolunda eko-fəalların keçirdikləri aksiyaları da qeyd edə bilərik. Bu aksiya da vətəndaş cəmiyyətində formalaşmış etimadı daha da artırdı.

Niyə QHT-lər maliyyə bölgüsünü həyata keçirə, ianələr toplaya bilmirlər? Bunu təhlil etmək üçün ilk növbədə QHT lər üçün əlverişli, hüquqi mühitin yaradılması məsləsini gündəmə gətirməliyik . Hazırda həyata keçirilən indiki hüquqi prosedurlar QHT-lərə ianələrin toplanmasını çətinləşdirir.
Biz bilirik ki , bir çox hallarda ianə verənlər anonim qalmaq istəyir. İstımirlər ki, onlar haqqında hər hansı bir məlumat dövlət reyestrində toplansın. Bu da çox ciddi problem yaradır, bununla da potensial ianəçilər QHT-lərə pul verməkdən çəkinir. Bu, birinci amildir. İkinci amil isə dünyada çox geniş yayılıb . QHT-lər müxtəlif saytlar yaradır, müxtəlif kampaniyalar keçirirlər. Sosial problemlər gündəliyə çıxarılır. Beləliklə, vətəndaşların səsverməsi ilə elə vətəndaşlardan toplanılan pullarla həmin problemlər həll olunur. Hüquqi çətinlikər baxımından bu cür platformalar bizdə geniş yayılmayıb .

 

– SSR-nin dağılması ərəfəsində Qarabağ münaqişəsinin meydana çıxması ərəfəsində Azərbaycanda müxtəlif xeyriyyə cəmiyyətləri formalaşmışdı. Sonradan isə bu cəmiyyətlər siyasiləşdi, hətta bəziləri xarici dövlətlərin təsiri altına düşdü. Azərbaycanda xeyriyyə cəmiyyətlərinə qarşı inamsızlığın yaranmasında səbəb bu ola bilərmi?

– Bəli, bu səbəblərdən biridir.Həmin xeyriyyə təşkilatları sonradan ictimai inamı itirdi ona görə ki, toplanmış vəsaitlər təyinatı üzrə xərclənmədi, hesabatlılıq aşağı səviyyədə oldu. Ümumiyyətlə, illər əvvəl müxtəlif tele-şoular vasitəsilə xeyriyyə marafonlarının keçirilməsi və sonradan həmin xeyriyyə marafonlarının təşkilatçılarının hətta cinayət məsuliyyətinə cəlb olunması, onları müxtəlif fırıldaqçılıqda təqsirləndirilməsi cəmiyyətdə bu cür aksiyalara ciddi inamsızlıq yaradıb. Bizim cəmiyyətdə ayı-ayrı şəxslər arasında qeyri-formal xeyriyyə fəaliyyətləri təşkil edilir. Yəni, indi də qeyri-formal xeyriyyə təşkilatları, xeyriyyə qrupları mövcuddur. Bunu həm 44 günlük vətən müharibəsində, həmçinin Covid-19 pandemiyası zamanı görmüş olduq. Yəni, insanlar öz dairələrində inandığı şəxslərə etibar edirlər. Biz ölkə səviyyəsində, milli səviyyədə bu xeyriyyəçilik inamını bərpa edə bilsək , sözsüz ki, bu da öz müsbət nəticəsini verəcəkdir.

 

– Son vaxtlar DİN-in məlumatlarından da görürük ki, ayrı-ayrı şəxslər dələduzluq məqsədi ilə xeyriyyəçilik adı altında faktiki cinayətlər törədirlər. Bu kimi hallara münasibətiniz necədir?

– Bu cür hallar təəssüf ki, artmaqda davam edir. Bugünki kommunikasiya texnologiyalarının inkişafı və maliyyə alətlərinin genişliyi son 3-4 ildə imkan verib ki, onlayn ödənişlər vasitəsilə vəsait toplamaq mümkün olsun. Burda hər hansı bir dövlət qurumunun texniki yardımına ehtiyac yoxdur. İnsanlar sosial şəbəkələrdə müxtəlif alətlərlə pul toplayırlar. Bu zaman dələduzluq əməllərinin şahidi oluruq. Covid-19 pandemiyası buna çox geniş meydan verdi. Həmin dövrdə geniş xeyriyyəçilik hərəkatı başladı. Dələduzlar bu prosesin aktiv iştirakçısı oldular. İlk vaxtlar onlara lazımi diqqət olmadı. Onlar cəzalandırılmadılar, ifşa olunmadılar. Artıq fırıldaqçılıq halları intensivləşməyə başlayanda hüquq mühafizə orqanları məsələyə qoşuldu. Onların cəzalandırılmasının şahidi olduq.

 

– Bəs, hüquq mühafizə orqanları nə zaman prosesə qoşula bilir?

– O zaman ki şikayət olunur. İlk vaxtlar ayrı-ayrı insanların itkiləri kiçik məbləğlər idi deyə heç kim şikayət etmirdi. Lakin sonradan hüquq-mühafizə orqanları müşahidə etdilər ki, kiçik məbləğ itirən insanların sayı artmağa başlayıb. Maddi ziyanı yerinə gətirmək olar, ancaq xeyriyyəçilik institutuna dəyən zərbəni kompensasiya etmək üçün illər lazım olacaq. Bu mənəvi bir yara olaraq qalacaq. Həm KİV, həm də QHT nümayəndələri olaraq çəkinmədən bu dələduzları ifşa etməliyik. Bəzən onların “nüfuzu” qarşısında insanlar susur. Onlar sosial şəbəkələrdə öz populyarlığından istifadə edərək insanları şantaj edirlər. Lakin mən düşünürəm ki, bundan qorxmaq lazım deyil. Onların üzərinə getmək lazımdır. Bu mövzuda dövlət qurumları da öz məsuliyyətlərini dərk etməlidirlər. Hüquq mühafizə orqanları daha təsirli cinayət təqibi tədbirləri həyata keçirməlidirlər. Burada əsas yük ictimai rəy liderlərinə düşür. Onlar rastlaşdıqları neqativ halları ictimailəşdirməlidirlər. Hesab edirəm ki, bunlara qarşı ciddi tədbirlər görməsək, qurbanların sayı artacaq.

 

– Bəs necə edək ki, Azərbaycanda da müasir Qərb, Avropa cəmiyyətlərində olduğu kimi şəffaf xeyriyyəçilik münasibətləri formalaşsın?

– İlk növbədə ianə toplanması ilə bağlı həm fiziki, həm hüquqi şəxslər tərəfindən təcrübə öyrənilməli və Azərbaycanda tətbiq olunmalıdır. Xeyriyyəçilik aksiyaları, onların prosedurları, hesabatlılıq məsələlərinə yenidən baxılmalıdır. Xeyriyyəçiliyi təbliğ etməliyik. Covid-19 pandemiyası, 44 günlük vətən müharibəsi göstərdi ki, bizim insanlar real ehtiyacları görəndə kömək edirlər. Fırıldaqçılıq həmişə olacaq. Bu istisna deyil. İstənilən cəmiyyətdə kifayət qədər fırıldaqçılıq halları var. Lakin bu hallar bizim xeyriyyəçilik institutlarını gözdən salmamalıdır. Fırıldaq halları var deyə xeyriyyəçilik institutlarının təbliğindən çəkinməli deyilik.

– İcmaların daxilində xeyriyyəçilik təşəbbüslərinə nə qədər rast gəlinir? Elə kəndlər var ki, məsələn, suyu yoxdur, ara yollarında müəyyən problemlər var. Amma kəndin camaatı bir yerə yığışıb, öz problemlərini həll etmək istəmirlər. Bundan ötrü ayrı-ayrı yerlərə müraciət edirlər. Halbuki onlar xırda problemlərdir, icma öz bələdiyyəsi ilə əməkdaşlıq edərək, bu məsələləri yoluna qoya bilər.

– Bu çox böyük problemdir. Çox təəssüf ki, icma daxilində kooperativ təşəbbüslər çox azdır. Ola bilsin ki, bunun da təbliğinə, faydasını qeyd etməyə ehtiyac var. Bunun üçün düşünürəm ki, QHT-lər və dövlət müəyyən qədər öz üzərinə məsuliyyət götürməlidir. Bir neçə il əvvəl Azərbaycanın qərb zonalarında bu cür layihələr həyata keçirilirdi. Layihələrin maliyyəsinin bir qismi icma özü toplayırdı. Bu xeyli dərəcədə effekt verdi. Mən özüm də bu nümunələrin şahidi olmuşam. İndi o proses dayanıb. Düşünürəm ki, bu icma quruculuğu mövzusunda həm dövlət orqanları, həm QHT-lər, həm də yerli bələdiyyələr geniş maarifləndirmə aparmalıdır. Maarifləndirmə aparsalar, inanıram ki, icma səfərbərliyi, icmadaxili xeyriyyəçilik güclənəcək.

 

– Müxtəlif xeyriyyə komandalarının altından xarici qüvvələr çıxır. Əgər Azərbaycanda bu sistem genişlənərsə, nə təminat var ki, xarici qüvvələr vəziyyətdən istifadə edib, öz şəbəkələrini yaratmayacaqlar?

– Bu risk var. Bunu biz İran təcrübəsində görmüşük. Eyni zamanda biz bunu müxtəlif dini məzhəblərin “xeyriyyə” şəbəkələri quraraq insanları cəlb etdiyini bilirik. Azərbaycan ictimaiyyətində, hüquq mühafizə orqanlarında bu cür “dosye”lər var. Hüquq müstəvisindən kənara çıxan, insanları xarici şəbəkələrin təsiri altına salmaq məqsədilə xeyriyyə aksiyaları həyata keçirənlər üçün meydan daraldılmalıdır. Onlar üçün müvafiq qadağalar nəzərdə tutulmalı, cəzalar sərtləşdirilməlidir. Eyni zamanda düşünürəm ki, burada dövlətin xüsusi xidmət orqanları da öz sözünü deməlidir. Xeyriyyəçilik çətiri altında gizlənənlərin milli maraqlara vurduğu zərbə, hansı məqsədlərə xidmət etdikləri ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.

Aynur HÖKMÜRƏVAN,

AzNews.az

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsi üzrə hazırlanıb.

Paylaşın:

Digər yazılar