Bakıda harada pulsuz “Wi-Fi” işləyir? – RƏSMİ
Artıq neçə ildir ki, Dənizkənarı Milli Parkda (bulvarda) və ona yaxın ərazilərdə pulsuz internet quraşdırılıb.
Lakin bir çox vətəndaşlar xidmətin keyfiyyətindən şikayət edirlər. Ya internet işləmir, ya da sürət həddin artıq aşağıdır.
Maraqlıdır, ödənişsiz internetin keyfiyyəti necədir və hansı ərazilərdə quraşdırılıb?
YeniZamantv.az xəbər verir ki, “Baktelecom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirib ki, “İctimai Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir:
“Bakı Telefon Rabitəsi” MMC tərəfindən hazırda Dənizkənarı Milli Park (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri), Dövlət Bayrağı Meydanı (Su İdmanı Sarayına qədər) və Heydər Əliyev Mərkəzinin parkında “İctimai Wi-Fi” xidməti göstərilir və müştəri təcrübələrinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Xidmətdən istifadə etmək üçün şəbəkəyə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat mobil nömrə ilə mümkündür. 1 cihaz vasitəsilə yalnız 1 istifadəçi ödənişsiz internet xidmətindən yararlana bilər. “İctimai Wi-Fi” layihəsi çərçivəsində vətəndaşlara təqdim oluna biləcək maksimal sürət 5 Mbit/s-dir”.