Fransa və Ermənistana vaxt verildi: “İndi edin, yoxsa…” – Sərt xəbərdarlıq
Ermənistan Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya deyib ki, KTMT-nin Minskdə keçiriləcək sammitində iştirak edə bilməyəcək. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Paşinyanın bu cür qərarından təəssüflənir, çünki belə görüşlər saatları qurmaq və fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Onun sözlərinə görə, KTMT aktual olaraq qalır və alyans çərçivəsində təşkil olunan görüşlər bu qarşılıqlı fəaliyyət formatının aktuallığına dəlalət edir. Bu, Ermənistan üçün xoşagəlməz hadisələrin hazırlanacağı ilə bağlı üstüörtülü xəbərdarlıqdır.
YeniZamantv.az xəbər verir ki, bu barədə Rusiyanın Pravda.ru saytı yazır.
Saytın fikrincə, Paşinyan uzun müddətdir KTMT-yə etimadsızlıq edir. Mənbə Ermənistan rəsmilərinin KTMT və Rusiya əleyhinə bəyanatlarına, Ermənistanda Moskva əleyhinə aparılan kampaniyaya diqqət çəkib.
“Pravda” bildirir ki, Ermənistan gələcəyini NATO və Avropa Birliyində görür.
Mənbə iddia edir ki, Paşinyan qərarını verib, NATO-ya üzvlük yolunda keçid mərhələsini hazırlayır və bu yöndə ilkin addımlar artıq atılmaq üzrədir:
“Ehtimal etmək olar ki, bu qərar Kremlin kəskin reaksiyasına səbəb olmamaq üçün Qərb tərəfdaşları ilə razılaşdırılıb, 102-ci Rusiya bazasının Gümrüdən çıxarılması prosesi hazırlanacaq. Paşinyan hesab edir ki, Moskvadan heç bir reaksiya olmayacaq, çünki Rusiya müharibə və sanksiyalarla zəifləyib, Ermənistan isə KTMT-dən sakit və yumşaq addımlarla çıxacaq.
Təhlükə odur ki, millətçilər Rusiyanın Gümrüdəki bazasına hücum edərsə, Ermənistanda hərbi münaqişə yarana bilər. Analoji hadisə artıq 2008-ci ilin avqustunda Gürcüstanda baş vermişdi. Bu, anti-Rusiya layihəsi çərçivəsində kənardan yönəldilmişdi. Təsadüfi deyil ki, Ermənistan ordusu Fransadan silahlanmağa başlayıb. Söhbət Fransanın zenit sistemlərinin tədarükündən gedir. AB-nin baş diplomatı Jozef Borrell deyib ki, birlik Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım göstərmək imkanlarını öyrənir”.
“Pravda” xatırladır ki, Qərbdən oxşar bəyanatlar vaxtilə Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan məsələlərində də səslənib və yerlərdə durumun kəskin şəkildə gərginləşməsinə səbəb olub.
“Baş verənlər göstərir ki, Cənubi Qafqazda hələ də münaqişə bitməyib. Paşinyan Qərbin onu anti-Rusiya mövqeyindən qoruyacağına ümid edir. Amma Qərbin necə müdafiə etdiyini hamı bilir, bu, Ukraynanın timsalında aydın görünür. Eyni zamanda, Avropadan Ermənistana hərbi logistika dəniz yolu ilə həyata keçiriləcək, amma Gürcüstan dəhliz təmin etsə, bu, həm vaxtı, həm də xərcləri artıracaq. Gələn il regionda böyük hadisələrin olacağı gözlənilir. Əgər onlar Ermənistanı Rusiyadan qoparmağa çalışırlarsa, bu, Ukraynada münaqişə davam edəndə edilməlidir”, – sayt vurğulayır. (teleqraf.com)