Mənim onlayn dərsim
YeniZamantv.az hərbi jurnalist İbrahim Rüstəmlinin öz sosial şəbəkə hesabında paylaşdığı yazısını təqdim edir:
Mişel de Monten XVI əsr Fransa mədəniyyəti və fəlsəfi fikrinin məhək daşı, bel sütunu sayılır və Avropaya sərbəst düşüncə tərzini gətirən, Avropa insanına sərbəst düşünməyi öyrədən ilk fikir adamı kimi tanınır. O, Tuluza və Bordoda hüquqi və filoloji təhsil almışdı. Fransa məhkəməsində 21 yaşında vəzifə tutmaqla ali mənsəb sahibinə çevrilmiş, atası Pyer Eykendən bir qədər sonra isə Bordonun meri seçilmişdi.
Lakin həyatdakı bütün imtiyazlarından imtina edən Mişel 38 yaşının tamamında özünün kitablarla dolu köşəsinə çəkildi və üç cildlik məşhur “Esselər” əsərini yazdı. Tarixə həm də esse janrının yaradıcısı kimi düşdü…
Mişel de Monten atdığı cəsarətli addıma aydınlıq gətirməyi də unutmadı: “Qanuna əsaslanan adətlərə görə məhkəmədə vəzifələrin satıldığı, məhkəmə qərarlarının pul kisəsi ilə alındığı bir mühitdə yaşayan xalqı görməkdən daha əcaib heç nə ola bilməz!..”
Onun əsərləri insana və insanlığa xidmət edən böyük mədəniyyət hadisəsi, fəlsəfi xəzinədi. Lakin həyatının sonuna kimi təvazökarlığını qorumağı bacaran Mişel hamının başa düşə bildiyi sadə bir dildə öz uğurlarını belə dəyərləndirdi: “Mən kitablarımı yaratmamışdan öncə, kitablarım məni yaratdılar!..”
Qəti qənaətimdi, bu gün gözlərimizin önündə bədii irsimizin incisi – zərif nümayəndəsi, xan qızı xanım Xurşidbanu Natəvana “əl qaldıran” vəhşi Fransanı ona görə görürük ki, nə əksər ölkə camiəsi, nə də Emmanuel Makron Mişel de Monteni tanımır. Tanısaydı, öz evinin və ailəsinin ən kiçiyi olmazdı…
Jurnalist İbrahim Rüstəmli