“AZAL tələbələrə güzəşt etməlidir” – Fazil Mustafa
“Xeyli tələbə təyyarə biletlərinin baha olması səbəbindən Azərbaycana, ailələrinin yanına gələ bilmir. Quru sərhədlərimiz isə koronavirus pandemiyası başlayandan sonra bağlanıb və hələ də açılmır. Dəfələrlə bu məsələni parlamentdə də qaldırmışam ki, tələbələrin bilet məsələsi həllini tapmalıdır. Xaricdə oxuyan tələbələr üçün bilet qiymətlərində müəyyən güzəştlər olmalıdır. Bu gün valideyn və tələbələrin çıxılmaz vəziyyətdə qalması isə heç kəsi narahat etmir. Dövlət qurumları da problemdən xəbərdardır. Amma vətəndaşlıq missiyası nümayiş etdirib çıxış yolu göstərən yoxdur”.
YeniZamantv.az xəbər verir ki, Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, AZAL ümumilikdə qiymətləri endirə bilmirsə, heç olmasa, tələbələrə güzəştlər etməlidir:
”Hesab edirəm ki, artıq bu məsələ ilə bağlı ciddi addımlar atılmasının zamanı çatıb. Əgər hökumət bu barədə qərar qəbul edərsə, AZAL məcbur olub onu icra edəcək”.
Millət vəkili bildirib ki, Türkiyədə təhsil alan tələbələrin Azərbaycana gəlib-getməsi üçün quru sərhədlərdən istifadə olunmasını təmin etmək lazımdır:
“Xüsusən də hazırki məqamda bu, vacibdir. Ffevralın 11-dən Türkiyədə universitetlər distant təhsilə keçib. Tələbələr orada qalıb artıq xərc çəkməmək üçn Azərbaycana qayıtmalıdırlar. Ona görə də quru sərhədləri tələbələr üçün açıq elan etmək lazımdır. Sənədini göstərirsə, qoy quru sərhədlərdən ucuz qiymətə gəlib gedə bilsin. Bu problem həllini tapmalıdır. Biz əgər təhsilin inkişafını düşünürüksə, tələbələrin vəziyyəti barədə də düşünməliyik. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq”.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən,Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfərdir. Zəlzələ baş verən bölgədə – Qahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldağda 1, Qazientepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə 136 azərbaycanlı tələbə təhsil alır.
Sevinc
BakuPost