Qərbdə Azərbaycana yeni təzyiq planları hazırlanır…
Arzuman Abdulkərimov: “Azərbaycan əhalisində ruh düşkünlüyü yaratmaq istəyən xarici xüsusi xidmət orqanlarının planlarını puça çıxarmaq üçün bütün lazımi tədbirlər görülməlidir və görülür”
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının çox əhəmiyyətli bir hissəsi ideoloji risqlər, xarici təhdidlər və təhlükəsizlik məsələləri ilə bağlı idi. Bütün mümkün olan potensial risqlərin ölkəmizin hüdudlarından kənarda yerləşdiyini və formalaşdığını bildirən İ.Əliyev fiziki və ideoloji risqlərdən qorunmağın vacibliyini önə çəkərək, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini əsas prioritet məsələ kimi müəyyənləşdirmiş oldu:
“Bütün mümkün olan potensial risqlər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.
Azərbaycana xaricdən hansı ideoloji təhlükələr var?
YeniZamantv.az xəbər verir ki, bu barədə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir: “Çünki biz təcrid olunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risqlər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risqlərdən qorumaqdır və biz buna nail oluruq. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risqlər, təhlükələr demək olar ki, yoxdur. Xarici risqlərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risqlərdən, həm mümkün olan ideoloji risqlərdən qoruyuruq. Həqiqətən də ölkəmizə qarşı müxtəlif xarici və ideoloji risqlər var. Ölkəyə həm irimiqyaslı müharibə formasında təzyiq elementləri var, şantaj xarakterli təhdidlər mövcuddur, həm də başqa dövlətə yardım göstərərək onun əli ilə Azərbaycana təzyiq göstərmək təhdidləri var. Bütün bunların hamısı Azərbaycan üçün xaricdən olan real fiziki risqlərdir. Özü də bu təhlükələr hər gün bir az da artır və daha açıq formada təzahür etməyə başlayır. Bu nöqteyi-nəzərdən Azərbaycanın təhlükəsizlik sisteminin hər gün bir az da işini təkmilləşdirməsi işin xeyrinə olar. Azərbaycan bu faktorları önləməyi bacarır və özü üçün möhkəm siyasi immunitet formalaşdırmağa nail olub. Biz ayıq-sayıq olmalıyıq. Müxtəlif təxribatlar törətməklə Azərbaycan əhalisində ruh düşkünlüyü yaratmaq istəyən xarici xüsusi xidmət orqanlarının planlarını puça çıxarmaq üçün bütün lazımi tədbirlər görülməlidir və görülür. Prezident çıxışında xaricdən gələn ideoloji risqlərdən qorunmağın ən cacib yolunu da izah etdi və dedi ki, bunun üçün ilk növbədə gənclərimizi milli və vətənpərvər ruhda tərbiyə etməliyik. Ölkəmiz indiki dövrdə əvvəlkindən qat-qat güclü bir dövlətə çevrilib. Özünün ərazi bütövlüyünü öz gücünə bərpa edib. Bax bu səbəblərdən ölkəmizə ideoloji basqıların artacağı gözlənilir. Bu həm dini radikalizm, həm Qərbdən gələn və milli mənəviyyatımızla uzlaşmayan təmayüllər formasında özünü göstərə bilər. Hesab edirəm ki, ideoloji sahədə çalışan bütün qurumlar Prezidentin bu çıxışından nəticə çıxarmalıdır. Öz işlərini daha yüksək səviyyədə qurmalıdılar ki, Azərbaycan vətəndaşına xarici təsirlərin miqyası azalsın. Yaxud da onlara layiqli cavab verilsin”.